İldırım Bəyazid (Sultan l Bəyazid) dövrünün ən böyük alimlərindən dərs almışdı. Ancaq onun əsl istedadı hərbi sərkərdəlikdə üzə çıxmışdı.
İldırım (Qaraman oğulları ilə döyüşdə həyata keçirdiyi manevr və hücumlara görə ona bu ləqəb verilib) və Cəlaləddin ləqəbləri ona məhz döyüşlərdəki qəhrəmanlığına görə verilib.
Ağbənizli, alagözlü, girdəsifət, çatmaqaşlı və topasaqqallı Bəyazidin birinci arvadı Dövlət xatın, ikinci arvadi Serb kralı Lazarın qızı Şahzadə Olivera, üçüncü arvadı isə Bulqar şahzadəsi Konstantinin qızı idi.
O, arvadları içərisində ən çox İslam dinini qəbul etməyən Oliveranı sevir, onu getdiyi yerlərə özü ilə aparırdı. Olivera sultani içkiyə öyrətmiş, sərxoşluq bəlasına düçar etmişdi. Çox sonralar o, müdriklərin məsləhəti və təzyiqi ilə içkini tərgitmişdi.
Bəyazidin yanından qaçaraq, Teymura sığınan Türkmən bəyləri İldırımı pisləyərək, onların arasına nifaq salıb, bunu münaqişə halına çatdırdılar. İldırımla Teymur arasında baş verən yazışmalar münaqişəni daha da kəskinləşdirdi. Müharibə qaçılmaz idi.1402-ci ilin iyulun 28-də iki türk ordusu üz-üzə gəldi. Döyüş başlandı. Səhərdən axşamacan davam edən bu döyüşdə Teymur qalib gəldi. İldırımın məğlub olmasının əsas səbəblərindən biri Teymurun zirehli döyüş fillərindən istifadə etməsi oldu. İldırım Bəyazid döyüşə-döyüşə geri çəkilərkən atının ayağı sürüşdü və yıxıldı. 300 əsgəri ilə birlikdə İldırım Bəyazid əsir alındı.
İldırımı Teymurun çadırına gətirəndə o, oğlu Şahruxla şahmat oynayırdı.Teymur ayağaya qalxaraq, onu hörmətlə qarşıladı, az qala qələbə çaldığına görə üzr istəmək dərəcəsinə gəldi. Teymur İldırıma hörmətlə yanaşsa da, bir an belə onu gözdən qoymurdu. Əsirlikdən qaçan üçüncü oğlu İldırımı qaçırtmağa çalışsa da bir şey çıxmadı. Əsir düşəndən bir il sonra Bəyazid 1403-cü ilin martın 8-də dünyasını dəyişdi. Tarixdə onun özünü zəhərləyərək öldürməsi və yaxud beyin qanaxmasından ölməsi kimi iki ehtimal vardır.
Müəllif: Qərbi Kaspi Univertetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmacısı Murad Əliyev