Müşavirə enerji sistemində yaranmış vəziyyətlə bağlı real mənzərəni ortaya qoydu və hətta bu sahə haqqında yetərincə bilgisi olmayan insanlara da baş verən hadisənin mahiyyətinin ən incə detallarına kimi çatdırılmasına zəmin yaratdı.
Bu sözləri analitik Elçin Mirzəbəyli ötən gün Prezident İlham Əliyevin qəza ilə bağlı keçirdiyi müşavirəni şərh edərkən deyib. O bildirib ki, müşavirədə nəzərə çarpan ən önəmli cəhətlərdən biri baş verən qəzanın və bu qəzadan qaynaqlanan, eləcə də bu qəza nəticəsində ortaya çıxan bir sıra digər problemlərin ciddi şəkildə araşdırılması, təhlil olunması, çıxış yollarının tapılması və bütün bunların şəffaf bir şəkildə ictimaiyyətin diqqətinə çatdırılmasıdır:
“Qeyd olunduğu kimi, artıq qəza ilə bağlı komissiya yaradılıb. Müşavirədə komissiya üzvlərinin qısa müddət ərzində baş verən hadisə ilə bağlı ciddi araşdırmalar apardıqları da nəzərə çarpdı. Bildiyimiz kimi, qəza ilə bağlı cinayət işi açılıb və şübhəsiz ki, istintaqın nəticəsinə uyğun olaraq, müvafiq qərarlar qəbul ediləcək. Azərbaycan hüquqi dövlətdir və bu baxımdan fəaliyyətində cinayət əməli olan istənilən şəxsin məsuliyyətə cəlb olunması yalnız qanunvericiliyin tələblərinə uyğun, müvafiq hüquqi prosedurların həyata keçirilməsi yolu ilə baş tuta bilər. Bunun alternativi yoxdur”.
Analitik vurğulayıb ki, problem kifayət qədər ciddidir və bu sektorun idarəçiliyi ilə bağlı bütün istiqamətləri, o cümlədən proqram təminatını da əhatə edir:
“Bu barədə ətraflı danışıb istintaqın gedişinə mane olmaq istəmirəm. Qənaətimə görə, istintaq dövlət strukturlarının gələcək fəaliyyəti üçün olduqca vacib olan, hətta da ilk baxışda diqqəti cəlb etməyən məqamların ortaya çıxmasına da zəmin yaradacaq. Müşavirədə də qeyd olunduğu kimi, dövlət enerji sektorunun inkişafına böyük investisiyalar yatırıb. Verilən hesabatlardan isə aydın oldu ki, bu vəsaitlərin təyinatı üzrə xərclənməsində ciddi problemlər var. “Azerenerji” rəhbərliyi üzərinə düşən vəzifəni yerinə yetirə bilməyib, dövlət qurumlarının qəza təhlükəsi barədə dəfələrlə etdikləri xəbərdarlıqlara məhəl qoymayıb, təmir-bərpa işləri üçün ayrılan vəsaitləri havaya sovurub, səhlənkarlığa, məsuliyyətsizliyə yol verib”.
Analitik qeyd edib ki, dövlət başçısı qəzanın fəsadlarının aradan qaldırılmasında fəal iştirak edən, vəzifələrini layiqincə yerinə yetirən DİN, FHN və digər dövlət qurumlarının işini yüksək qiymətləndirib:
“Bu isə ekstremal vəziyyətlərdə müvafiq dövlət qurumlarının istənilən təhlükəni aradan qaldırmağa, prosesi nəzarətdə saxlamağa hazır olduqlarının prezident tərəfindən vurğulanmasıdır. Eyni zamanda, cənab prezidentin müşavirədəki çıxışından bir daha hər kəsə bəlli oldu ki, öz vəzifəsinin öhdəsindən gəlməyən, səhlənkarlığa, məsuliyyətsizliyə yol verən istənilən şəxs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verəcək. Bildiyiniz kimi, prezident hadisəyə anlayışla və təmkinlə yanaşan, dövlətə dəstək verən, həmrəylik nümayiş etdirən Azərbaycan vətəndaşlarına öz təşəkkürlərini çatdırdı, dövlətlə xalqın vahid olduğunu və bu birliyin istənilən maneəni geridə qoya biləcəyini vurğuladı. Şübhəsiz ki, bütün bunlar çox önəmli mesajlardır”.
Qeyd edək ki, iyulun 4-də Prezident yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib. (axar)