Anadolu Atəşi Azərbaycanın paytaxtı Bakıda şəhərin Qafqaz İslam Ordusu tərəfindən erməni və bolşevik dəstələrindən azad edilməsinin 100 illiyi münasibətilə nümayiş edib. Bu barədə Eurasia Diary "Anadolu Agentliyi"-nə istinadla xəbər verir.
Bakının gözəl yerlərindən olan Heydər Əliyev Mərkəzi parkında səhnələşdirilən nümayişi Türkiyənin Bakıdakı Səfiri Erkan Özoral, Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov və minlərlə Bakı sakini izləyib.
Anadolu atəşi rəqs qrupu əllərində Azərbaycan və Türkiyə bayraqları tutan park tamaşaçılarını coşdurub.
Anadolu Ateşi ilə yanaşı, Azərbaycanın məşhur müğənniləri Lalə Məmmədova, Eyyub Yaqubov, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Aygün Kazımova, Ceyhun Zeynalov, Qaya və Rast qrupları da çıxış edib.