2019-cu ildə mənzil bazarında bahalaşma gözlənilirmi?
Eurasia Diary xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Teleqraf.com-a deyib ki, istehlak bazarı ilə mənzil bazarı fərqlidir.
Onun sözlərinə görə mənzil bazarında qiymətlər bir çox hallarda ümumi dövriyyədə olan pul kütləsinin həcmi, insanların gəlirlərinin artımı, bir də psixoloji faktorlarla əlaqəli olur: “Mənzil bazarında bahalaşma üçün ilk növbədə insanların gəlirlərində əhəmiyyətli artım olmalıdır.
İkincisi, kredit əlçatanlığı yüksək olmalıdır, üçüncüsü, gözləntilər dəyişməlidir, yəni sabah mənzil bazarında bahalaşma baş verə biləciyi ehtimalı gündəmə gəlməlidir.
Bu gün dövriyyədə pul artımı elə də əhəmiyyətli görünmür, insanların gəlirlərində də artım yoxdur, kredit əlçatanlığı əvvəlki illərə nisbətən azdır. Misal üçün, 2015-ci ilə qədərki şərait bu gün yoxdur. Kommersiya banklarının fəaliyyətində aktivlik duyulmur”.
Ekspert deyib ki, bu faktorlardan əlavə, neftin qiyməti, beynəlxalq maliyyə bazarındakı proseslər də mənzil bazarına təsir edir: “2019-cu il mənzil bazarında qiymət artımı sadəcə inflyasiya səbəbindən ola bilər. Bu da hardasa 4-5 faiz təşkil edir. Ondan artığı gözənilmir”.