“Nəyin bahasına olursa-olsun düşmən arxasına keçmək tələb olunurdu...” - Horadiz döyüşləri barədə ilginc məlumatlar | Eurasia Diary - ednews.net

19 İyul, Cümə axşamı


“Nəyin bahasına olursa-olsun düşmən arxasına keçmək tələb olunurdu...” - Horadiz döyüşləri barədə ilginc məlumatlar

Müsahibə

A- A A+

Horadiz döyüşləri barədə ilginc məlumatlar ilk dəfə qəzetimizdə; İlham Ağalar: “Nəyin bahasına olursa-olsun düşmən arxasına keçmək tələb olunurdu...”

Bu günlərdə Horadiz əməliyyatının növbəti - 24-cü ildönümü qeyd olundu. Yeni ilin ilk günlərində Qarabağ müharibəsi illərində işğalçı Ermənistan ordusuna vurulan bu sarsıdıcı zərbənin sağ qalan müəllifləri öz xatirələrini bölüşdülər, qəhrəmancasına həlak olan döyüş yoldaşlarını məzarı başında yad etdilər.

Horadiz əməliyyatı 1993-cü ildə rayonlarımızın ardıcıl şəkildə işğalından sonra ruh düşkünlüyünə uğramış Azərbaycan ordusunun özünəinamının bərpa olunması baxımından, şübhəsiz, böyük tarixi hadisədir. Eyni zamanda bu əməliyyat geniş bir ərazinin işğaldan azad olunması baxımından da müstəsna əhəmiyyətə malikdir. 1993-cü ilin dekabrından başlanan, 6 yanvara qədər davam edən əməliyyat nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycan ordusunun nəzarətinə keçdi.

Horadiz əməliyyatının qəhrəmanlarından biri, korpus kəşfiyyatının keçmiş komandiri, əməliyyat zamanı briqada kəşfiyyat bölüyünün komandiri olmuş İlham Ağalar “Yeni Müsavat”a uzun illərdən sonra ilk dəfə həyata keçirilən əməliyyatın detallarından danışdı.

Keçmiş kəşfiyyatçı əməliyyatın uğurla nəticələnməsinin heç də təsadüfi olmadığını, əksinə, diqqətlə planlaşdırılıb hazırlandığını və icra olunduğunu faktlarla açıqladı. Qeyd etdi ki, Horadiz əməliyyatı ilə bağlı bu sirləri ilk dəfədir geniş ictimaiyyətə açıqlayır: “Gələcəkdə şərəfli bir tarixə çevriləcəyini hələ ağlımıza gətirmədiyimiz həmin 1994-cü ilin 5 yanvarına 10 gün qalmış  Gəncə yaxınlığındakı Seyfəli poliqonundan Beyləqanın Daşburun qəsəbəsinə doğru yola çıxan avtobuslar bizi gətirib mənzil başına çatdıranda gecə yarıdan keçmişdi. Yerləşməyə vaxtımız olmadığından səhərin açılmasına qalmış bir neçə saatı  elə oturacaqlarda  mürgü vurmaqla keçirib işıqlananda birbaşa cəbhə xəttinə yollandıq”.

Həmsöhbətimiz bildirdi ki, kəşfiyyatçılar kiçik qruplar şəklində bölünüb Kürdmahmudludan Bəhmənliyə qədər uzanan cəbhə zolağında axtarışa başlayıb: “Nəyin bahasına olursa-olsun, düşmənin arxasına keçmək, orada müşahidə, dinləmə və axtarış kimi əməliyyatlar aparmaq tələb olunurdu. Kəşfiyyatın əsas tələblərindən biri olan onun məqsədyönlülük kimi keyfiyyətini nəzərə alsaq, bizim bütün fəaliyyətimiz qoşunlarımızın qarşıdakı hücumuna xidmət etməliydi. Bu səbəbdən də onun ərazisində detallı kəşfiyyatın böyük önəminin olduğunu qeyd etmək yəqin ki, artıqdır. Amma cəbhə xəttini keçmək üçün bizim ”yaşıl cığır" dediyimiz etibarlı keçidi tapmaq hər zamankı kimi çətin idi. Xüsusilə də aktiv döyüş əməliyyatlarının keçirildiyi həmin günlərdə belə bir yerin tapılması hər kəşfiyyatçıya nəsib olmayan bir uğur sayılırdı. Bizim iki günlük gərgin zəhmətimiz bir nəticə verməyəndə əhvalımız korlansa da, ruhdan düşməmişdik".

Horadiz əməliyyatı ile ilgili görsel sonucu

Keçmiş kəşfiyyatçı deyir ki, axtarışların üçüncü günü bütün qrupları yığıb Araz çayının sahilinə tərəf getməsinin səbəbi çox sadə olub: “Məsələ burasındadır ki, hələ noyabr ayının ilk günlərində düşmən Bəhmənli kəndini işğal edərkən mən tabor kəşfiyyatçılarından seçib yığdığım kiçik bir qrupla iki dəfə bu ərazidən istifadə edib düşmənin arxasına keçməyi bacarmışdım. Doğrudur, yenidən bu yerlərə gələndə hər şeyin keçmişdəki kimi uğurlu alınacağını gözləmirdim. Aradan keçən bu işğal dövründə düşmən təkcə talançılıqla məşğul olmamış, eyni zamanda sabitləşən cəbhə xəttində möhkəmlənə bilmişdi. Mühəndis-istehkam qurğuları, minalanmış sahələr, açıq və gizli mühafizə postlarıyla yanaşı, möhkəmləndirilmiş dayaq nöqtələri və bunlarla yanaşı da patrul xidmətini də təşkil edərək ərazini bizim üçün tamamilə keçilməz etmişdilər. Bizim tərəfdə indi sərhədçilərin döyüş dəstəsinin qoruduğu bu əraziyə gəlib onların istehkam və minalı sahəsini keçib neytral zolağa çıxmışdıq. Qarşımızda düşmənin minalanmış ərazisində apardığımız axtarış və müşahidələrin sonunda çox maraqlı bir nəticə ilə üzləşdik. Məsələ bundadır ki, bütün sovet dövründə güclü mühafizə olunan İran-SSRİ sərhəd zolağına daxil edilmiş bu yerlər zaman keçdikcə ağac və kolların örtüldüyü keçilməz bir cəngəlliyə çevrilmişdi. Nəticədə bura həm də vəhşi donuzlar və oxlu kirpilər kimi ekzotik heyvanların sərbəst yaşayış məskəni kimi tanınırdı. Minaları eşib çıxartmaqla və bu zaman onların partlaması ilə düşmənə zərər vuran bu heyvanların bununla bizə nə qədər fayda verdiklərini təsəvvür etmək sevindirici idi. Heç də təsadüfi deyildir ki, bizim sərhədçilər də bu problemlə üzləşmişdilər. Ancaq düşməndən fərqli olaraq, bizimkilər durumu düzgün qiymətləndirib vaxtinda tədbir görmüşdülər. Mərkəzdən dəvət olunmuş istehkamçı mühəndis radio dalğalarla idarə edilən mina sahəsi təşkil etməklə problemi həll edə bilir. Qamışlıqda gizlənən növbətçi ancaq düşmən göründükdə düyməni basmaqla minaları partlada bilərdi. Bizim müşahidələrimiz düşmənin belə bir sistemi qurmadığı qənaətinə gəlsə də, ərazini təhlükəsiz elan etməyə tələsmirdik. Relyefi və bitki örtüyünə görə seçilən belə yerlərdə hər addımda düşmən pusqusuna rast gəlmək olardı. Bu da kəşfiyyatçıdan yüksək bacarıq tələb edirdi”.

İlham Ağalar Horadiz ile ilgili görsel sonucu

Sabiq kəşfiyyatçı bildirdi ki, bütün bu təhlükələri nəzərə alıb bölüyün ən təcrübəli döyüşçülərini  seçib 11 nəfərdən ibarət bir qrup hazırlayıb: “Dekabrın 29-da bütün gözlənilən və gözlənilməyən çətinlikləri nəzərə alıb həmin ərazidən təmas xəttini keçə bildik. Bütün gecəni və gündüzü  düşmənin taktiki zolağını  öyrənməklə məşğul olduq. Onun ön xətdə yerləşən qüvvələri, silahlanması, texnikalarının əsas və ehtiyat nöqtələri, post-patrul xidməti kimi bilgilərlə birlikdə dekabrın 30-da geri döndük. Amma  yenə də deyirəm ki ”yaşıl cığır" adlandırdığımız bu əməliyyatın bizim üçün ən qiymətli nəticəsi etibarlı keçid yerinin tapılması fakt idi".

Dekabrın 31-də isə kəşfiyyatçılar yenidən “səfərə” çıxıb. İ.Ağalar o günü belə xatırlayır: “Komandanlıq  qarşıda böyük hücum olacağını bildirib daha geniş və dərin bir ərazidə kəşfiyyat aparmağı qarşımıza bir vəzifə olaraq qoymuşdu. Hər şeyin bu hücum üçün səfərbər edildiyi zamanda biz düşmənin taktiki zolağını keçib onun operativ dərinliyində yerləşən əsas və ehtiyat qüvvələri öyrənməliydik. Kəşfiyyatdan az-çox anlayışı olanlar yaxşı bilir ki, tədqiq edilən ərazinin dərinliyindən asılı olaraq orada fəaliyyət göstərən qruplar ciddi səhra nizamnamələrinə uyğun olaraq təyinatlanır. Mən bölüyümün hazırlıq və təcrübə göstəricilərini nəzərə alaraq, bizim 30 km-dən artıq dərinliyə sızıb orada əməliyyat aparmaq gücündə olduğumuza inanırdım. Xəritəyə baxıb ərazinin dərinliyini, genişliyini, detalları ilə öyrəniləcək nöqtələrin say çoxluğunu və pərakəndəliyini görəndə bu əməliyyatın necə riskli olduğunu təsəvvür edirdim. Bunu fikirləşib qarşıda gözlənilən təhlükəni və  operativ dərinlikdə artilleriya da daxil olmaqla,  öz qoşunlarımızdan heç bir dəstək ala bilməyəcəyimizi nəzərə alıb bu işə güclü atəş dəstək qrupuyla getməyi qərara aldım. 5 pulemyotçu və 5 qumbaraatandan ibarət 20 nəfərlik bu qrup önləyici-bələdçi, axtarış, hücum qrupları da daxil olmaqla  böyük bir kəşfiyyat dəstəsini hər bir təhlükədən qoruyub ərazidən uzaqlaşdırmağı bacarmalıydı. Bura komandirin özünün seçib bizə verdiyi  düşmən dilini öz ana dili kimi bilən 3 nəfəri də əlavə edəndə 42 nəfərlik bir dəstə alınmışdı. Burada bir haşiyə çıxaraq onu deyim ki, ”dərin sızma" adlandırdığımız həmin əməliyyatın dərinliyinə və iştirakçıların sayına görə hələ indiyədək hərb tariximizdə bu kəşfiyyat hərəkatını təkrar edən bir kimsə olmayıb. Sonrakı uğurları belə nəzərə almasaq, bizim təkcə elə həmin “dərin sızma” əməliyyatımız şərəfli bir səhifə kimi yaddaşlarda yaşamağa layiqdir".

Keçmiş döyüşçü bildirdi ki, əməliyyata çıxmazdan öncə Dilağarda kəndində yerləşən artilleriya qərargahına baş çəkib:““Drakon” ləqəbli artilleriya rəisi Nizami Mirzəməmmədovla onun köməkçisi “Kobra” ləqəbli rəhmətlik İlham Məmmədovla oturub birlikdə bir çox məsələləri götür-qoy etdik. Onların hər ikisi artilleriya sahəsində ən  yüksək peşəkarlıq nümunəsi sayılan insanlar kimi cəbhənin hər iki tərəfində adları hörmətlə çəkilən zabitlər idi. Onların istifadə etdiyi topoqrafik xəritələrin koordinat sistemini və hədəf işarələrini öz xəritəmə köçürüb ərazidə onları ilgiləndirən bir neçə obyekti də öz xəritəmdə detallı öyrənilməsi tələb olunan nöqtələrin siyahısına əlavə etdim".

Horadiz əməliyyatı ile ilgili görsel sonucu

Kəşfiyyatçı daha sonra bunları xatırladı: “Düşmən arxasına keçdiyimiz günün səhəri  Kərimbəyli kəndindən arxada qamışlığın içərisindəki gizli bir nöqtədə hərtərəfli təlimatlandırılmış rabitəçi ilə üç nəfərlik mühafizəçi qoyub Horadizə doğru irəliləməyə başladıq. Sonrakı nöqtələrdə hər dörd saatdan bir efirə çıxıb şifrələnmiş bilgiləri bu nöqtəyə çatdırırdıq. Xəbəri olduğu kimi ona verilmiş tezliklərdə ötürən rabitəçimiz növbəti efirin bir də dörd saatdan sonra olacağını bilsə də, rabitəni söndürmədən gözləyirdi. Onun ötürdüyü adi rəqəmlərdən ibarət şifrəli xəbər artilleriyanın Bəhmənli üstündəki müşahidə məntəqəsində qəbul olunub  yenidən efirə verilirdi. Bu dəfə isə xəbəri ”Drakon"un özünün Dilağarda kəndində yerləşən qərargahı qəbul edib oradan birbaşa Daşburun qəsəbəsindəki briqadaya çatdırırdı. Briqada qərargahındakı rabitə xidmətində növbə çəkən bizim kəşfiyyatçı bu xəbərləri əlində olan kodlarla tutuşdurub “tərcümə” edir və dərhal komandanlığa təhvil verirdi. İndiki zaman prizmasından baxanda bu sistem  nə qədər qarışıq görünsə də, həmin dövr üçün qurduğumuz orijinal və cəsarətli bir taktika kimi yaddaşlarda yaşayır".

Keçmiş döyüşçü kəşfiyyatın öz məqsədlərinə çatdığını vurğuladı: ““Dərin sızma” adlandırdığımız bu səfər zamanı Horadiz qəsəbəsi də daxil olmaqla, 30 km-lik dərinlikdə və 15 km-lik en kəsiyində yerləşən bütün yaşayış məntəqələri və detallı öyrənilməsi tələb edilən bütün şübhəli nöqtələr - bura Kərimbəyli zastavası, dəmiryol binası, Şükürbəyli yaxınlığındakı ferma, Horadiz su bəndi, yol qovşağı və bu kimi obyektlər daxildir - hərtərəfli öyrənildi".

İ.Ağalar qeyd etdi ki, kəşfiyyat bölüyü yanvarın 4-də səhər çağı cəbhə xəttini geriyə doğru keçib gələndə Horadiz əməliyyatı kimi tarixə yazılacaq həmin irimiqyaslı hücumun planı hələ taktiki cəhətdən hazır deyilmiş: “Daha doğrusu, bu hücumda komandirin ”Buldozer" adlandırdığı klassik hücum taktikasını tətbiq etmək nəzərdə tutulurdu. Hücumu uğurlu nəticələndirən desant-hücum qruplarının istifadə edilməsi planı hələ heç kimin ağlına gəlməmişdi desəm, yəqin ki, səhv etmərəm. Bizim bu  səfərimiz hamı kimi komandirin də sevincinə səbəb olmuşdu. Burada təbii ki, bizim düşmən haqqında topladığımız bilgilərin önəmindən söhbət getmirdi. Cəbhə xəttində düşmən arxasına etibarlı keçidin kəşfi, onun qorunub saxlanması və Horadizə qədər olan uzaq bir məsafəyə gedib-gəlmək üçün gizli yolun birbaşa sınaqdan keçirilərək ortalığa qoyulması faktı bizim bu səfərimizin əsas bəhrəsi kimi qiymətləndirilib, hücum planının dəyişdirilməsinə səbəb oldu. Elə oradaca komandanlığın bizim bu yolumuzdan istifadə etməklə düşmən arxasına bir neçə bölükdən ibarət iri desant qruplaşmasının göndərilməsi ideyası səsləndi".

İlham Ağalar bütün risklərə rəğmən əməliyyatın uğurla başa çatdığını fəxarət hissi ilə qeyd etdi. Beləliklə, Horadiz əməliyyatı, uzun fasilədən sonra isə düşməni növbəti dəfə sarsıdan aprel döyüşləri Azərbaycan ordusunun işğal altındakı torpaqları azad etmək qüdrətinə malik olduğunu sübuta yetirdi. İlham Ağalar da təsdiqləyir ki, keçmiş döyüşçülər, həmçinin qəhrəman kəşfiyyatçılarımız hər an illər öncə həyata keçirilən uğurlu əməliyyatları təkrarlamağa hazırdırlar.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...