Türkiyə ABŞ-a bir mesaj verdi: “Biz Bransonu azad etdik, sıra sizdədi” - Elxan Şahinoğludan həftənin siyasi analizi - ÖZƏL | Eurasia Diary - ednews.net

21 Noyabr, Çərşənbə


Türkiyə ABŞ-a bir mesaj verdi: “Biz Bransonu azad etdik, sıra sizdədi” - Elxan Şahinoğludan həftənin siyasi analizi - ÖZƏL

Müsahibə A- A A+

Dünən Türkiyə Prezident Administrasiyası amerikalı rahib Endryu Bransonun azadlığa buraxılması ilə bağlı açıqlama verib. Mövzu ilə bağlı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Eurasia Diary-ə müsahibə verib.

- Rahib Branson həbsdən azad edildi. Buna münasibətiniz maraqlıdır. Türkiyə doğrudanmı geri addım atdı?

- Bu məsələni analiz etmək üçün hadisənin başlanğıcına diqqət yetirmək lazımdır. Beləki, Branson 2016-cı ildə FETÖ qruplaşmasının dövlət çevrilişi cəhdində təqsirkar bilinərək həbs edildi. O, həbs edilməzdən əvvəl ev həbsinə alındı. Bransonun əvvəlcə ev həbsində olması hər iki dövləti də çaşdırdı. Türkiyə belə hesab etdi ki, ABŞ bu həbsi diqqətdə saxlamayacaq və məsələni böyütməyəcək. ABŞ isə Bransonun ev həbsində olduğunu bilib məsələnin üstünə getmədi. Lakin Branson rəsmi surətdə həbs edilib cəzaçəkmə müəssisəsinə yollandığı zaman ciddi bir diplomatik böhran yaşandı. Tramp sanksiyalar və təzyiqlər göstərərkən, Ərdoğan da ona meydan oxudu. Qeyd edim ki, Tramp bu məsələdən seçki kampaniyası vasitəsi kimi istifadə etməyə başladı. Dünən isə Branson azad edildi. Bransonun azad edilməsi sadəcə Türkiyə üçün geriyə addım kimi dəyərləndirilə bilməz. Əlbətdə ki, Türkiyə geri çəkildi. Amma bir düşünək ki, Bransona 30 il həbs cəzası verilib. Nələr baş verərdi? Onsuz da gərgin olan vəziyyət daha da pisləşərdi. Həmçinin, Türkiyədə son günlər bir hadisə də baş verdi. “Qaşıqçı hadisəsi”. Fikrimcə, bu iki hadisə bir-biri ilə əlaqəlidir. Və türk hökuməti bütün yerli və beynəlxalq mətbuatın başı Qaşıkçı cinayətinə qarışmışkən bu məsələni aradan çıxarmaq istədi və məncə bu atılması zəruri olan bir addım idi. Türkiyə imicinə xələl gətirsə belə bir problemi həll elədi. Və dünən axşam iki ölkənin xarici işlər nazirləri telefon vasitəsi ilə  əlaqə qurub. Zəngin Mövlud Çavuşoğludan gəlməsi o deməkdir ki, Türkiyə ABŞ-a bir mesaj verdi: “Biz Bransonu azad etdik, sıra sizdədi”.

- Türkiyə Bransonu azad etmək müqabilində ABŞ-dan nə istəyib?

- Məncə, sizin də dediyniz kimi, Rza Zərrabın azad edilməsi və ya Menbiçdə ortaq əməliyyat planı ola bilər. Ancaq bəzi mətbu orqanlarda qeyd edildiyi kimi bunun Fətullah Gülənin Türkiyəyə verilməsi ilə bağlı olduğunu düşünmürəm.

- Camal Qaşıqçı müəmmasına münasibətiniz?

- Fikrimcə, Səudiyyə Ərəbistanı müttəfiqi ABŞ prezidenti Donald Trampı çətin vəziyyətə saldı. Konqresə və Amerika mediasına Trampı daha çox sıxışdırmaq üçün mövzu lazım idi və həmin mövzunu konqresmenlərə gözlənilmədiyi halda Səudiyyə Ərəbistanı verdi. Səudiyyə rejiminə müxalif jurnalist Vaşinqtondan İstanbula gəlir, ölkəsinin konsulluq binasına daxil olduqdan sonra yoxa çıxır. Həmin jurnalistin öldürüldüyü ehtimalı yüksəkdir. Çünki həmin gün Səudiyyə Ərəbistanından İstanbula 15 nəfərlik qrup gəlib, işi gördükdən sonra özəl təyyarə ilə geri qayıdıblar. Bu vəziyyətdə Tramp nə edəcəyini bilmir. Çünki, Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi və bu ölkə ilə 350 milyard dollarlıq müqavilə imzalamışdı. Bu sazişə görə Səudiyyə Ərəbistanı 10 il ərzində Amerikadan yeni hərbi texnika almalıdır. Bu müqaviləni Tramp prezident seçildikdən sonra ilk böyük qələbəsi kimi təqdim etmişdi. İndi isə Trampın sözlərindən belə çıxır ki, o Vaşinqtonda yaşayan ərəb jurnalistin öldürüldüyü ehtimalına inanır, ancaq Səudiyyə ilə imzaladığı müqavilə nəticəsində ABŞ-da açılan on minlərlə iş yerindən və böyük gəlirdən də imtina edə bilməz. Yəni Tramp iqtisadi səmərə naminə jurnalistin qətlini unutmağa hazırdır. Ancaq Konqresdə Trampın rəqibləri və Amerika mediası jurnalistin qətlini unutmağa hazır deyillər və bu mövzuda Trampa təzyiqi artıracaqlar. Trampdan Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etməyi gur səslə istəyəcəklər. Bir sözlə Səudiyyə Ərəbistanı bir jurnalisti öldürməklə müttəfiqi Trampı işə saldı.

- ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə Müşaviri Con Boltonun Cənubi Qafqaz səfərindən nələr gözlənilir?

- Çox önəmli və vacib bir səfərdir. Con Bolton səfərinin əsas cəhətlərini öyrənmək üçün ondan əvvəl ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kentin Bakıya səfərinin əsas təfərrüatlarını müəyyən etmək lazımdır. Kent oktyabrın 9-10-da Azərbaycanda səfərdə oldu. Amerikalı diplomat Prezident İlham Əliyevlə görüşdü. Enerji, təhlükəsizlik, Dağlıq Qarabağ və insan haqları barədə bəzi açıqlamalar verdi. Bu açıqlamaların bənzərini Boltondan da görə bilərik. Ancaq fikrimcə, Bolton daha çox İrana qarşı tətbiq ediləcək yeni sanksiyaları Bakıda müzakirə edəcək. Çünki, bu sanksiyaların Azərbaycana da müəyyən təsiri ola bilər.

- Frankafoniya tədbirində Fransa Prezidenti Makronun iştirakı Azərbaycan-Fransa münasibətlərinə necə təsir edə bilər?

- Sözün açığı biz Makronun oktyabrın 15-i Bakıya gəlməsini gözləyirdik. Ermənilər Frankafoniya tədbiri ilə bir növ Makronun Cənubi Qafqazda ilk dəfə Ermənistana gəlməsinə nail oldular. Amma bizi Makronun orada nələr dediyi, nələr etdiyi maraqlandırmamalıdır. Makron burada heç bir müqavilə imzalamadı. Ancaq, məndə olan məlumatlara görə bu ay olmasa belə gələn ay Makron Bakıya səfər edəcək və səfərin məqsədi Qərb dövlətləri tərəfindən (92-ci ildən) tətbiq edilən hərbi embarqonu dayandırmaq və Fransa-Azərbaycan arasında yeni silah ticarəti haqda müqavilə bağlamaq ola bilər. Yəni bütün bunlar o deməkdir ki, Frankafoniya və ya digər məsələlər Azərbaycanla Fransa arasında əməkdaşlığa mane ola bilməz.

- Bir neçə gün əvvəl Şimali Koreya lideri Kim Çen In nüvə məsələsi ilə bağlı açıqlama verdi və nüvə probleminin birbaşa həll edilməsi haqqında fikirlər səsləndirdi. Şimali Koreyanın nüvə silahından imtinası nə qədər realdır?

- Əlbəttə ki, bu mümkündür. Həmçinin, bütün bunlar Tramp xarici siyasətinin uğurudur. Tramp iki Koreya liderini barışdırmağa nail olub və Şimali Koreya lideri ilə nüvə silahını ləğv etməsinə dair razılığa gəlib. Kim Çen In bilir ki, iki ölkənin birləşməsi qarşısında ən böyük əngəl nüvə problemidir. Yəni, bu addımı gec və ya tez atmalıdır. Qeyd etmək lazımdır ki, Tramp bütün bunlardan ara seçkilərdə uğur qazanmaq üçün istifadə edir. Kim Çen Inla məhz 6 noyabrda görüşməsi də bununla birbaşa bağlıdır.

Müsahibəni götürdü: Nicat İsmayılov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...