“Qarabağ Azərbaycanın bir hissəsidir və o, bütün beynəlxalq qanunlara, BMT-nin qərarlarına əsasən Azərbaycana qayıtmalıdır” - Əlcəzairin Azərbaycandakı səfiri Abbes Benmoussat - FOTOLAR | Eurasia Diary - ednews.net

16 Fevral, Şənbə


“Qarabağ Azərbaycanın bir hissəsidir və o, bütün beynəlxalq qanunlara, BMT-nin qərarlarına əsasən Azərbaycana qayıtmalıdır” - Əlcəzairin Azərbaycandakı səfiri Abbes Benmoussat - FOTOLAR

Müsahibə A- A A+

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı Fövqalədə və Səlahiyyətli səfiri Abbes Benmoussat Eurasia Diary-ə müsahibə verib. Müsahibənin mətnini oxucalara təqdim edirik:

- Cənab səfir, müsahibə üçün sizə öz təşəkkürümüzü bildirib sizi əmin edirik ki, ölkəniz həmişə bizim oxucuların böyük maraq dairəsindədir. Bu mənada Əlcəzair Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin tarixi və indiki vəziyyəti barədə nə deyə bilərsisniz?

- İlk olaraq Bakıdakı səfirliyimizə gəldiyinizə görə sizə təşəkkürümü bildirəm. Oxuculara demək istəyirəm ki, Əlcəzairlə Azərbaycan arasında əlaqələrin uzun tarixi vardır. Demək olar ki, onlar hələ Sovet dövründə başlamışdır. Sovet dövründə  çoxlu azərbaycanlı ən müxtəlif sahələrdə əməkdaşlıq məqsədilə Əlcəzairə gəlirdilər. Bundan əlavə, inqilabdan sonra və istiqlaliyyətin ilk çağlarında Əlcəzair höküməti gəncləri bir çox sahələrdə, xüsusilə Azərbaycan Neft İnstitutunda və həmçinin, Bakıda yerləşən Ali Hərbi Dənizçilik Məktəbində təhsil almaq üçün bura göndərərdi. Bu bizim əlaqələrimizin başlanğıc mərhələsi idi. Əlcəzair 1992-ci ildə Azərbaycanın istiqlaliyyətini tanıdıqdan sonra, 1994-cü ildə diplomatik əlaqələr quruldu. 2015-ci ildə Bakıda səfirliyimiz açılana qədər bizim diplomatik missiyamız Moskvadakı səfirlik vasitəsilə həyata keçirildi. İndi əlaqələrimiz normal rejimdə davam edir. 2016-cı ilin yayında Azərbaycan da öz səfirliyini açdı və bundan sonra əlaqələrimiz paralel şəkildə, deyə bilərik ki, tam normal bir tərzdə həyata keçirilir. 

- Əlcəzair xalqının Fransa müstəmləkəçiliyinə qarşı apardığı qəhrəmanlıqlarla və qurbanlarla dolu mübarizə tarixi oxucularımıza yaxşı bəllidir. Gənc nəsil üçün bu mövzuda məlumatlarınız maraqlı olardı.

- Bu çox önəmli suala görə sağ olun. Bu, hətta əlcəzairlilərin özləri üçün də çox mühim bir mövzudur. Fransa 1830-cu ildə Əlcəzairi işğal etdi. Bu işğal Türkiyənin (Osmanlı dövlətinin- Z.Q.) 1827-ci ildə Rusiya, İngiltərə və Fransaya qarşı apardığı müharibənin gedişində onun müttəfiqlərinin də iştirak etdiyi Nafarin döyüşündə məğlubiyyətindən sonra baş verdi. Nafarin döyüşündən sonra Yunanıstanın müstəqilliyi də tanındı. Türkiyənin bu döyüşdə məğlubiyyəti nəticəsində Yunanıstanın bir hissəsi istiqlaliyyət qazandı. Bu döyüşdə Əlcəzair dəniz donanması tamamilə məhv edildi.

Fransa Əlcəzairin hərbi dəniz gücünün məhv edilməsindən istifadə edərək onun limanlarına hücum etdi. 1830-cu ildə 30 minlik Fransa hərbi hissəsi Əlcəzairə daxil olub paytaxtı işğal etdi. Lakin onlar bütün Əlcəzairi yox, yalnız paytaxtı işğal edə bildilər. Bundan sonra 70 il ərzində işğalçılara qarşı arasıkəsilməz müqavimət hərəkatları başlandı. Bu müddət ərzində işğalçılara qarşı 77 üsyan baş vermişdir. Bunlardan ən böyüyü Əmir Hac Əbdülqadirin rəhbərliyi ilə 1830-cu ildən 1847-ci ilə qədər davam edən üsyan idi. Bununla eyni  vaxtda və ondan sonra bir neçə üsyan baş verdi. Bunlardan Əhməd bəyin rəhbərlik etdiyi üsyanı, həmçinin Sidi Şeyx övladlarının, Zəatişə üsyanlarını və habelə bütün Əlczair xalqını əhatə edən başqa müqavimət hərəkatlarını göstərmək olar. Fransa qüvvələri irəlilədikcə onlara qarşı müqavimət də artırdı. Belə hərəkatlardan ən sonuncularından biri də Səhranın ən ucqar cənub bölgələrində baş verən Şeyx Amudun başçılıq etdiyi üsyan idi. Əlcəzair xalqı öz mübarizəsində Liviya xalqının Ömər Muxtarın rəhbərliyi altında xarici işğalçılara qarşı müqaviməti ilə də həmrəy olmuşdur.

Fransa Əlcəzairi işğal edəndə onun əhalisi 6 milyon nəfər idi. 1905-ci ildə Fransa höküməti əhalinin siyahıya alınmasını həyata keçirtdi və məlum oldu ki, ölkədə cəmi iki milyon, yəni işğalın başlanğıcında olan əhalinin sayının yarısından da az adam qalıb. İşğalçılara qarşı mübarizədə 4 milyona qədər adam qətlə yetirilib.

XX əsrin əvəllərində siyasi mübarizə başlandı. Əlcəzair gəncləri xalqın kimliyini təcəssüm etdirən mədəni qruplar, futbol komandaları və başqa cəmiyyətlər şəklində birləşirdilər. Bu cəmiyyətlər kiçik idi, lakin onlar xalqın xarici işğala qarşı etirazının ifadəsi idi.

Deməliyik ki, bu dövrdə müqavimət hərəkatına Əmir Hac Əbdülqadirin nəvəsi Əmir Xalid rəhbərlik edirdi. Əmir Xalid Fransa ordusunun kapitanı idi. Fransanın ən yaxşı hərbi məktəblərindən birində təhsil almışdı. Təhsilini bitirib zabit rütbəsi alandan sonra Birinci Dünya Müharibəsində iştirak etdi. Almanlarla döyüşlərin birində yaralandı, yarası ağır olduğu üçün hərbi xidməti tərk etdi və siyasətlə məşğul oldu. Əmir Xalid Əlcəzairin müstəqilliyini ilk tələb edənlərdən idi. 1916-cı ildən bəri rəhbərlik etdiyi təşkilat adından Versal konfransında iştirak edən o zamankı ABŞ prezidenti Vilsona məktub yazdı. Prezident Vilsona çatdırılan bu məktub Əlcəzair xalqının müstəqillik tələbini əhatə edirdi. Bu çox önəmli bir addım idi və müqavimət hərəkatına yeni bir forma verdi. Əmir Xalidin Məssali əl-Hac adlı bir yoldaşı Fransada mühacir həyatı yaşayıb Reno avtobobil zavodunda işləyirdi və siyəsi elmlər sahəsində təhsil də alırdı.

1924-cü ildə Qərbi Afrikanın ilk siyasi partiyası təsis edildi. Bu partiya öz sıralarında tünisliləri, mərakeşliləri və əlcəzairliləri birləşdirirdi və Şimali Afrika ulduzu adı daşıyırdı. Bu partiyanın ilk tələbləri işğalçıların bölgədən çəkilməsi, təhsil və iş sahəsində hüquqların təmin edilməsindən ibarət idi. Bundan bir neçə il sonra “Bəsair” (Uzaqgörənlik) adlı yeni bir partiya meydana gəldi. Əlcəzair gənclərini birləşdirən bu patiyanın əsas vəzifəsi gənclərə onların çatmaq istədiyi ali məqsədi başa salmaq idi. Bu partiyanın rəhbərliyi ilə Əlcəzair gəncləri 1939-cu ildə istiqlal verilməsi şərtilə alman faşistlərinə qarşı İkinci Dünya Müharibəsində Fransaya qoşulmaq barədə razılığa gəldilər. İkinci Dünya Müharibəsinin gedişində fransızlarla çiyin-çiyinə vuruşan 300 minə qədər əlcəzairli həlak oldu. Lakin faşist Almaniyası məğlub olandan sonra Fransa vədini yerinə yetirmədi. Buna görə əlcəzair sakinləri Fransaya qarşı etiraz nümayişlərilə küçələrə axışdılar ki, istiqlaliyyət tələbləri yerinə yetirilsin. 1945-ci il mayın 8-də Fransa 45 mindən artıq dinc  əlcəzairli nümayişçini qətlə yetirdi. Məssali əl-Hac və onun partiyadaşları belə bir qənatə gəldilər ki, ölkəyə müharibə ilə girən Fransa, buradan yalnız müharibə ilə çıxacaqdır.

Fransanın Əlcəzairdən od və süngü ilə çıxardılması zəruri oldu. Hazırlıqlı gənclərdən ibarət gizli təşkilatlar yaradıldı. Onlardan birinə də gələcək ölkə prezidenti Əhməd ben Bella rəhbərlik edirdi. Üsyana  hazırlıq işləri başlandı. Bu üsyan 1950-ci ildə başlamalı idi. Lakin gizli təşkilat üzvlərindən biri Fransaya gedərək, xəyanət etdi və təşkilatın  bütün sirlərini polisə açdı. Təşkilat üzvlərində çoxu həbs edildi, qalanları ölkədən qaçıb Tunisə, Mərakeşə və bəzilərisə Fransaya sığındılar. Onlar dağıldılar ki, dörd ildən sonra  yenidən toparlanıb təşkilatı bərpa etsinlər. 1954-cü ildə vəziyyət sakitləşəndən sonra Azadlıq partiyasından olan 6 nəfər toplaşıb Milli Azdlıq Cəbhəsinin yarandığını elan etdilər. Bu təşkilat özündə müxtəlif partiyaları birləşdirdiyi üçün cəbhə adlandırıldı. 1954-cü ildə silahlı çıxışlar başlandı, ölkənin müxtəlif yerlərində 77 silahlı hücum həyata keçirildi. Səkkiz il davam edən Əlcəzair inqilabi hərəkatı bu cür başlandı, onun gedişində 1.5 milyon əlcəzairli və 300 min fransalı öldürüldü. Bu yalnız üsyanın gedişində qətlə yetirilənlərdir. Qətlə yetirilən fransızların əksəriyyəti hərbçilər idi. Belə ki, Əlcəzair üsyançıları dinc fransızlara toxunmurdular.

Cəbhənin iki bazası var idi, biri Tunisdə, o biri də Liviyanın Ben Valid şəhərində yerləşirdi. Onların Misirdən gələn silahların  üsyançılara çatdırılmasında böyük rolu var idi. Demək olar ki, bütün ərəb dövlətləri Əlcəzairə kömək edirdilər. Şərq düşərgəsindən olan ölkələr və birinci növbədə Sovet İttifaqı da Əlcəzair inqilabına yardım işində böyük rol oynayırdı.

Əlcəzair inqilabı Tunis və Mərakeşin də istiqlaliyyət əldə etməsinə yardım etdi. Ölkədə inqilab alovu güclənəndə Fransa Tunis və Mərakeşə istiqlaliyyət verməyə məcbur oldu ki, tamamilə Əlcəzairlə məşğul olsun. Əlcəzairdə inqilabın gedişində, 1956-cı ildə neft tapılması ilə iştaha daha da artdı. General Şarl de Qol inqilabı hərəkatı yatırtmaq məqsədilə Əlcəzairə gəldi və tezliklə başa düşdü ki, bu ölkənin xalqı istiqlaliyyət tələb edir. O 1958-ci ildə Konstantiniyyə şəhərinə gəlib sakinlərə müraciət etdi və Fransanın onlar üçün evlər tikəcəyini və kreditlər verəcəyini elan etdi. O elə zənn edirdi ki, xalqın inqilabda maddi marağı vardır. Lakin Əlcəzair xalqı azadlıq oksigeni istəyində idi. İndi Qərbi Səhra da eyni problemi yaşayır. Mərakeş Qərbi Səhranı işğal edib sakinlər üçün evlər tikəcəyini vəd edir. Lakin onlar mənzil yox, azadlıq oksigeni istədiklərini, azadlığın müqabilində çadırlarda yaşamağa hazır olduqlarını bildirirlər.

General Şarl de Qol başa düşdü ki, Əlcəzair xalqı maddiyyat yox, istiqlaliyyət istəyir. Bəzi tarixçilər bildirirlər ki, Fransa müstəmləkıçiliyinə qarşı mübarizənin qurbanlarının sayı 1.5 milyonu keçir, onlar ölkələrinin istiqlaliyyəti uğrunda vuruşmuşlar. Milli Azadlıq Cəbhəsinin rəhbərləri 1962-ci ilin 18 mart tarixində atəşkəs haqqında saziş imzalayanda  qarşı tərəfin bütün tələblərilə razılaşdılar; fransızlar Əlcəzairda yaşamaqda davam edə bilərdilər, fransız dili, şəhər və kəndlərdəki malikanələri onlar üçün qalırdı, bu sahədə problem yox idi. Milli Azadlıq Cəbhəsinin rəhbərləri səbir göstərib ərəb dilinin ölkədə vahid dil olması üzərində israr etmədilər, fransızların bütün şərtlərilə razılaşdılar. Yalnız Əlcəzairin bayrağı istisna edildi.

Lakin fransızlar arasında ifrat insanlar da var idi. Onlar Əlcəzairin müstəqilliyini, təhlükəsizlik və sülhü rədd edib özlərinin OAS adlı təşkilatını yaratdılar. OAS əslində gizli hərbi təşkilat idi. Onlar ərəbləri öldürməyə başladılar, bazarlara girib ərəblərə pulemyotdan atəş açırdılar, bununla gündə 50, 60, 70 və hətta 80 nəfəri qətlə yetirirdilər. Bir ay ərzində şəhid olanların sayı 6 minə çatırdı.

1962-ci il 19 mart sazişinə uyğun olaraq, Əlcəzairli məhbuslara azadlıq verildi. Onlar arasında Ben Bella da var idi. Bundan sonra indiki prezident Əbdüləziz Buteflika Ben Bellaya məktub yazıb onu Əlcəzairə gəlməyə çağırdı. Ölkədə vəziyyət barədə məlumatlar Ben Bellaya çatdırıldı, bildirildi ki, fransızlar hər aya minlərlə əlcəzairlini qətlə yetirirlər. Ben Bella radio stansiyasına getdi, o dövrdə Misir, Tunis və Mərakeş kimi bəzi ərəb ölkələrində Əlcəzairə məxsus radio stsnsiyalar fəaliyyət göstərirdilər. Ben Bella orduya müraciət edib bildirdi ki, daha atəşkəs yoxdur. O, orduya əmr etdi ki, mülki əhalini qorusun, çünki, belə davam etsə Əlcəzair xalq tamam məhv olar. Əlcəzair ordusunun hərəkətə keçməsindən xəbər tutan fransızlar limanlara axışdılar, gəmilərə minib Fransaya qaçdılar. Bunun nəticəsində ölkədə fransızların sayı 48 min nəfərə qədər endi. Yerdə qalanlar əhali ilə qarışdılar. Qısası, demək istərdim ki, 1830-cu ilin iyul ayında Əlcəzairə girən Fransa, Allahın koməyilə, 1962-ci il 5 iyulda, eyni gündə oranı tərk etdi.

-Cənab səfir, iki ölkə arasında müxtəlif sahələrdə əməkdışlığın prespektivləri barədə nə deyə bilərsiniz? Mətbuatdan sızan məlumatlara görə, Əlcəzair ölkəmizlə elmi əməkdaşlığa, innovasiya texnologiyası sahəsində əməkdaşlığa maraq göstərir.

- Əməkdaşlığımıza gəldikdə, burada çoxlu sahələr vardır. Mən Azərbaycana gələndə elm və dəqiq texnologiyalar sahələrilə maraqlandım. Amma əməkdaşlığın ticarət və neft kimi başqa sahələri də var. Qeyd etmək istəyirəm ki, ölkələr arasında istənilən sahədə əməkdaşlığın normativ hüquqi bazası olmalıdır ki, bu əlaqələrin qanun çərçivəsində qurulması mümkün olsun. Biz indi belə bir hüquqi bazanın yaradılması prosesini başa çatdırmaq ərəfəsindəyik. Azərbaycan Respublikasının Ədliyyə Naziri Əlcəzairə səfər edib. Səfər zamanı Əlcəzairin Ədliyyə Naziri ilə cinayətkarların təslim edilməsi haqqında anlaşma protokolu imzalanıb. İnsan haqları, habelə iqtisadi, ticari, maliyyə və neft sahələrində bir neçə sazişin imzalanmasına hazırlıq gedir. Allahın köməyilə, bu sazişləri imzalayacağıq.

Cənab səfir, Ərəb dünyasının bir çox ölkələri müxtəlif terrorçu təşkilatlarla mübarizə aparır. Bu ölkələr arasında Əlcəzair də var. Daxili vəziyyət, xüsusilə din pərdəsi altında fəaliyyət göstərən terrorçu və eksremist qüvvələrlə mübarizə barədə bizə məlumat verməyinizi xahiş edirik.

-Bizim terrorla mübarizə sahəsində yaxşı təcrübəmiz var. Çünki, partiyalardan biri siyasi azadlıqlardan istifadə edərək Əlcazairdə İslam partiyasını yaratdı. 80-ci illərin axırlarında İslam partiyası onun daxili nizamnaməsindən irəli gələn hədəflərin əksinə olaraq hakimiyyəti ələ keçirməyə cəhd etdi. Öz məqsədinə və ideoloji hədəflərinə çatmaq üçün hiylələrə əl atdı. Bu vaxt partiya demokratik şəraitdən istifadə edib ölkədə hakimiyyətə yiyələnib sonra demokratiyaya son qoymaq  istəyirdi. Partiya bunu açıq şəkildə deyirdi və onun nizamnaməsinin bir çox müddəaları ölkə konstitusiyasına zidd idi. Bunlardan biri də qadınlarin iş hüququndan məhrum edilməsi idi. Hüquq-mühafizə orqanları ləğv olunmalı və cəmiyyətin idarəsində son illərə qədər Səudiyyə Ərəbistanında olduğu kimi “əmr bil-məruf və nəhy ənil-münkər” (insanları yaxşı işlərə çağırmaq və pis işlərdən çəkindirmək) prinsipləri əvəz etməli idi. Bu isə tamamilə qanuna və konstitusiyaya ziddir. Bu partiya seçkilərdə qalib gələndən sonra, bu seçkilərin nəticələrinin qeyri konstitusion olduğunu nəzərə alan dövlət onları ləğv etdi.

Bu çox mühüm bir məsələdir, çünki bəzi KİV-lər belə bir şaiələr yayırlar ki, məhz hərbçilər bu nəticələri ləğv edib. Bu doğru deyil. Belə ki, dövlət vəziyyətə ordu vasitəsilə müdaxilə etdi. Çünki, bu partiyanın ideoloji xətti əsasən konstitusiyaya müxalif  idi, ölkədə anarxiya yaradıb konstitusiyanı dəyişə bilərdi. Dövlət qanunları qorumaq üçün vəziyyətə müdaxilə etməli oldu. Onlar həm də deyirdilər ki, Maliyyə nazirliyinin işi düzgün qurulmayıb, biz sərvəti birbaşa insanlara paylamaq istəyirik. Bu əməli baxımdan gerçəklikdə tətbiqi mümkün olmayan bir iş idi. Məhz Maliyyə nazirliyi ölkənin inkişafını və infrakstrukturun yaradılmasını düzgün maliyyələşdirə bilərdi. Onların seçdikləri yol qeyri - konstitusion, anormal və sistemsiz bir yol idi. Buna görə də dövlət onların qarşısını aldı. Dövlət onlara mane olanda bəzi xarici dövlətlər onları dəstəklədi. Bu məsələdə maraq güdən hər dövlət onları pul və silahla təmin edirdi. Sizə bir misal gətirim: Necə olur ki, bütünlüklə silah və sursatla yüklənmiş bir gəmi Almaniyanın Hamburq limanından çıxaraq Hollandiyadan, ondan sonra Fransa, İspaniya və Mərakeşdən keçərək Əlcəzairə daxil olur? Əlcəzair polisi bu gəmini yoxlayanda orda silah tapır. Baxın, gəmi bütün bu dövlətlərdən keçir, amma onda silah tapılmır! Çünki bu halda Əlcəzairə qarşı qəsd hazırlığı ifşa edililir. Çünki Əlcəzair, Fələstin və başqa problemlərdə ədalətsizliyə yox deyir, ədalətsizlik və təcavüzə qarşı çıxır. 

Şər qüvvələr Əlcəzairə qarşı birləşmişdilər, lakin biz onları məğlub etdik. Çünki güclü ordumuz var. İçərisində almanlar, fransızlar, mərakeşlilər, liviyalılar, afrikalılar və başqaları olmaqla, terrorçuların sıralarında vuruşan çoxsaylı əcnəbini həbs etdik. Terror  təkcə Əlcəzairin deyil, həm də dünyanın problemidir. Əlcəzairə qarşı yönəlmiş bu terror həm də başqa dövlətləri hədəfə almışdı. Bu misaldan anlaşılır ki, terror əməliyyatları Əlcəzairə qarşı planlaşdırılmışdı. Biz terrorla qarşıdurmada böyük təcrübə əldə edə bildik. Allaha şükür ki, Prezident Əbdüləziz Buteflika hakimiyyətə gələndən və Əlcəzairdə milli barışıq elan etdikdən sonra ölkəmizdə əmin-amanlıq bərqərar oldu. Ordu indi sərhədlərdə yerləşdirilmişdir, bildiyiniz kimi bizim sərhədlər çoz uzun olub 7500 km. əhatə edir. Allaha şükür ki, indi Əlcəzairdə əmin-amanlıq hökm sürür, hər şey qaydasındadır.   

- Məlum olduğu kimi, Əlcəzair də Azərbaycan kimi neft və qaz ölkəsidir. Bu sahədə əldə edilən gəlirlərin xərclənməsində Əlcəzairin təcrbüəsi barədə danışmağınızı xahiş edirik.

- Bizim neft istehsalımız, təqribən Azərbaycanda olduğu qədərdir. Amma Azərbaycanla müqayisədə daha çox qaz ixrac edirik. Prezident Əbdüləziz Buteflika hakimiyyətə gələndən sonra, 1999 cu ildən bu günə kimi, təqribən 20 il ərzinda gəlirlərimiz 1.2 trilyon dollar olmuşdur. Əlcəzairdə hər şey şəffafdır, yazılır və qeydə alınır. Gəlirlərin hara xərclənməsi də məlumdur. Sizə bəzi misallar gətirəcəyəm: 5 mindən çox mənzil tikdik. Onlardan 30%-i sosial təyinatlı mənzillər olub kasıblar üçün nəzərdə tutulmuşdu. Onların aylıq icarə haqqı azdır, çünki bu adamlar böyük sərvətə malik deyillər. Bu beş min mənzil əslində orta gəlirli, ər, arvad və 4 uşaqdan ibarət ailələr üçün nəzərdə tutulub. Bu da o deməkdir ki, biz 30 min adamı mənzillə təmin edə bildik. Bütün nizamsız tikilmiş gecəqondular ləğv edildi, əvəzinə yeni evlər tikildi.

Kənd sakinlərindən hər ailəyə 10 min dollar pul verildi ki, özlərinə hər birinin sahəsi 200 kv.km olan  ev tiksin. Sayı təqribən 3 milyona çatan bu kəndlilər özlərinə istədikləri kimi mənzil tikə bilərlər. 

Şəhərlərə gəlincə, Əlcəzair hökuməti indi 5 yeni şəhərsalma layihəsini həyata keçirir. Ölkədə yollar çəkilir. İndi Mərakeşdən başlayıb 24 şəhəri birləşdirən və Tunisə qədər uzanan 1260 km.-lik sürətli yol layihəsi üzərində iş gedir. Əlcəzairin qərbindən şərqinə uzanan başqa bir yol da çəkilir. Başqa bir avtomobil yolu da vardır ki, o, Afrika Birliyi yolu adlanır. Prezident Əbdüləziz Buteflika hakimiyyətə gələndə ölkədə yolların uzunluğu 86 min km. idi, indisə bu rəqəm 140 min km-ə çat;b, deməli, təqribən iki dəfə artıb. Su bəndləri barədə deməliyik ki, onların sayı təqribən 47 sədd idi, indi bu say 85-dir. Əlcəzair universitetləri barədə deməliyik ki, ölkədə cəmi 35 universitet var idi, indi inistutlarla birlikdə onların sayı 114-ə qədər yüksəlib. Universitet tələbələrinin sayı 1600-dan 2  miyona qədər artıb. Ölkədə 300 xəstəxana var idi, indisə onların sayı 600-ə çatıb. 

Biz içməli su problemi ilə də üzləşdik. Biz Avropa ölkəsi deyilik. Bizim ancaq şimal bölgələrimizə yağış yağır, başqa yerlərə isə çox az yağır. Prezidentin göstərişilə dəniz suyunun təmizlənməsi layihələri həyata keçirildi. İndi bizdə suyun təmizlənməsi üzrə 15 stansiya var. Bu da o deməkdir ki, respublika bütünlüklə içməli su ilə təmin edilib. Ölkə ərazisinin 97%-i elektrik enerjisilə təmin edilib. Baxmayaraq ki, Əlcəzair böyük dövlətdir, ölkə ərazisin 60%-nin təmin edilməsi çox böyük məsrəf tələb edir. Hazırda ölkə ərazinin belə geniş olmasına görə, onu infrastruktur layihələrilə tam əhatə edə bilməmişik.

Əlcəzair böyük dövlətdir, ərazisi təqribən 2.5 milyon kv. km.-dir. Bütün bu ərazini əhatə etmək çətindir. Bizim isti cənub bölgələrimizin qaza ehtiyacı yoxdur, onlarda qaz balonlarından istifadə edilir. Gənclərin yeni kiçik və otra həcmli zavodlar açmaq üçün köməyə ehtiyacları var. Kənd təsərrüfatı torpaqlarının əkin üçün yararlı hala salınması layihələri də irəli sürülür. Qadınların işləməsi üçün kiçik müəssisələr açılır. Orta məktəblərdə şagirdlərin sayı təqribən 12 min nəfərə çatır. Sənayə sahəsində Əlcəzairdə 30 avtomobil zavodu fəaliyyət göstərir. Metal istehsalı bu il 12 min tona çatıb. Xaricə təqribən 30 milyon ton sement ixrac edilir. Bunlardan əlavə Əlcəzair başqa məhsullar da ixrac edir, bunlardan elektron sənayesi və kənd təsərrüfatı məhsullarını göstərmək olar. Əlcazir oyanışdadır, hətta bəzi vətəndaşlarımız Fransada öz bizneslərini bağlayıb,  Əlcəzairdə yeni layihələr həyata keçirməyə başlayıb. Çünki, burada iş üçün münbit şərait vardır.

- Cənab səfir, bildiyiniz kimi, Azərbaycan ərazisinin işğalı problemi ilə üzləşib. Sizin ölkəniz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli  ilə bağlı hansı mövqeyi tutur?

- Əlcəzairdə biz heç vaxt ondan dönməyəcəyimiz bir prinsipi rəhbər tuturuq: Biz müstəmləkə olmuşuq və işğalın nə olduğunu yaxşı bilirik. Müstəmləkəçilərdən bizim qədər əziyyət görən bir ölkə yoxdur. Buna görə də Əlcəzair işğala qarşıdır. Bizim xarici siyasətimiz öz həqiqətlərimizi, öz gerçəkliyimizi və tarixi təcrübəmizi əks etdirir. Biz yüzdə-yüz dünyanın hər yerində işğal faktını pisləyirik. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və o, beynəlxalq qanunlara, BMT-nin qərarlarına əsasən Azərbaycana qayıtmalıdır.

Cənab səfir müsahibə üçün sağ olun. Oxucularımıza nələri çatdırmaq istərdiniz?

Oxucalara demək istəyirəm ki, Azərbaycan önəmli və nəhəng addımlarla inkişaf və tərəqqi yolunda irəliləyir. Azərbaycan xalqı işləməli, cənab Prezidentin irəli sürdüyü proqramları dəstəkləməlidir. Çünki bu proqlamların ölkə və xalq üçün böyük xeyri var. Onlar ölkəni daha yüksək səviyyələrə qaldıracaq. Sizə təşəkkürümü bildirirəm.  

 

Müsahibəni hazırladılar: Fəlsəfə doktoru Zakir Qasımov və jurnalist Həşım Məmmədov


1

 
1
 
1
 
1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...