“Bahar qızı Novruz atributlarına sonradan əlavə olunub, “papaq atma” mərasimi isə…” - Folklorşünas | Eurasia Diary - ednews.net

23 Aprel, Çərşənbə axşamı


“Bahar qızı Novruz atributlarına sonradan əlavə olunub, “papaq atma” mərasimi isə…” - Folklorşünas

Müsahibə A- A A+

Eurasia Diary Azərbaycan Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Elyar İslamla müsahibəni təqdim edir.  Folklorşünas ilaxır çərşənbələr və Novruz bayramı ilə bağlı unudulmaqda olan adət-ənənələrdən söz açıb, bilmədiklərimiz haqda danışıb.

Maraqlı müsahibəni təqdim edirik:

- Novruz bayramı ərəfəsindəyik, artıq ilaxır çərşənbələrin ikisini geridə qoymuşuq. Ümumilikdə 4 çərşənbə və Novruz bayramı haqqında bilgilərinizi eşitmək istərdik.

- Ümumiyyətlə Novruz bayramına hazırlıq hələ qış mövsümündən, dekabrın 21-dən başlayır. Çünki Novruz bayramı 7 mərhələdən ibarət olur - ilk öncə Çillələr, Xıdır Nəbi, daha sonra 4 çərşənbə və 7-ci rəqəmi tamamlayan Novruz bayramı...

Çillə dekabrın 21-dən başlayır. Bu adət demək olar ki, unudulub və çox az bölgələrdə qeyd olunur. Əsasən Naxçıvanda yadda qalıb, Lənkəranda, Qazax bölgəsində geniş şəkildə keçirilir. Dekabr ayından sonra Böyük çillə bitir, Kiçik çillə başlayır. Bu çillənin 10 günlüyündə Xıdır Nəbi bayramı qeyd olunur. Bu bayramdan sonra Yalançı çərşənbə, Xəbərçi çərşənbə, Kül çərşənbəsi başlayır. Çərşənbələrin bu cür adlanması da çox az bölgələrdə təsadüf edilir. Amma ümumilikdə əksəriyyət çərşənbələri Su, Od, Yel, Torpaq çərşənbəsi adlandırır. Bəzən hətta bir çox bölgələrdə şərşənbələrin yerinin dəyişdirilməsinə də rast gəlirik. Məsələn, bu həftə Bakıda Od çərşənbəsi qeyd olunsa da, Naxçıvanda Torpaq çərşənbəsi kimi qeyd olundu. Çünki bu sıralanmanı təqdiqatçılar müxtəlif cür qeyd edib. Ümumiyyətlə çərşənbələr ilə adət-ənənəni araşdıranda müxtəlifliyə rast gəlirik. Təqdiqatçılar həmrəy olub, əsl sıralamanı verə bilmirlər.

- Çərşənbələrin hazırda unudulan adət-ənənələri hansılardır?

- Hər bir çərşənbənin özünə məxsus adətləri, ayinləri var. Məsələn, Su çərşənbəsində müxtəlif su falları icra edilir. İnsanlar səhər tezdən gedib bulaqdan su gətirər, onu evlərinin künclərinə çiləyər, xəstələrə içizdirər, mal-qaraya verər, əkin sahələrinə səpərlər. İnanca görə bu ruzi-bərəkət gətirir.

Od çərşənbəsində isə adətə görə çox böyük tonqal qalanar. Əslində bütün çərşənbələrdə tonqal qalanır, lakin insanlar çalışır ki, bu çərşənbədə tonqal daha gur və böyük olsun. Tonqalın üzərindən atılaraq “ağırlığım-uğurluğum tonqalda yansın, azarlığım tökülsün” deyirlər. Həmin gün evlərdə də çıraqlar, şamlar səhərə qədər yanır. Adətən şamlar evdəki adamların sayına görə olur.

Daha sonra üçüncü, Yel çərşənbəsi gəlir. Bu çərşənbə ilə bağlı Yel baba rəvayəti var. Yel baba darda olan insanlara kömək edən bir obraz kimi təsvir olunur. Rəvayətə görə Yel baba meşədə azan bir qıza yumaq verir. Qız həmin yumağı aça-aça meşədən çıxa bilir.

Sonuncu çərşənbə, Torpaq çərşənbəsi ilaxır çərşənbə kimi qeyd olunur. Adətən bu çərşənbə Novruz bayramının ən yaxşı keçirilən və yadda qalan çərşənbəsidir. Çünki bu çərşənbədən sonra Novruz bayramına sayılı günlər qalır. Həmçinin insanlar  torpaqda əkin-əkib, ondan aldığı məhsulla qidalandandıqları üçün torpağa çox bağlıdırlar. Bu səbəbdən Torpaq çərşənbəsi daha təmtəraqlı qeyd olunur.

Xatırlayıram ki, uşaq ikən kənddə köhnə paltarları, əskiləri topa şəklinə salıb, bərk simlə və yaxud iplə bağlayıb, neftlə yandırar, sonra isə onu əlimizdə fırladıb, göyə atardıq. Və yaxud 15-20 sm uzunluğunda çubuqlar kəsər, onların başına pambıq dolayıb, neftə batırıb şam əvəzi yandırardıq. Bu kənd yerində yaşayan uşaqların əyləncəsi idi. Həmin gün qaranlıq tam düşmədən məzarlığa gedər, dünyasını dəyişən yaxınlarımızın qəbirləri üstə dualar oxuyar, şam yandırardıq. Daha sonra evə gedib, ailədəki üzvlərimizin sayı qədər şam götürüb məscidə aparar, yandırardıq. Məsciddən geri döndükdən sonra həyətdə də ailə üzvlərinin sayı qədər şam yandırardıq. Belə bir inanc da var idi ki, kimin şamı tez bitsə, həmin adam evdə ən az yaşayan olacaq.

Ümumiyyətlə bizim bir çox adətlərimiz var ki, artıq sıradan çıxmağa başlayıb. Səbəb isə elmi-tərəqqinin, müasir dünyamızın inkişafı ilə bağlıdır. Belə ki, dünya ölkələri ilə əlaqələr sıx olduqca bir-birinin mədəniyyətləri mənimsənilir, daxildə olan bəzi ənənələr unudulur. Bu bir qədər də gənc nəslin unutqanlığı ilə bağlıdır. Halbuki keçmişdə bizim çox gözəl adət-ənənələrimiz olub, hər bir bayramın özündə bir tarix yaşayıb. Adət-ənənələrimizə nəzər salıb əcdadlarımızın yaşam tərzini müəyyənləşdirə bilirik. Məsələn, tonqal qalanmanı bəzən atəşpərstliklə əlaqələndirirlər. Lakin qədim türklərin yaşam tərzinə baxdıqda görürük ki, onlar öz sevincli və bədbin günlərini tonqal vasitəsi ilə uzaqda olan türklərə çatdırıblar. Məsələn, hündür dağ başında tonqal qalanardı. Əgər tonqal bir dənə olsaydı, deməli tayfada sevinc, iki tonqal olsaydı bəd gün yaşanır. Üç tonqal isə artıq o deməkdir ki, əmək günüdür, əkin-biçinə, maldarlığa köməklik lazımdır. Beləliklə odun atəşpərəstliklə əlaqələndirilməsinin tərəfdarı deyiləm.

- İlaxır çərşənbənin Novruz bayramı ilə üst-üstə düşməsi də mübahisəli məsələ yaradır. Bəziləri qeyd edir ki, əslində İlaxır çərşənbənin Novruz bayramı ilə eyni gündə keçirilməsi doğru deyil...

- Çərşənbələr elə hesablanmalıdır ki, İlaxır çərşənbə Novruz bayramından əvvələ düşsün. Əgər üst-üstə düşərsə, deməli doğru hesablanmayıb.

- Son illərdə novruzun atributları ilə bağlı da müzakirələr gedir. Məsələn, Kosanın cın-cındır paltarda gəzib, pay istəməsi dilənçilik kimi qəbul edən, ümumiyyətlə bu obrazın sıradan çıxarılmasını istəyənlər var.

- Diqqət etsəz görərsiz ki, Kosanın paltarı Keçəlkindən həmişə daha köhnə olur. Kosa qışın əlamətidir, yəni qış artıq köhnəlib və yerini yaza verir. Bəli, son illərdə müşahidə edirik ki, Kosanın pay istəməsini dilənçilik kimi qəbul edirlər. Bir neçə gün bundan əvvəl də televiziya kanallarının birində bununla bağlı mübahisəli məsələ yaşandı. Qeyd edim ki, Kosa ilə bağlı ənənə tam verilmir. Kosa və Keçəlin məzhəkəli oyunlarının arxiv variantlarında əslində Kosa, Keçəl və keçidən ibarət olub. Belə ki, keçin yazın rəmzidir, Kosa ilə Keçəlin dalaşması yazla qışın mübarizəsidir. Sonda keçi gəlib Kosanın qarnını yırtır, bunun mənası isə odur ki, qış məğlub olub, yaz gəlir. Daha sonra Kosa ilə Keçəl ətrafdakı insanlardan pay yığar. Keçmişdə hətta paylarını qapı-qapı gəzib yığırmışlar. Türkiyədə hazırda bu adət saxlanılır. İnsanlar narahat olurmuşlar ki, “bu il niyə qapımıza Kosa ilə Keçəl gəlmədi?” Kosal ilə Keçəl yığdıqları payı aparıb imkansız ailələrə paylayardı, bayram günlərində onların da süfrəsi boş qalmasın.  Müasir dövrümüzdə bu hissə verilmir, demək olar ki, unudulub. Yalnız onu görürük ki, Kosal ilə Keçəl payı yığıb, gedirlər.

- Qeyd etdiz ki, məzhəkəli oyunda əslində üç obraz, Keçəl, Kosa və keçi olub. Bəs Bahar qızı?

- Bahar qızı obrazı sonradan əlavə olunub. Novruz atributlarında Bahar qızı olmayıb.

- Keçidən söz düşmüşkən, Qobustandakı qədim qayaüstü rəsimlər arasında keçi rəsimlərinə tez-tez rast gəlirik. Ümumiyyətlə, Azərbaycan folklorunda keçi nəyin rəmzidir?

- Novruz bayramlarında keçi yazın, ümumilikdə isə bərəkət rəmzidir. Çünki keçinin saxlanılması da çox asan başa gəlir, onun dərisindən, yunundan, südündən, pendirindən istifadə ediblər. Həm də keçi digər mal-qaraya nisbətən çox artımlıdır, yəni bir il tamam olmadan bala verə bilir. Bəslənməsi də çox asan başa gəlir, belə ki, keçi tikan, qanqal da yeyə bilir, yəni yemə daha az tələbatı var. Əti də çox dadlıdır, hətta bir çox xəstəliklərə dərman ola bilir, eləcə də südü ana südünə yaxın olduğu üçün çox istifadə edilib. Bu baxımdan keçi bərəkət rəmzidir.

Bir məsələni də qeyd etmək istərdim, hazırda unudulmaqda olan adətlərimizdən biri də pay aparılmadır. Bu, qohumlar arasında əlaqələrin möhkəmlənməsinə, mehribançılığın daha da artmasına gətirib çıxarırdı. Qohumlar və qonşular arasında mehribançılığın artması ümumilikdə xalqın mehribançılığı, möhkəmlənməsi deməkdir. Son zamanlarda isə xüsusən də böyük şəhərlərdə pay aparma adətinə çox nadir hallarda rast gəlirik. İnsanlar demək olar ki, yalnız ata-anaya, bacı-qardaşa, yəni ən yaxın insanlarına pay aparırlar. Ümumiyyətlə pay aparmayan ailələr də var. Kənd yerlərində isə hələlik bu adət qorunub saxlanılır. Hətta belə bir deyim də var, “Tut yetişənə qədər bayramdır”. Yəni, yazın 1-2 ayı geridə qalmasına baxmayaraq, insanlar yenə də bir-birinə pay aparır.

Digər unudulan adətlərdən biri də “danatma mərasimi”dir. Keçmişdə insanlar axşamdan özü ilə azuqə götürüb, çay kənarına gedib, tonqal qalayardı. Bu adəti xüsusən də gənclər yerinə yetirirdi. Səhərə qədər tonqalın sönməsinə qoymaz, gənc oğlanlar onun ətrafında güləş tutar, xanımlar bayatılar deyər, fallar icra edərdilər. Elə ki, dan yeri ağaranda suyun yanında da tonqal qalayıb, suyun üzərindən atlanıb, “ağırlığım-uğurluğum suya tökülsün, azarlığımı-bezarlığımı su aparsın” deyərdilər. Həmin su artıq çərşənbə suyu sayılırdı və onu evə aparardılar.  Hazırda Naxçıvan MR-nın Şərur rayonunda bu cür “sulaşma” adəti var. Gənc qızlar, oğlanlar səhər su kənarına gedib, apardıqlar su qablarını doldurub bir-birinin üzərinə atar, həmin sudan gətirib evdəkilərin də üzərinə “aydınlığa çıxasız”deyib, su atarlar.

- Papaq atma mərasimi ilə də bağlı son zamanlarda müzakirələr gedir, əksəriyyət papağın yerə atılmasını pisləyir. Ümumiyyətlə bu ənənənin sonradan yarandığını deyənlər də var. Məlum olduğu kimi qədimdə damlardan şal sallama mərasimi olub. Hətta “Dəli Kür” filmində də bununla bağlı gözəl bir epizod var. Siz necə, qapılara papaq atma adətinin tərəfdarısız, ya əksinə?

- Mən də papağın yerə atılmasının tərəfdarı deyiləm. Çünki papaq və arvad türk kişisinin namusu sayılıb. Bu baxımdan papağın yerə atılması doğru sayılmırdı. Bəzən deyirlər ki, uşaqların böyüklərin deyil, öz papaqlarını atırlar. Amma nəzərə alsaq ki, uşaq hələ kiçik yaşlarda tərbiyələndiyi vaxtda papağı yerə atırsa, böyüyəndə də o papağı ata, onun qədrini bilməyə bilər. Keçmişdə qapılara papaq atılmayıb. Çünki pay almaq adəti evlərin bacalarında icra edilib. Məsələn, bacadan papaq atılsaydı, onu geri qaytarmaq mümkün olmazdı. Oğlanlar bellərinə bağladığı qurşağı və yaxud şalı açıq bacadan sallayar, öz paylarını istəyərdilər. M.H.Şəhriyarın da bu barədə məşhur şeiri var:

“Şal istədim, mən də evdə ağladım, 
Bir şal alıb tez belimə bağladım. 
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb, ağladı”.

- Amma bu gün bacalar yoxdur...

- Təbii ki, elmi-texniki tərəqqi dəyişdikcə adətlərdə də dəyişdirilir, yeniliklə edilir. Məsələn, xatırlayıram ki, uşaq ikən qapının önünə xurcun və yaxud yaylıq qoyardıq, bayram payını da ona büküb verərdilər. Amma indi uşaqlar papaq atır. Düşünürəm ki, papaq xurcun və yaxud torba ilə əvəz olunsa, daha yaxşı olar.

Hazırda “qulaq falı” adəti də sıradan çıxmaqdadır. İndiki yeni tikilən binaların demək olar ki, hamısının blokuna giriş yalnız kod vasitəsi ilə olur. Bununla da şəhər yerlərində bu adət artıq icra olunmur. Kənd yerlərində isə insanlar darvazaları açıq qoyar ki, gəlib qapısında qulaq falına çıxsınlar, evindən xoş sözlər eşitsinlər. Hamı çalışır ki, bayram günü evdə xoş sözlər danışsınlar ki, qulaq falına çıxan gənc qızlar ümidlə qayıtsınlar. Bu cür adətlər əslində bayramın ən gözəl ritualları,  ayinləridir. Keçmişdə televizor, internet resusları yox idi və insanlar bayramlarını əyləncəli keçirmək üçün bu cür adətlər icra edirdi. İndi isə bayram günü televiziya kanllarında konsertlər verilir, şəhər yerlərində maraqlı tədbirlər keçirilir və bununla da insanların özlərinin nəsə əyləncə təşkil etməsinə ehtiyac qalmır.

Ümumiyyətlə, Novruz türk dünyasının ən yaxşı bayramlarından biri, demək olar ki, birincisidir. Hərçənd ki, bəziləri u bayramı atəşpərəstliklə əlaqələndirir, bu doğru deyil. Novruz həm yaşlıların, qocaların yada salındığı, küsülülərin barışdığı, uşaqların sevindiyi, əcdadların yada salındığı, qohum-qonşunun bir-birinə bayram payı apardığı bayramdır. İkinci bir bu cür bayram yoxdur, bu baxımdan Novruzun adət-ənənələrini, rituallarını, ayinlərini qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq”. (musavat.com)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...