“Demək olar ki, hər gün Qarabağı ziyarət edirəm. Bu günlərdəki səfərim isə Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində oldu. Dağıdılmış torpaqlarımız qarış-qarış bərpa olunur. Bunun əksini heç kim iddia edə bilməz. İnsan addımbaşı hiss edir ki, inkişaf və dəyişiklik var. İstər müəyyən tikinti işlərinin aparılmasında, istərsə də qəsəbə və şəhərlərin bərpa olunmasında, yollar çəkilməsində. Bütövlükdə Qarabağ bir tikinti meydançasını xatırladır”.
Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Ednews Tv-yə müsahibəsi zamanı deyib.
O daha sonra bildirib ki, Qarabağda gedən bərpa işləri Azərbaycan iqtisadiyyatının gələcəyi üçün investisiyadır:
“Bütün bərpa işlərinə baxmayaraq hələ də xeyli sayda dağıdılmış, talan edilmiş ərazilər var. Ən böyük problem isə minalardır. Az əvvəl xəbər aldım ki, Qazax rayonu ətrafında Azərbaycan hərbiçisi mina insidentinin qurbanı olub. 30 il ərzində isə bu ölüm statistikası 3500 civarında olub”.
Xəyal Ramiz