Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov 11-12 sentyabr 2018-ci il tarixində Argentina Respublikasına səfər edib | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə axşamı


Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov 11-12 sentyabr 2018-ci il tarixində Argentina Respublikasına səfər edib

Siyasət A- A A+

Eurasia Diary xəbər verir ki, 11-12 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Argentina Respublikasında səfərdə olmuşdur. Nazir müavini Xələf Xələfov səfər çərçivəsində Argentina Parlamentinin Senatının spikeri Federiko Pinedo və bir sıra diplomatlarla görüşmüşdür.

Görüşlər zamanı coğrafi baxımdan uzaq məsafələrdə yerləşməsinə baxmayaraq, Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, eyni zamanda hər iki dövlətin müxtəlif sahələrdə potensialını nəzərə alaraq, yeni əməkdaşlıq imkanlarından faydalanmağın vacib olduğu bildirilmişdir. 2018-ci ilin Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu vurğulanaraq, mövcud siyasi dialoqun yüksək səviyyəsinin əməkdaşlığın digər sahələrində də irəliləyişlərə təkan verdiyi qeyd olunmuşdur.

Görüşlərdə həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi, münaqişə üzrə danışıqlar prosesinin son durumu barəsində geniş fikir mübadiləsi aparılmış, mövcud münaqişələrin beynəlxalq hüquq normalarına uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət və riayət edilməsi əsasında həll olunmasının labüdlüyü qeyd edilmişdir.

Nazir müavini X.Xələfov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin və təmasların vacib olduğunu qeyd edərək, Azərbaycan və Argentina arasında siyasi və beynəlxalq məsələlər baxımından fikir ayrılıqlarının mövcud olmadığını, mövqelərin çox yaxın, bəzi hallarda isə üst-üstə düşdüyünü qeyd etmişdir. X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi üzrə Argentinanın Azərbaycanın ədalətli mövqeyinə dəyişməz dəstək və münasibətinin yüksək qiymətləndirildiyini xüsusi vurğulamışdır.

X.Xələfov çoxtərəfli platformada qarşılıqlı dəstəyin ifadə edilməsinin önəmli olduğunu əlavə etmişdir.
Görüş zamanı həmçinin iqtisadi əməkdaşlığın vacibliyi bildirilmiş, ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün hökumətlər çərçivəsində lazımi mexanizmlərin təsis edildiyi qeyd edilmiş və Hökumətlərarası İşçi Qrupunun növbəti iclasının 2019-cu ildə Bakıda keçirilməsi barəsində niyyət ifadə edilmişdir. Göstərilən səylər nəticəsində ticarət dövriyyəsində müəyyən artım dinamikasının müşahidə edildiyi və nəqliyyat, energetika, qeyri-neft  sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, mədəniyyət və bu kimi digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

Siyasi məsləhətləşmələrdə həmçinin yaxın keçmişdə qarşılıqlı səfərlər çərçivəsində imzalanmış müqavilələrin statusu və icrası barəsində müzakirələr aparılmış və hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin ikitərəfli əməkdaşlığın irəlilədilməsində mühüm rol oynadığı qeyd edilmişdir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...