Bu gün Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktının qəbul edilməsindən nə az, nə çox düz 27 il keçir. Əslində, bir hüquqi aktın qüvvəyə minməsi ilə biz müstəqil olmadıq. O akt sadəcə müstəqilliyimizi qanuniləşdirdi. O müstəqillik ki, minlərlə şəhidin qanı, minlərlə şəhid anasının gözyaşı bahasına qazanılmışdır. O müstəqillik ki, onun uğrunda mübarizədə əldə etdiyimiz andan, 1920-ci ildən başlamışdıq. Biz bu gün qürurla qeyd etdiyimiz müstəqilliyi Məhəmmədəmin Rəsulzadə və onun silahdaşlarından miras aldıq.
Bu gün hər bir azərbaycanlı Azərbaycan müstəqilliyini öz namusu tək qorumalı və onu təzyiq və təhlükələrdən mühafizə etməlidir. Çünki, müstəqillik hər millətə nəsib olmur. Yalnız o millətlər müstəqil ola bilirlər ki, onlar bunun üçün qurban verə bilirlər. Biz də çox qurban vermişik, müstəqilliyimiz müqabilində çox şey itirmişik. Elə ona görə də Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının qürur və şərəf simvoludur. Bütün azərbaycanlılar müstəqilliyimizin bizə atalarımızın mirası və əmanəti olduğunu dərk etməlidir.
Sonda Azərbaycana müstəqilliyini öz qanları və canları bahasına qazandırmış Şəhidlərimiz başda olmaqla bütün Azərbaycan xalqını “Müstəqillik Günü” münasibətilə təbrik edirik. Tanrı müstəqilliyimizi və dövlətimizi daimi qılsın!!!