Sloveniya hökuməti Ermənistan və Azərbaycan arasında son razılaşmanı alqışlayıb.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
“Sloveniya 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında razılaşmanı alqışlayır və davamlı sülhə doğru atılan bu addıma görə hər iki tərəfi təbrik edir”, - deyə nazirliyin bəyanatında qeyd edilib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.