Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlarda reallığa çevrilə bilər.
Ednews xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Gürcüstan nümayəndəsi Georgi Qvimradzenin sualına cavabında söyləyib.
Dövlətimizin başçısı diqqətə çatdırıb:
“Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik. Siz elektrik enerji sahəsini və üç ölkənin potensialını qeyd etdiniz. Bəli, bu düzdür. Biz buraya Azərbaycan ilə Gürcüstan arasında təbii qaz sahəsində əməkdaşlığı da əlavə etsək görəcəyik ki, bunun faydası qarşılıqlıdır.
Xüsusilə Gürcüstan üçün qazın güzəştli qiyməti və infrastruktur baxımından yaxınlığı nəzərə alınmaqla, potensial olaraq Ermənistan da Azərbaycan qazının alıcısı ola bilər. Biz Zəngəzur Dəhlizinə təkcə dəmir yolu və ya avtomobil yolu bağlantısı kimi deyil, həm də potensial kommunikasiya və enerji dəhlizi kimi baxırıq. Biz Ermənistan ərazisindən elektrik kabeli çəkməklə ixrac imkanlarımızı genişləndirə bilərik və potensial olaraq qaz kəməri də çəkə bilərik.
Biz gürcü həmkarlarımızla nəqliyyat, enerji potensialı, ticarət əlaqələri kimi praktiki əhəmiyyət kəsb edən məsələlər üzrə üçtərəfli məsləhətləşmələrin aparılması imkanlarını müzakirə etdik. Lakin erməni tərəfi hər dəfə bundan imtina edib. Bizim Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatımız var və nazirlər mütəmadi olaraq görüşürlər.
Region ölkələri ilə yaxşı münasibətlərə malik regional əməkdaşlıq Cənubi Qafqaz üçün ən yaxşı ssenaridir. Nə Gürcüstan, nə də Azərbaycan enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı heç bir çətinliklə üzləşmir. Bundan məhrum olan ölkə Ermənistandır. Qəribədir ki, Zəngəzur dəhlizinə niyə bu qədər hiddətlə qarşı çıxırlar. Biz gələcək haqqında düşünməliyik və mən həmkarlarımızı və iştirakçılarımızı sülhdən sonrakı inkişafla bağlı seminar təşkil etməyə dəvət edirəm.
Biz hesab edirik ki, regional proseslərə regional dövlətlər qayğı göstərməlidir. Dörd qazax kəndinin delimitasiyası və geri qaytarılması nümunəsi göstərir ki, biz ikitərəfli yolda birlikdə işləsək, yaxşı nəticələr əldə edə bilərik".