Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ABŞ - ın Nyuland İnstitutunun Avrasiya Təhlükəsizlik və Rifah şöbəsinin direktoru, Kamran Boxarinin sualına cavabında ölkəmizin uğurlarının səbəblərindən danışıb.
Ednews xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:
“Bölgədəki müharibə vəziyyəti olmasa belə, bu çətin mühitdə hərəkət etməyin ən yaxşı yolu qonşularımızla ədalətli və düz olmaqdır. Biz qonşularımızla yaxşı münasibətlər, hətta əla münasibətlər qura bilmişik, çünki onlar bizə güvənə bilirlər və Ukrayna ilə bağlı bizdən heç bir sürpriz yoxdur. Ukraynanın ərazi bütövlüyünə dəstəyimiz açıq şəkildə ifadə olunub və bu, bizim mövqeyimizdir. Eyni zamanda, Rusiya ilə dostluq və strateji tərəfdaşlığımız bu müharibəyə görə zərər görməyib və zərər çəkməməlidir. Bu, hökumətimizin milli maraqlarımıza əsaslanan mövqeyidir.
Biz ədalətli olmalı, addımlarımızı, bəyanatlarımızı beynəlxalq hüquqa əsaslanaraq, ona zidd hərəkət etmədən milli maraqlarımızdan çıxış etməliyik. Bölgədə əcnəbi aktyorların hansısa ölkənin şahmat taxtasındakı fiqurları yerindən oynatması, faciəyə gətirib çıxarması halları olub. Xarici aktyorların öz milli maraqları var ki, bu da bizim maraqlarımızla mütləq üst-üstə düşməyə bilər.
Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuz səbəbi bundadır”.