Beynəlxalq Riyaziyyatçılar Birliyinin “Riyaziyyatın Nobeli” kimi adlandırılan “Filds” mükafatının builki laureatı məlum olub.
Mükafatı İngiltərənin Kembric Universitetinin professoru, kürd əsilli elm adamı Qoçər Birkar alıb.
Onunla birgə Zürix Universitetindən Alessio Fiqalli, Bonn Unoversitetindən Pitr Şolze və Stanford Universitetindən Aksay Venkateş də mükafata layiq görülüb.
Lakin mərasimdən sonra Qoçər Birkarın medalı oğurlanıb. O, medalını salondakı çantasına qoyub və bir neçə dəqiqədən sonra geri qayıtdıqda medalının və mobil telefonunun oğurlandığını görüb. Medalın axtarışları da heç bir nəticə verməyib. Konqresin təşkilatçıları hadisəni təsdiq ediblər.
Qeyd edək ki, riyaziyyatçı Con Çarlz Fildsin adını daşıyan bu mükafat 1932-ci ildən bəri verilir. Beynəlxalq Riyaziyyatçılar Birliyi bu mükafatı 4 ildən bir keçirilən Beynəlxalq Riyaziyyatçılar Konqersində 2,3 və ya 4 elm adamına təqdim edir.
Əlavə olaraq bildirək ki, 40 yaşlı Qoçər Birkar İranın Mərivan şəhərində dünyaya gəlib və 2000-ci ildən bəri İngiltərədə qaçqın status ilə yaşayır.