Lütfi Zadənin dünya alimlərinə nümunə göstərdiyi professor - KİMDİR? | Eurasia Diary - ednews.net

18 Noyabr,


Lütfi Zadənin dünya alimlərinə nümunə göstərdiyi professor - KİMDİR?

Elm və texnologiya A- A A+

Eurasia Diary AzEdu.az-a istinadən Cənubi azərbaycanlı alim, dünyanın bir çox ölkələrində qonaq-professor kimi fəaliyyət göstərən Reza Talebi-Daryani ilə müsahibəni oxucularına təqdim edir:

Müsahibimiz  Köln Universitetindən Avropa İttifaqının V Tempus layihəsinin Azərbaycan üzrə əlaqələndiricisidir. Alman-Azərbaycan Forumu idarə heyətinin üzvü olan alim, həmçinin, Almaniyadakı Azərbaycan diasporunun fəallarından biridir. O, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində Mühəndis sistemləri və qurğuların tikintisi kafedrasında magistrlərə enerji menecmenti ixtisasından dərs deyir.

 - İzninizlə, müsahibəyə öncə sizi tanımaqla başlayaq.

- Mən,  Prof. Dr. Rza Daryani,  Cənubi Azərbaycanda anadan olmuşam. 53 ildir, Almaniyada yaşayıram. Həm orta məktəb, həm də ali təhsilimi ( Dr. Nauk) həmin ölkədə bitirmişəm. 1989-cu ildə  Almaniya Təhsil Nazirliyi tərəfindən professorluq əmrim verilib. 29 ildir, Almaniyanın rəsmi professoruyam. İxtisasım rəqəmsal bina avtomatlaşdırılmasıdır. Həmçinin, Lütfi Zadənin elmindən (Fuzzy Logic Control) istifadə edib binalar üçün enerji menecmenti sistemlərini inkişaf etdirmişəm. Onunla bir çox layihələrdə müzakirələrimiz olub və uzun müddət Lütfi Zadə ilə elmi dostluğumuz davam edib.

- Lütfi Zadə ilə tanışlığınız necə oldu?

- Onunla 1992-ci ildə  konfransların birində tanış olduq. Həmin konfransda  elmi müxbir kimi iştirak edirdim. Lütfi Zadə çox sevindi ki, 1992-ci ildən Azərbaycana elmi yardım gətirmişəm. Əlbəttə, o böyük bir şəxsiyyət  olub, yaşı məndən çox idi. Amerikada – fərqli mədəniyyətdə yaşasa da, sadə bir insan, alim olub. Bizim elmi dostluğumuz son günə kimi davam edib.

“Azərbaycan universitetlərində işləyən əksər professorların sənaye inkişafında rolları yoxdur”

- Onunla bağlı maraqlı, unutmadığınız xatirənizi bizimlə bölüşə bilərsinizmi?

- 1992-ci ildə Lütfi Zadə mənə bir söz dedi. Konfransların birində ondan məsləhət aldım. O zaman cavan professor idim. Lütfi Zadədən  elminin  hansı şaxəsi ilə  gedə biləcəyimi soruşdum. Lütfi Zadə mənə “Reza, konfransdakı 600-700 nəfər iştirakçını görürsən? Sabah konfrans bitəndən sonra, hamı yeni alqoritm yazmağa başlayacaq. Bunu yadından çıxar. Əgər mənim elmimlə tanışlığın varsa, get, onu tətbiq elə” -, dedi. 2015-ci ildə San Fransiskoda konfrans baş tutdu, mən də  dəvət edilmişdim, bir çıxışım oldu. Konfransın ziyafətində kifayət qədər amerikanlar var idi. Lütfi Zadə onlara “Siz 20 ildir ki, mənim elmimə diqqət etməmisiniz. Gedin, professor Rezanın Almaniyada bu elmi necə tətbiq etdiyini görün” dedi.

Lütfi Zadənin yolu ilə - əsərlərimin əksəriyyəti tətbiqatdır. Bilirsiniz, Almaniyada, sənaye ölkələrində riyaziyyat üzrə nəzəri biliklər lazımdır. Lakin  onun tətbiqi də önəmlidir.  Əks halda, nəzəriyyənin insanlara bir faydası olmur. Bu, mənim və Lütfi Zadənin fəlsəfəsi idi. Azərbaycan universitetlərində işləyən əksər professorların  bir zəifliyi var: Onlar tələbəyə riyaziyyat öyrədirlər, amma tətbiqini deyil və sənaye inkişafında rolları da yoxdur.

- Elə əksər tələbələr Riyaziyyat  fənnini həyatda necə tətbiq edəcəklərini bilmirlər. Hətta buna görə, fənnin lazımsız olduğunu düşünənlər də var...

- Mən tələbələri başa düşürəm. Riyaziyyatçı həmkarlarım gərək, öz dərsində tələbələrə tətbiq edə biləcəyi bilikləri çatdırsın. Riyaziyyat vacibdir. Nəzəri, fundamental elmlər olmasa, heç mənası olmaz. Maşınlar riyaziyyatla deyil, mühəndislik beyni ilə işləyir.

- Hansı ölkələrin universitetlərində tədrislə məşğul olmusunuz?

- Çox ölkələrdə olmuşam. Məsələn, Yaponiyanın, Londonun məşhur universitetlərində işləmişəm. Qonaq professor kimi çalışmışam. Sonralar Azərbaycana daha çox gəldim. Buna görə də, digər ölkələrlə əlaqələrim azaldı.

- Bildiyimiz qədərilə, artıq 20 ildən çoxdur ki, Azərbaycanın ali məktəbləri ilə işləyirsiniz...

- ...25 ildən çoxdur, işləyirdim. Bu işləri qurtardım. Biz Avropa İttifaqı tərəfindən 1 milyon 800 min avroqrant aldıq. 17 il müddətində qrantın rəhbəri özüm olmuşam. 5 universitetdə tətbiqi mühəndislik ixtisası açmışıq. Bu elmi ixtisasın 10-u 2017-ci il, yanvarın 31-də  Avropa İttifaqının Baloniya prosesinin sertfikatına layiq görüldü.

- Qeyd etdiyiniz 5 universitet hansı kriteriyalarına görə seçildi?

- Universitetlərdən 3-ü Bakıda, biri Sumqayıtda, biri də Mingəçevirdə yerləşir. Biz ancaq mühəndislik ixtisasları ilə məşğul idik. Bakıda mühəndislik sahəsində 3 məşhur universitet var: Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti. Layihə üzrə  bu universitetlərlə çalışmışıq.

- Köln Universitetindən Avropa İttifaqının V Tempus layihəsinin Azərbaycan üzrə əlaqələndiricisisiniz...

-... Bəli! Biz 5 layihəni müsabiqədə  udmuşuq. 5-ci  layihəni qazanmaq üçün 3 dəfə təkrar ərizə vermişəm.

- Zəhmət olmasa, layihənin məqsədi haqqında danışın.

- Layihənin məqsədi çox sadədir.  Burda biz ixtisasları analiz etdik, müəllimləri aparıb  yeni dərs metodları öyrətdik və onlar burda yeni tədris planı ilə dərs  verməyə başladılar. Və eyni zamanda, 5 universitetlərdə 20 eksperimental laboratoriyalar yaratdıq ki, tələbələr tətbiqi elm istiqamətində bakalavr və magistr dərslərini oxusunlar.

“Azərbaycana modern tədris metodları ilə dərs deyə bilən mütəxəssislər lazımdır”

- Necə düşünürsünüz, layihə ölkəmizdə Baloniya prosesinin həyata keçirilməsində hansısa dəyişiklik  yaratdımı? Ümumiyyətlə, layihənin ölkə təhsilinə nə kimi qatqıları olub?

-  Açığı, obyektiv fikir  deyə bilmərəm. Bir şey bilirəm ki, Azərbaycana modern tədris metodları ilə tələbələrə dərs deyə bilən mütəxəssislər lazımdır.

- Bəs,  bu cür kadrların artması üçün hansı işlər görülməlidir?

-  Mən təklif verə bilmərəm. Amma Azərbaycan universitetlərində müasir dərs verə bilən müxətəssislərin olması çox vacibdir.

- Siz həm də Təhsil Nazirliyinə, Azərbaycanın Almaniyadakı səfirliyinə mühəndis təhsilinin modernləşməsi ilə bağlı məsləhətlər verirsiniz. Bunlar nədən ibarətdir?

- Mən heç kimə  tövsiyə vermirəm. Layihələrdə Təhsil Nazirliyi bizim tərəf müqabilimiz idi. Almaniya səfirliyi bizə ancaq viza məsələsində yardım edib. Qrantı Almaniyadan deyil, Avropa İttifaqından alırıq.  Yəni Almaniya səfirliyinin bu layihələrdə  böyük  rolu yoxdur. Lakin layihələrin həyata keçirilməsində Köln Texniki Universitetinin  rektorunun həddindən artıq böyük rolu olub. Çünki  universitetin tam infrasturkturu  layihənin inkişafı üçün istifadəyə verilib. Bu baxımdan Almaniyanın,  layihələrin uğurla sona çatdırılmasındakı rolunu danmaq olmaz. Köln Texniki Universiteti  layihələr üçün, öz büdcəsindən əlavə pullar ayırıb. Hər layihənin sonunda böyük konfransların fəxri sədri  Almaniya səfiri, Təhsil naziri olurdu.  O cümlədən, layihələrin sonunda Almaniya səfirliyi  tərəfindən ziyafət təşkil edilirdi. Alman hökuməti gördüyümüz işlərə qiymət verir.  Bununla, Azərbaycan və Avropa İttifaqı ölkələri, alimləri, universitetləri arasında mədəni münasibətlər formalaşır.

- Qeyd etdiyiniz kimi, bir neçə ölkələrdə tədrislə məşğul olmusunuz.  Hər halda müşahidə etmiş olarsınız, Azərbaycanla həmin ölkələrin təhsil sistemi arasında hansı fərqlər var?

- Deyə bilmərəm!  Əslində fərqlər çoxdur.

- Bəs necə düşünürsünüz, Azərbaycan təhsili Avropaya necə inteqrasiya edə bilər?

- Gərək tədris sistemində Avropa intizamı olsun. Avropa təhsil sistemi  müasir infrastruktura malikdir. Ancaq “biz eləyik, biz beləyik”- deməklə  inteqrasiya etmək mümkün deyil. Bunun üçün də müəyyən müddət lazımdır.

- Azərbaycanda mühəndis təhsilinin səviyyəsini necə qiymətləndirirsiniz? Sizi qane edirmi?

- Azərbaycanda mühəndis təhsili üçün çox inkişaf lazımdır. Hər şeyi universitetin boynuna qoymaq olmaz. Mən burda tədrislə məşğulam, amma tələbələr dərsə az maraq göstərirlər. Az sayda tələbənin beyini elmlə məşğuldur. Halbuki, dərsləri mənimsəmədikləri müddətcə,  aldıqları diplomun faydası yoxdur. Çalışıram ki, interaktiv tələbələrə dərsi özləri üçün oxuduqlarını başa salım. Tələbələr diplom üçün oxumasınlar. Azərbaycan sənayesinə iş bacaran mühəndis lazımdır, diplomlu mühəndis yox. Stiv Cobsun universitet diplomu olsa da, Bill Qeytsin yox idi. Amma Bill iş bacaran biri olub. Bu proses ikitərəflidir. Universitet gərək infrastrukturu elə hazırlasın ki, tələbə həvəslə ora  gəlsin. Tələbələrə həmişə deyirəm, siz qapını açıb içəri girəndə və dərsdən çıxanda özünüzə “Bu gün İQ səviyyəm çoxaldımı” sualını verin. Çoxalmırsa, iki günahkar var: müəllim və tələbələr. Bu, çox sadə prosesdir.

- Belə başa düşdük ki, tələbələrin mühəndislik yönümlü təhsilə marağı sizi qane etmir...

- Bəli.  Təəssüf ki, magistr kursumda təhsil alan bəzi tələbələrin  bazaları yoxdur. Onların biliklərinin əsası bakalavrda qoyulmalıdır. Bura elə tələbələr gəlir ki, məsələn, iqtisadiyyat ixtisasını bitirib.  Onlarda mühəndisliyin bazasından söhbət gedə bilməz. Bu, ikitərəfli prosesdir. Dediyim kimi, günahı ancaq universitet və ya professorlarda görmək olmaz. Tələbə özü təhsil almaq istəməlidir. Mən dəfələrlə tələbələrə deyirəm ki, digər professorlardan ədəbiyyat siyahısı alsınlar. Hansı ki, həmin ədəbiyyat mənim tədrisi ilə məşğul olduğum ixtisas üçün önəmli  məlumatlardan ibarətdir.

“Tələbələrin əksəriyyəti  ingilis dilini başa düşmür”

- Bəzən tələbələr ixtisas üçün önəmli olan ədəbiyyat siyahısının azlığından şikayət edir.

- Ədəbiyyat heç zaman kifayət qədər olmur. Mənim ədəbiyyatım alman və ingilis dilindədir. Bilirsiniz, mən burda tələbələrə  enerji menecmenti  üzrə ingilis dilində dərs deyirəm. Öz əsərlərimi böyük zəhmətlə alman dilindən ingilis dilinə tərcümə etmişəm. Lakin tələbələr zəifdir. Onların əksəriyyəti  ingilis dilini başa düşmür. Bu baxımdan,  tələbələrin  anlaması üçün,  yenidən  əsərlərimi  Azərbaycan dilinə çevirməli oluram.

- Magistrlərə dərs deyirsiniz. Çoxları Azərbaycanda magistr təhsilinin bakalavrın təkrarı olduğunu düşünür. Sizcə ölkədə magistr təhsilini bu şablondan çıxarmaq üçün hansı yeniliklərə ehtiyac var?

- Magistr bakalavrın təkrarı ola bilməz. Magistr gərək, bakalavrdan yüksək səviyyədə olsun ki, tələbələrə nəsə öyrətsin. Əgər dediyiniz kimi təkrar olsa, nə faydası? Tələbələr niyə magistr oxusun?  Bakalavrı bitirib işləyə də bilər. Magistr səviyyəsi təkrar deyil. Tədris metodunda belə şey olmamalıdır. Bu gün Azərbaycanda belə vəziyyət varsa, ona rəy verə bilmərəm. Bu haqda məlumatım yoxdur. Lakin öz magistr proqramımızın təkrar olmadığını deyə bilərəm. Sadəcə zəif tələbələrə məcbur olaraq, bakalavr  biliklərindən də nəsə öyrətməli oluruq.

- Almaniyada azərbaycanlı tələbələrlə ünsiyyətdə olurdunuzmu?  Onların əsas problemi nə idi?

- Çox az tələbələrlə ünsiyyətdə olmuşam. Ümumiyyətlə, problem hər yerdə mövcuddur. Dünyanın  hər yerində  tələbələrin çətinlikləri var. Mən 1992-ci ildən 2016-cı ilə kimi  Almaniyadakı Azərbaycan səfirliyinin elm və təhsil sahəsində fəxri müşaviri idim. Mənim işim elmdir. Bu sahədə səfirliklə güclü işləmişəm.

“Mənə maraq göstərən, ölkədə mənim potensialımı dəyərləndirən yoxdur”

- Elm istiqamətində hansı işləriniz, uğurlarınız var?

- Hazırda görəcəyim hər hansı elmi iş qalmayıb. Ancaq Memarlıq və İnşaat Universitetində magistrlara  dərs deyirəm. Almaniya dövləti mənim  xahişimlə ikinci dəfə layihəni həyata keçirdi. Proqram mayın sonuna kimi davam edəcək. İki modul işlədik, iki modul da yay semestrində olacaq. Gəlin, belə danışaq. Mənə maraq göstərən, ölkədə mənim potensialımı dəyərləndirən yoxdur. Gülçöhrə xanım yeganə rektor oldu ki, mənə iş təklif etdi. Başqa təkliflər gəlmir və yeni təkliflər də axtarmıram.

- Bildiyimiz qədərilə, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə müqavilə müddəti bitdikdən sonra yenidən qayıtdınız, Azərbaycana. Səbəb nə idi?

- Almaniya hökuməti Azərbaycanda dərs deməyimlə bağlı mənə təklif etdi. Amma məni Azərbaycan dəvət etmədi. Bundan sonra hansı universitetdə öz təcrübəmi daha yaxşı öyrədə biləcəyimi nəzərdən keçirdim və  AzMİU-nu seçdim. Enerji menecmenti kursunu burda yaratmışdıq. Digər universitetlərdə mühəndisliyin ayrı ixtisasları var. Onlar mənim öz ixtisasımı əhatə etmir. Odur ki, elm sahəsində mənə rahat olan AzMİU-da öz təcrübələrimi müəllim və tələbələrlə paylaşıram.

- Proqram bitəndən sonra yenidən davam etmək fikriniz varmı?

- Hazırda  Azərbaycandan təklif yoxdur. Lakin bu günlərdə bir  Yaponiya elmi təşkilatı məni 2019-cu ilin iyulunda keçiriləcək konfransa dəvət edib. Fəxri iştirakçı kimi onları Lütfi Zadənin  elmindən istifadə edib “Intellektual Binalar və Enerji Menecmenti” layihələri ilə tanış edəcəyəm.

- Adətən, texniki sahənin və mühəndislik peşəsinin kişilərə aid olduğu düşünülür. Xanımlar bu sahədə niyə güclü olmasınlar ki?

- Əksinə, mənim keçən il burda ən yaxşı tələbəm qız idi. Düzdür, mühəndislik ağır sənaye işidir. Xanımlar bu sahədən  özlərini uzaq saxlayırlar. Lakin onlar  oğlanlardan daha yaxşıdırlar. Mənim Almaniyadakı magistr tələbələrimdən yaxşı iş bacaranların 50 faizi qızlar idi. Yəni, mühəndislik sahəsində qızlar az olsa da, oxuyurlar və ən əsası bacarırlar.

- Azərbaycanda mühəndis kadrların sayı qənaətbəxşdirmi?

- Gərək, sənaye olsun ki, mühəndislərə tələbat yaransın. Əks halda, kadrlara ehtiyac olmursa, sahəyə maraq da az olur. Azərbaycan çox zəngin ölkədir. Dünya bazarındakı rəqabətə ancaq keyfiyyətli istehsal tab gətirə bilər. Çinin, Cənubi Koreyanın 40 il bundan qabaq heç bir sənayesi yox idi. Lakin onlar insan beynindən istifadə edə bildilər.

- Müsahibə üçün təşəkkür edirik. Son olaraq, əlavə etmək istədiyiniz nəsə varmı?

- Azərbaycan tələbələrinə uğurlar, professorlara isə səbr arzu edirəm. Onlar tələbələrə daha çox tətbiqi elm öyrətsinlər. Həmçinin Azərbaycanın sənaye mərkəzləri inkişaf etsin. Universitetlərdə iş bacaran kadrlar həmin mərkəzlərə müraciət etsinlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...