Azərbaycanda səfərdə olan Misirin aparıcı media nümayəndələri BMT-nin İqtisadi və Sosial Şurası QHT bölməsinin ən yüksək statuslu üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Fəxri Diplomuna layiq görülüblər.
Diplomları Misirin media təmsilçilərinə BAMF prezidenti Umud Mirzəyev, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov və XİN-in xüsusi tapşırıqlar üzrə elçisi, Azərbaycanın Misirdəki keçmiş səfiri Şahin Abdullayev təqdim ediblər.
Umud Mirzəyevin sözlərinə görə, Misirli dəyərli qonaqlar məhz Azərbaycan-Misir arasında mədəni və ictimai əlaqələrinin yüksək səviyyədə formalaşmasında, media sajəsində birgə əməkdaşlığın yaranmasında və Azərbaycan həqiqətlərinin Misir mətbuatında obyektiv işıqlandırılmasında oynadıqları rollarına görə bu diploma layiq görülüblər. Misirli media təmsilçiləri isə Azərbaycana səfərlərinin onlarda çox ciddi təəssürat oyatdığını, belə səfərlərinin hər iki xalqın bir-birini daha yaxşı tanıması və dəstəkləməsi üçün vacib olduğunu etiraf ediblər.
Diplomlara görə minnətdarlığını bildirən, Misirin “Əl-Vətən” qəzetinin və Əl-Həyat TV şəbəkəsinin baş redaktoru Mahmud Muslim və “Əxbar əl-Yaum” qəzetinin baş redaktoru Rüfət Fəyyad Azərbaycanda çox yaxşı dostlar qazandıqlarını, əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdirəcəklərini bildiriblər. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu səfər zamanı xeyli maraqlı faktlar əldə etdiklərini deyən nümayəndə heyətinin üzvləri öz media orqanlarında bu münaqişə ilə bağlı həqiqətlərin nəşr olunmasında yaxından iştirak edəcəklərini bəyan ediblər. Sonda onlar fəaliyyətlrini yüksək qiymətləndirdiklərinə görə BAMF prezidenti Umud Mirzəyevə və təşkilatın bütün kollektivinə öz minnətdarlığını bildiriblər.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə gəlmiş Misirin aparıcı media təmsilçilərindən ibarət nümayəndə Misirin “Əl-Vətən” qəzetinin və Əl-Həyat TV şəbəkəsinin baş redaktoru Mahmud Muslim, “Əl-Vafd” qəzetinin baş redaktoru Zəki Sədəni, “Əl-Əhram Əl-Məsai” qəzetinin baş redaktoru Əla Sabit, “Əl-Şuruq” qəzetinin baş redaktoru İmaduddin Hüseyn, “Əxbar əl-Yaum” qəzetinin baş redaktoru Rüfət Fəyyad, “Əl-Əhram” qəzetinin baş redaktoru Muhəmməd Həbib daxildir. Səfərləri çərçivəsində Misirli qonaqlar İslam Həmrəyliyi ili münasibəti ilə “İslam Həmrəylinin güclənməsində medianın rolu” mövzusunda konfransda iştirak ediblər, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla görüşüblər. Görüşlərdə əsas müzakirə mövzusu ikitərəfli əlaqələrinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin Misir mətbuatında obyektiv işıqlandırılması və digər qarşılıqlı maraq doğuran məsələlər olub. Səfərləri müddətində Misirli qonaqlar cəbhə bölgəsində də olublar.