19 İyun, Çərşənbə axşamı


Onlarla insanı ölümdən qurtaran Azərbaycan xanımı - FOTO

Cəmiyyət

A- A A+

“Bir cavan oğlan çoxmərtəbəli binanın üstündə elə dayanmışdı ki, dabanı binanın üzərində, ayaq pəncəsi isə çöl istiqamətində idi. Hər an yıxıla bilərdi. Bəlkə bir külək əsintisi və ya bir saniyənin hökmü onu hündürlükdən aşırardı”.

Həmsöhbətim Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti Çevik Xilasetmə İdarəsinin bölmə rəisi, baş gizir Leyla Əliyevadır. Leyla xanım söhbətinə belə davam edir:

“Xilasedici həmkarlarımla çox ehtiyatla ona yaxınlaşmağa çalışırdıq. Psixoloji cəhətdən çox gərgin idi. Elə hey problemlərindən danışırdı...

İki saat yarımlıq gərgin söhbətdən sonra ona dedim ki, əlini mənə ver, hər şey yaxşı olacaq. Bu sözlərdən sonra oğlan bir an dayandı. Hiss olundu ki, onu intihar fikrindən daşındıra bilmişəm. Nəhayət, əlini uzatdı, əməkdaşlarımızın köməyi ilə onu aşağı düşürdük.

Bir neçə gün sonra mediada oxudum ki, həmin şəxs metro tuneli ilə “Elmlər Akademiyası” stansiyasına doğru qaçarkən hüquq-mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb”.

On ilə yaxındır bu xidmətdəyəm

Bu xidmət sahəsində 10 ilə yaxındır çalışan Leyla Əliyeva yüzlərlə insanın həyatını xilas edib, onları çətin vəziyyətdən çıxararaq həyata qaytarıb:

”6 yaşımdan idmandayam. Karate və buzadırmanma ilə məşğul olmuşam. Azərbaycan milli komandasında təmsil olunmuşam. Düzü, əvvəllər xilasedici peşəsi barədə heç bir məlumatım yox idi. Başqa dövlət qurumlarında fəaliyyət göstərirdim. Sonra xilasedici kimi çalışmağa başladım. Etiraf edim ki, bu iş mənim ruhuma daha yaxındır. Kimliyindən asılı olmayaraq, çətinə düşən insana kömək etmək qürurvericidir. Hər bir zərərçəkmiş baxışları ilə sanki “məni xilas et” deyir”.

Həmsöhbətimin sözlərinə görə, xilasedicinin də öz çətinlikləri var: “Çətinliklərdən çəkinmirəm, insan həyatının xilasına həsr olunan bu peşədən şərəf duyuram. Həyatı təhlükədə olan, intihara cəhd edən, bağlı qapı arxasında qalan çarəsiz adamlar üçün xilaskar olduğumu duyanda rahatlıq tapıram. Eyni zamanda işimi professional qaydada qurmağa borcluyam.

Zərərçəkənlər psixoloji cəhətdən çox gərgin olurlar. Onlarla düzgün münasibət qurmağa çalışırıq ki, yanlış addımdan çəkinsinlər. Çağırışlara gedən zaman zərərçəkmişlərə yad insan kimi yox, öz doğmam kimi yanaşıram”.

Söhbətimizin bu məqamında Leyla Əliyeva xilas etdiyi daha bir insandan danışdı:

“Bir dəfə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə intihara cəhdlə bağlı məlumat daxil oldu. Dərhal hadisə yerinə yollandıq. Məlum oldu ki, 60 yaşlı xanım yeni tikilmiş binanın zirzəmisinə düşüb. Əlində kibrit və yanacaq tutub. Bildirir ki, heç kim mənə yaxınlaşmasın, özümü yandıracam. Əməkdaşlarımız onunla ünsiyyət qurmağa cəhd göstərsələr də, yaşlı qadın fikrindən daşınmaq istəmirdi. Gördüm, artıq son məqamdır, xanım intiharın bir addımlığındadır. Orada çox dar bir yer vardı. Başqa vaxt çalışsam da, həmin yerdən keçə bilməzdim. Bu dəfə şans üzümə güldü, binanın zirzəmisinə oradan daxil ola bildim. Xanımla ünsiyyətə cəhd etdim. Onu inandırmağa çalışdım ki, ölüm çarə deyil. Hər şey yaxşı olacaq. Nəhayət, onu xilas etdik. O anlarda o qədər sevinirdim ki... Hislərimi ifadə edə bilmirəm”.

Ətrafa səpələnmiş insan orqanları...

Leyla Əliyeva indiyənədək 3000-ə qədər çağırışda iştirak edib.

Deyir ki, hər insanın həyatını xilas etdikcə, sevinc və qürurunun həddi-hüdudu olmur. Bununla yanaşı, kövrəldiyi, təəssüfləndiyi anlar da az deyil:

“Bizim xidmətə çağırış gələn kimi, növbədəkinin kişi və qadın olmasından asılı olmayaraq, hadisə yerinə əməliyyata yollanırlar. Dəfələrlə qəza yerində olmuşam. Hər bir hadisədə insan itkisi, sözsüz ki, məni də kədərləndirib. Amma nə etmək olar? İşimiz budur... Biz xilasetmə əməliyyatına komanda şəklində yollanırıq. Təbii ki, müvafiq alət və avadanlıqlarla təchiz olunuruq. Əlcək və dəbilqə həmişə bizim üzərimizdə olur. Dəfələrlə qəzaya düşmüş maşınlardan ətrafa səpələnən insan orqanları görmüşəm. Yaxud maşında sıxışıb qalan adamı çıxarmışıq.

Yadımdadır, bir dəfə çağırışa getmişdik. Maşının qabaq oturacağı sıxılmışdı. Hamilə qadının ayaqlarının ikisi də sınmışdı. Ayaqlarına şına qoyduq və xilasetmə avadanlıqlarından istifadə etməklə maşını kəsdik, həmin qadını xilas etdik. Hazırda onun vəziyyəti də yaxşıdır. Uşağı da sağ-salamatdır”.

Yeri gəlmişkən, Leyla xanım özü də iki uşaq anasıdır. O, nümunəvi xilasedici olmaqla yanaşı, həm də mehriban anadır. Həmsöhbətim deyir ki, bağlı qapılar arxasında uşaq qalanda daha çox həyacan keçirir. Təkcə xilasedici kimi yox, həm də bir ana kimi...

Leyla Əliyeva 2016-ci ildə Azadlıq prospektində güclü yanğın baş vermiş 16 mərtəbəli binada insanların xilasında iştirak edib: “İnsanların xilası üçün yanğın zamanı 4-cü mərtəbəyə kimi qalxa bildim. Orda uşaqların çarəsiz baxışlarını gördükdə çox kövrəldim. Həmin anda özümü təkcə xilasedici kimi yox, həm də ana kimi hiss edirdim. Bir anlıq öz övladım gözümün qabağına gəlir. Həmin vaxt sadəcə bir şey fikirləşirsən ki, sən ölüm təhlükəsi altında olan uşağı xilas etməlisən”.

Dedektiv romanlar və Quran oxyuram

Xilasedici deyir ki, ailəsilə keçirdiyi vaxt onun üçün çox dəyərlidir:

“Evimin işini heç kimə etibar etməyi sevmirəm, bütün işləri özüm görürəm. İşdən sonra övladlarımla daha çox vaxt keçirirəm. Eyni zamanda boş vaxtlarımda dedektiv kitablar və Quran oxuyuram”.

Həmsöhbətim Fövqəladə Hallar Nazirliyinin ilk əməkdaşı kimi 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth edib.

17 dəfə respublika, 2 dəfə isə Avropa çempionu

Bununla yanaşı, bir sıra yarışlarda iştirak edib və uğur qazanıb: “Alpinistlərlə birlikdə 8 dəfə Heydər Əliyev zirvəsinə və Gürcüstanda Çauxi yüksəkliyinə qalxmışam. Fövqəladə Hallar Nazirliyinin adından buzadırmanma yarışlarına qatılmışam, 5 qızıl medal, 2 kubok gətirmişəm. Oğluma 4 aylıq hamilə olan zaman respublika üzrə kross qaçışında birinci yer tutmuşam.

Karate üzrə 17 dəfə respublika, 2 dəfə Avropa çempionu olmuşam. Beynəlxalq dərəcəli hakim və məşqçiyəm. İkinci dan qara kəmər ustasıyam. Buzadırmanmadan isə sürət və çətin növləri üzrə 8 dəfə çempion olmuşam”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mütaməmadi olaraq psixiloji təlimlərdə iştirak edirlər.

Bu xidmətdə çalışan qadınlar ən mürəkkəb xilasetmə əməliyyatlarında iştirak edirlər. Kişilərlə çiyin-çiyinə çalışan Leyla Əliyevanın xidməti bir daha sübut edir ki, Azərbaycan qadını öz zərif çiyinlərində istənilən çətin missiyanı yerinə yetirməyə qadirdir.

Onları heç bir təhlükə qorxutmur. Əksinə, xilas etdikləri insanın çöhrəsində gördükləri təbəssüm onlara böyük sevinc gətirir. Həmsöhbətimin xilas etdiyi insanlardan danışarkən müsahibə boyu keçirdiyi sevinc hissi kimi... (teleqraf.com)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...