Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Azərbaycan və Gürcüstan hökumətlərinə sərhəd nəzarətinin təmin olunması və azad ticarətin gücləndirilməsində dəstək göstərir | Eurasia Diary - ednews.net

18 Dekabr, Çərşənbə axşamı


Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Azərbaycan və Gürcüstan hökumətlərinə sərhəd nəzarətinin təmin olunması və azad ticarətin gücləndirilməsində dəstək göstərir

Cəmiyyət A- A A+
Şəkil: BMTİP Gürcüstan. Azərbaycan və Gürcüstanı birləşdirən əsas sərhəd nəzarəti məntəqəsi olan Qırmızı Körpü Sərhəd keçid məntəqəsi

Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) həyata keçirilməsi baxımından tərəfdaşlıqlar, xüsusilə də yerli, regional və qlobal səviyyələrdəki tərəfdaşlıqlar mühüm əhəmiyyət kəsb edir. DİM-lərin reallaşdırılması və əmin-amanlıq, təhlükəsizlik və azad ticarətin gücləndirilməsi üçün ölkələr bərabər çalışmalıdırlar. Eurasia Diary bildirir ki, bu baxımdan, yaşayış səviyyəsinin yüksəldilməsi və sərhədlərdə insanların və malların hərəkəti üçün təhlükəsiz şəraitin yaradılması məqsədi daşıyan regional layihələrin rolu əvəz edilməzdir. Məhz bu səbəbdən, sərhəd idarəçiliyində daha güclü, ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın yaradılmasına çalışan Azərbaycan və Gürcüstan hökumətləri Cənubi Qafqazın bu iki ölkəsini birləşdirən birgə gömrük nəzarəti məntəqələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər.

Strateji baxımdan Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan və Gürcüstan dövlətləri 2015-ci ilin sonlarında iki ölkə arasında və ya daha geniş mənada desək, iki qitə, yəni Asiya və Avropa arasında əsas sərhəd nəzarət məntəqəsi olan Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsində insanların və malların təhlükəsiz və qanuni şəkildə hərəkətini asanlaşdırmaq məqsədilə öz qüvvələrini birləşdirdilər. Avropa İttifaqı (Aİ)  “Şərq Tərəfdaşlığı” proqramının “Flaqman Təşəbbüsü”nün bir hissəsi kimi həyata keçirilən layihə Azərbaycan və Gürcüstanda BMT-nin İnkişaf Proqramı tərəfindən Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi kimi iki strateji tərəfdaşla sıx əməkdaşlıq çərçivəsində idarə olunur.  Ümumi büdcəsi 2.66 milyon avro olan layihəyə Avropa İttifaqı tərəfindən 2.128 milyon avro, Azərbaycan və Gürcüstan hökumətləri tərəfindən isə birlikdə 532,000 avro məbləğində vəsait ayrılmışdır. Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsində üç il ərzində uğurlu əməliyyatlar həyata keçirdikdən sonra Azərbaycan və Gürcüstan hökumətləri, eləcə də Aİ və BMTİP-in nümayəndələri layihənin başa çatmasını və bu birgə platformanın müxtəlif mərhələlərdə əldə etdiyi nailiyyətləri qeyd etmək üçün bu gün Gürcüstanın Tbilisi şəhərində bir araya gəlib.

Gürcüstan və Azərbaycan hökumətlərini sərhəd təhlükəsizliyinin qorunmasında dəstəkləmək məqsədi daşıyan bu layihədə iki ölkə, eyni zamanda Aİ-yə üzv dövlətlər arasında ikitərəfli və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verilmişdir. Layihə çərçivəsində ön planda tutulan iki əsas sahəyə Azərbaycanda və Gürcüstanda sərhəd idarəçiliyi orqanlarının imkanlarının genişləndirilməsi və Qırmızı Körpünün hər iki tərəfində hərəkətin asanlaşdırılmasını və təhlükəsizliyin artırılmasını dəstəkləmək üçün infrastruktur və avadanlıqların təmin olunması daxil idi.

Bu gün Tbilisidə layihənin bağlanış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas qeyd etmişdir ki, “Avropa İttifaqının BMTİP ilə birlikdə dəstəklədiyi və həyata keçirdiyi bu flaqman təşəbbüsü Azərbaycan və Gürcüstan dövlətlərinin gömrük orqanları arasında əlaqələndirməni artıq gücləndirib. Sözügedən birgə fəaliyyət regional əməkdaşlığı inkişaf etdirir, prosedurların asanlaşdırılmasına kömək edir və ticarət imkanlarını artırır. Aİ-nin yardımı ilə Qırmızı Körpü Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilməkdədir”.

 Keçmişdə Azərbaycanın Sərhəd Keçid Məntəqəsi xaricində təhlükəsiz gömrük rəsmiləşdirilməsi sahəsinin olmaması səbəbindən malların dərhal rəsmiləşdirilə bilməməsi bütün digər yüklərin də hərəkətini ləngidirdi. Qırmızı Körpü layihəsinin köməyi ilə ikinci dərəcəli yoxlamaların həyata keçirilməsinə və sərhəddə hərəkətin asanlaşdırılmasına imkan verən təhlükəsiz hərəkət sahəsi yaradılmışdır. Ən əsası odur ki, layihənin reallaşdırılması sayəsində yüklərlə bağlı prosedurların icrasına sərf olunan vaxt artıq əhəmiyyətli dərəcədə azalmışdır. Elə təkcə Azərbaycanda Dövlət Gömrük Komitəsinin 70-dən çox əməkdaşına gömrük nəzarəti prosedurları, fitosanitariya, sanitariya, baytarlıq və qida təhlükəsizliyi məsələləri ilə bağlı sərhəd nəzarəti üzrə Aİ-nin qabaqcıl standartlarına uyğun təlimlər keçirilmiş, Sərhəd Keçid Məntəqəsində işləyən 250-dən çox müfəttiş isə Aİ-nin Latviya, Litva və Polşadan olan ekspertlərinin rəhbərliyi ilə təşkil olunan bacarıqların artırılması üzrə 10 təlim proqramında iştirak etmişdir. Ümumilikdə Azərbaycan Dövlət Gömrük Komitəsinin 300-dən artıq əməkdaşı layihə çərçivəsində təşkil olunan 20 bilik mübadiləsi tədbirinə qatılmışdır. Bu fəaliyyətlər eyni vaxtda Gürcüstanda da həyata keçirilmişdir.

 Layihənin bağlanış mərasimi ilə yanaşı bu gün, həmçinin sərhədin Gürcüstan tərəfində fəaliyyət göstərəcək müasir avadanlıqlarla təchiz olunmuş yeni sanitar, baytarlıq və fitosanitar nəzarət məntəqəsinin istifadəyə verilməsi və Qırmızı Körpünün Azərbaycan hissəsində yeni gömrük terminalının açılışı qeyd olunmuşdur.

Bu mühüm layihənin nəticələrindən söz açan BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi cənab Qulam İsakzai xüsusilə vurğulamışdır: “Effektiv sərhəd idarəçiliyi Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx şəkildə əlaqəlidir və o, ölkələrə hüquqları müdafiə etməklə və sərhəddən keçən şəxslərin üzləşdikləri çətinliklərin sayını azaltmaqla öz milli təhlükəsizliklərini beynəlxalq hüquqa uyğun qaydada yaxşılaşdırmaq imkanı verir”.    

Məlumat üçün, Azərbaycanda BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri Arzu Cəfərli ilə [email protected] elektron poçt ünvanıda, Gürcüstanda isə BMTİP-in Gürcüstan ofisinin kommunikasiya müşaviri Sofi Çitçinadze ilə [email protected]ünvanında əlaqə saxlaya bilərsiniz.

undp.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...