Səttar xan 1866-cı ildə İranın Azərbaycan bölgəsinin Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur
Bu gün o taylı, bu taylı Vahid Azərbaycanın Milli Qəhrəmanı Səttərxanın doğum günüdür. Səttərxan 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatıSəttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə başçılıq edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilir.
Səttərxan öz qəhrəmanlığı ilə bütün azərbaycanlıların qürür mənbəyinə çevrilmiş bir şəxsiyyətdir. Səttərxan bu gün belə bir-birindən ayrı düşmüş Cənubi və Şimali Azərbaycanlıların birgəlik simvoludur. Səttərxan bizim Savalan dağımızdır, Səttərxan bizim Araz çayı üzərində yüksələn körpümüzdür, Səttərxan quzey və güney dərdidir.
Bu gün həm Bakıda, həm də Təbrizdə Səttərxanın adına küçənin olması bir-birindən ayrı düşən xalqımızın Səttərxana böyük hörmətinin və məhəbbətinin təcəssümüdür. Bu gün həm Qüzey, həm də Güney Azərbaycandakı analarımız övladına navaziş edərkən “Səttərxan qeyrətlim” deyər. Məhz bu amil onu göstərir ki, analarımız bizi Səttərxan kimi yetişdirmək istəyir, çünki bu gün Azərbaycanın bir yox, bir neçə Səttərxana ehtiyacı var.
Səttərxan o taylı, bu taylı bütün azərbaycanlıların qəlbində daim yaşayacaq və indi olduğu kimi gələcəkdə də o, Azərbaycan birliyinin əbədi nişanəsi olaraq qalacaq.