Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTu” proqramının icrasına hazırlıq işləri artıq başa çatır.
Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunacaq.
Nazirlikdən verilən məlumata görə, bununla bağlı Mərkəzin rayon filiallarının qurulması işləri də yekunlaşmaq üzrədir.
Ödənişli ictimai işlərə cəlb edilərkən həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanacaq. Bu da onların sosial sığorta sistemi ilə əhatə olunmasına, nəticədə gələcək pensiya hüquqlarının yaranmasına və ya mövcud olan fərdi hesablarında pensiya kapitalının artımına imkan verəcək.
Proqramın iştirakçılarının yerinə yetirəcəkləri ictimai işlərin (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) həcminə, əmək funksiyalarına uyğun olaraq əmək haqları müəyyən olunacaq. Digər tərəfdən, Proqram cari ildə əlavə 30 minədək əmək müqaviləsi bağlanmasına imkan verəcək.