“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi işgüzar əlaqələrini genişləndirməkdə və inkişaf etdirməkdədir. Mərkəzin bu istiqamətdə növbəti addımı Baku Travel Turizm Şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalanması olub.
İmzalama mərasimində Mərkəzin rəhbəri Təranə Məmmədova, Baku Travel şirkətinin icraçı direktoru Əziz Şiriyev, “Loqos”un və şirkətin əməkdaşları iştirak ediblər.
T.Məmmədova əsası qoyulan əməkdaşlıqdan məmnun olduğunu bildirib və qeyd edib ki, bu gün ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən yüksək səviyyədə qayğı və diqqət göstərilir: "Bu diqqət və qayğının gənclər arasında təbliğ olunması, Mərkəzin bu istiqamətdə göstərəcəyi fəaliyyətin dəstəklənməsi üçün yeni başalanan əməkdaşlıq mühüm əhəmiyyət daşıyır".
Baku Travel şirkətinin icraçı direktoru Əziz Şiriyev “Loqos” ilə başlanan yeni işlərə görə təşəkkürünü bildirib və qeyd edib ki, turizm elə bir sahədir ki, onu yaxşı mənada gənclərimizə təbliğ etməliyik: "Məhz bu gün imzalanan memorandum birgə uğurlarımıza imkan yaradacaq".
Sonra tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının icrasına başlanılması barədə razılığa gəliblər.
Mərasimin sonunda Baku Travel Turizm Şirkəti “Loqos”a öz hədiyyəsini təqdim edib.