Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı ilə yaşa görə aylıq müavinətlərin də növbəti ayın 1-dən artırılması təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq. Hazırda ölkəmizdə 60 min nəfər yaşa görə aylıq müavinətlə təmin olunur.
25 fevral 2019-cu il tarixli sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Ümumilikdə 46 min nəfər bu müavinətlə təmin olunur.