Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində başlayan yanğın güclənib.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.
Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.
***
Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb.
Məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək".
***
Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın dükanlardan birində qeydə alınıb.
Yanğın ticarət mərkəzinin 4-cü mərtəbəsinədək yayılıb.
Foto və video: Zaur Mustafayev