"Qumar oyunu dedikdə, pul vəsaitləri, maddi və sair uduş barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür".
Bu fikirləri Ednews-a açıqlamasında hüquqşünas Tural Həsənli açıqlayıb.
“İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə - fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir”.
Hüquqşünasın sözlərinə görə, həmin Məcəllənin 401.2-ci maddəsinə əsasən, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir:
“Həmin məcəllənin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə müəyyən edilir”.
O, qeyd edir ki, Cinayət Məcəlləsinin 244-1-ci maddəsi qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama ilə bağlı beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma növündə sanskiyaları müəyyən edir.
“Bu Məcəllənin 244-1.2.2-ci maddəsinə görə isə, həmin əməl internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə, on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
T. Həsənli sözlərinə belə davam edib:
"Sosial platforma üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici dövlətlərdə yerləşdiyindən, onlar internet üzərindən idarə olunur və buna görə həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin olduğu kimi, həmin maddənin çox da işlək olmasını demək də absurddur.
İXM-in 525-ci maddəsinə əsasən, virtual qumar oynayanların məsuliyyətinin həlli mümkün olsa da, həmin maddə ilk baxışdan daha çox əyani formada iştirak təsəvvürünü yaratdığından və artıq sosial platforma üzərindən qumar oyunlarında iştirak daha kütləvi xarakter daşıdığından hesab edirəm ki, həmin maddəyə dəyişiklik edilməsi daha məqsədəmüvafiq olardı. Bu yanaşma özlüyündə fikir ayrılıqlarına da son qoya bilər”.
Aynurə İsmayıl