20 İyun, Çərşənbə


Bunu edən həkiminizi ... - Məhkəməyə verə bilərsiniz

Ekspert rəyi

A- A A+

Sterlizə qaydalarına əməl etməyən tibb müəssisələri bu gün istənilən xəstənin Hepatitə yoluxmasına səbəb ola bilər.

"Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya"nın sədri Murad Məmmədov bildirir ki, rəsmi statistikaya əsasən, təkcə ötən il 400-ə yaxın şəxs Hepatit virusuna yoluxub:

“18-60 yaş qrupu üzrə təxminən 2% -ə yaxın insan bu virusa yoluxub. Səhiyyə Nazirliyi bununla bağlı lazım olan tədbirləri görsə də, insanlar bu virusa yoluxur. Diş klinikalarının bu virusu yaymaqda rolları var. Amma nə qədər və nə dərəcədə olduğunu deyə bilmərik. Virusun heç bir simptomu yoxdur. Xəstələr bunu çox vaxt təsadüfən öyrənir”.

“Virus cinsi yol və sterlizə olmayan ləvazimatlarla yayılır”.

Bunu B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotologiya laboratoriyasının müdiri Günel İbrahimova deyib.

Onun sözlərinə görə, virus hava, damcı yolu ilə yayılmır:

“Tibb müəssisələrində sterlizə qaydalarına düzgün əməl olunmadığı zaman xəstəyə keçir. Təkcə diş həkimləri deyil, cərrah, hətta ginekoloq belə bu virusu xəstələrinə yoluxdura bilər. Çünki o da daxilə müdaxilə edir. Sterlizə olunmayan ləvazimatlardan təkcə Hepatit yox, bütün viruslar keçə bilər. Hepatitə yoluxub-yoluxmadığımız qan analizi vasitəsilə aşkar olunur. Virusa yoluxduqdan ilk 3 ay müddətində analiz bunu göstərmir. 3 aydan sonra qanda bu virus ortaya çıxır”.

Həkim məsuliyyətsizliyi səbəbilə bu virusa yoluxan şəxslərin qanunla müdafiəsi mümkünmü?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən vəkil Xəyal Bəşirov bildirir ki, virusa yoluxan şəxs həkimi məhkəməyə verə bilər:

“Qanunvericiliyə əsasən, həqiqətən də xəstəliyə yoluxmuş şəxs bunun həmin həkimin səhlənkarlığı üzündən baş verdiyini sübuta yetirərsə, bu halda həmin həkimi və onun çalışdığı müəssisəni məhkəməyə verə bilər. Təbii ki, bu məsələ ilə bağlı detallar qanunvericiliklə tənzimlənir. Sizin sualınıza ümumi olaraq cavab vermək olar ki, həkimin səhvi ucubatından qeyd etdiyiniz və digər anoloji xəstəliklərə yoluxmuş insan həkimə qarşı iddia ilə məhkəmədə çıxış edə bilər. Bu zaman sübutetmə məsələsi var ki, bu yük iddiaçı qismində çıxış edəcək həmin şəxsin və ya onun vəkilinin üzərinə düşür. Sübuta yetirərsə, bu halda şəxs xəstəliyə yoluxma nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanla bağlı müvafiq kompensasiyanın da cavabdeh tərəfdən alınmasına nail ola bilər”.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...