Fikrimcə, son vaxtların ən aktual mövzularından biri Yaxın Şərqdəki vəziyyətdir. Bildiyimiz kimi 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) biri ərəb, digəri yəhudi olmaqla Fələstinin 2 yerə bölünməsinə dair qərar vermişdi. Bu bölünmə nəticəsində yaranmış İsrail dövlətini ilk tanıyan ölkə məhz Amerika Birləşmiş Ştatları oldu. İndiki dövrdə də ABŞ tərəfi İsraili həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə tam dəstəkləyir. Əslində, İsrail dövlətinin varlığı ABŞ-ın Yaxın Şərqdəki hərbi-siyasi gücü ilə əlaqəlidir.
Bu dövlət Fələstini İsrail vasitəsilə 1948-ci ildən siyasi taktikalarla potensial olaraq işğal etməyə çalışır. Məsələn, Qüdsü İsrailin paytaxtı elan edir, bu bəs deyilmiş kimi öz səfirliyini Qüdsə köçürür. Bu məqamda maraqlı bir sual meydana çıxır: Bəs niyə ABŞ səfirliyini Qüdsə köçürmək üçün 5 ay kimi uzun müddət gözlədi? Düşünürəm ki, bunun 2 səbəbi var:
Birinci səbəb Türkiyənin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dönəm rəhbəri olmasıdır. Qüds İsrailin paytaxtı elan olunan vaxtdan bir neçə gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-in təcili zirvə toplantısını çağırdı. Bununla da müsəlman ölkələrinin bu qərara etiraz əlaməti olan “birlik sözünü” işlətməsinə nail oldu. Müsəlman ölkələrin belə birliyi də ABŞ-ı narahat etməyə bilməzdi. Buna sübut olaraq onu deyə bilərəm ki, Türkiyə “Zeytin budağı” əməliyyatları çərçivəsində Afrinə girmə qərarı alan zaman ABŞ tərəfi bu qərarı kəskin tənqid etmədi. ABŞ-ın belə balanslaşdırılmış siyasət yürütməkdə səbəbi isə İƏT-in dönəm rəhbərinin başının qarışması, dünya birliyinin diqqətini başqa tərəfə yönəltmək və vaxt qazanmaq kimi maraqlarının olmasıdır.
İkinci səbəb isə həm müsəlman, həm də Qərb dünyasının bu qərara kəskin etiraz edərək münasibətlərinin soyuması üçün gözləmə mövqeyinə keçməsidir.
ABŞ vaxtilə Yaponiyanın Xerosima və Naqasaki şəhərlərinə atom bombası atır (1945), Vyetnamda (1955-1975), İraqda (2003-2011), Əfqanıstanda (2001-2014) işğalçılıq müharibəsi aparırdı. İndiki zamanda isə Yaxın Şərqdə ABŞ-ın dəstəklədiyi İsrail Fələstinlə olan probleminə görə 1948-ci ildən (İsrail dövlətinin yaranmasından) bəri 70 il müddətinə hər il öz torpaqlarından çıxmalarına etiraz edən neçə-neçə fələstinli öldürülür. Bu fasiləsiz toqquşmalar siyasi arenada “özünü göstərmə” istəyi, əlverişli coğrafi-strateji mövqelərə dair iddialardır. Hər nə qədər bu belə olsa da, bu yerdə Samuel Hantinqtonun “Sivilizasiyaların toqqoşması” əsərinin adıın çəksək tam yerinə düşər. Məhz bu münaqişə də milli, dini, mədəni, irqi, etnik fərqlər fonunda baş verən “sivilizasiyaların toqquşması”dır. Artıq Yaxın Şərqdəki münaqişələrə Üçüncü Dünya Müharbəsinin astanası kimi yanaşanlar var. Bəlkə də bütün bu baş verənlər Səlib (xaç) yürüşlərinin davamıdır.
Bütün hallarda İsrail-Fələstin münaqişəsinin fələstinlilərin xeyrinə həllini gözləmək çətindir. Həmçinin onu da demək lazımdır ki, Fəlsətində İsrailə qarşı Həmas kimi təşkilatın olması İsrail tərəfinə yetərincə baş ağrısı gətirir. ABŞ-ın öz səfirliyini İsrailin Təl-Əviv şəhərindən Qüdsə köcürməsinə gəldikdə bu qərarla ABŞ hiyləgər gediş etdi. Buna səbəb isə artıq paytaxtın dəyişməsini rəsmiləşdirmək, bunu dünyaya qəbul etdirmək istəməsidir. Dünya dövlətləri paytaxtın dəyişməsinə qarşı bir növ sanksiyanı yalnız öz səfirliklərini Qüdsə köcürməməklə etmiş olarlar. Bunun da nə qədər asan bir iş olacağını demək çətindir. Bir sözlə Yaxın Şərqdəki əsas problem qloballaşmanın tərkib hissəsinə çevrilməkdədir.
Vasif Hüseynov, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı