Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Rusiyada keçirilən Dünya Çempionatı barədə fikirlərini bildirib.
Prezident mundialın gözlədiyi kimi başlamadığını deyib.
Ərdoğan favoritinin Almaniya olduğunu, lakin almanların onu yanıltdığını qeyd edib:
"Əvvəlcə favoritimin Almaniya olduğunu demişdim, amma yanıldım. Almaniya ilk matçda uduzdu, vəziyyət bir az çətinləşdi. Güclü komandalar məğlub olur. Almaniya uduzdu, Braziliya xal itirdi. Meksika əla başladı. Bundan sonra belə davam edib-etməyəcəyini bilmirəm".
Daha sonra Ərdoğandan Portuqaliyanın ulduzu Kriştiano Ronaldo və Argentina millisinin kapitanı Lionel Messini müqayisə etməsini istəyiblər. O isə İspaniya ilə matçda het-trikə imza atan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu tərifləyib:
“Portuqaliya bərabərə qalsa da, mən gerçəkdən Ronaldoya heyranam. “Messimi, Ronaldomu” sualını versən, həqiqətən, Ronaldonu çox fərqli görürəm. Hələ o matçda het-trik etməsi çox önəmli idi. Hər igidin işi deyildi. Onun cərimə zərbəsindən vurduğu qol möhtəşəm idi. Hər kəs o matçda elə oyun, xarakter nümayiş etdirə bilməz. Üstəlik, Ronaldonun Fələstin məsələsindəki münasibəti, bunlar çox önəmlidir. Ronaldonu alqışlayıram".(publika.az)