Ermənistanın cüdo millisi Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Bu haqda Ermənistan Respublikasının İdman və Gənclərlə İş üzrə Nazirliyi məlumat verib.
Sözügedən qurum bunu Azərbaycanda onların idmançılarının təhlükəsizliyinə heç bir zəmanət verilməməsi ilə əlaqələndirib.
“Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən Beynəlxalq Cüdo Federasiyasına Ermənistan millisinin ölkəmizdəki dünya çempionatında iştirakına dair zəmanət məktubu göndərilib.
Cənab nazir Azad Rəhimovun adından göndərilmiş məktubda Ermənistan da daxil olmaqla, bütün ölkə idmançılarının təhlükəsizliklərinin təmin olunacağı göstərilib. Lakin bununla belə, Ermənistanın dövlət qurumunun belə bir bəyanat yayması bizi təəccübləndirir.
Göründüyü kimi, yenidən Ermənistan tərəfi həqiqəti əks etdirməyən informasiyalar yaymaqla dünya ictimaiyyətində bizim haqqımızda mənfi fikir formalaşdırmağa çalışır. Lakin bizim əlimizdə beynəlxalq quruma göndərdiyimiz məktub var.
Avqustun 30-dək onların idmançıları judobase.ijf.org saytında qeydiyyatdan keçə bilərdi. Lakin göndərdiyimiz zəmanət məktubuna baxmayaraq, onlardan qeydiyyatdan keçən olmadı. Bakıda təşkil olunacaq dünya çempionatına isə 133 ölkədən 872 idmançı qeydiyyatdan keçib”.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək keçiriləcək. Görüşlər Milli Gimnastika Arenasında baş tutacaq.