AMAK Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşəbbüsu və Macarıstan Avtomobil Klubunun ev sahibliyi ilə 6-9 sentyabr 2018-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş növbəti beynəlxalq tədbir olan Avropa Yol Hərəkətinin Tədrisi Müsabiqəsində (ETEC) iştirak etdi. Tədbirin əsas məqsədi FIA-ya üzv olan ölkələrdə yol hərəkəti təhlükəsizliyi üzrə bilikləri genişləndirmək, velosiped sürən uşaqlar arasında nəqliyyat hadisələrinin baş vermə riskini azaltmaq və Avtomobil Klublarının yol hərəkəti təhlükəsizliyi üzrə fəaliyyətlərini öz ölkələrində də genişləndirmək üçün həvəsləndirmək idi.
Uşaqlar həssas təbəqəyə aid olduqlarına və təcrübələrinin az olmasına görə yollarda xüsusi risk altındadır. ETEC hər bir ölkədə yol hərəkəti təhlükəsizliyi üzrə təlimləri gücləndirmək və bununla da uşaqların velosipeddə yol qəzasına düşmə riskinin azaltmaq məqsədi daşıyır.
Sözügedən müsabiqədə hər ölkədən 4 uşaq (2 qız, 2 oğlan) və 2 qrup rəhbərinin iştirakı ilə 24 ölkənin Avtomobil Klubu müsabiqədə iştirak etmişdir. Bu müsabiqə uşaqların yollarda təhlükəsiz hərəkət etmə qabiliyyətlərini artırmaq və öz ölkələrində velosipedlərin təhlükəsiz idarəsi üzrə avtomobil klublarının nümunəvi bir təmsilçisi kimi hazırlamaq üçün müxtəlif oyunlarla interaktiv öyrənmə mühiti yaratmışdır. ETEC Avtomobil Klublarının və mütəxəssislərin peşəkarlığını və təcrübəsini mənimsəyərək bugünkü yollarda təhlükəsiz manevr etmək üçün uşaqlara lazım olan bacarıqların əldə edilməsinə kömək edir. Müsabiqənin hədəflərindən biri də bu bacarıqların dostluq yarışı formatında təmin olunmasıdır. Bu format uşaqlara müsabiqədə daha uğurlu iştirak etməyə və öz ölkələrində, icmalarında təhlükəsiz sürücülük üzrə səfir kimi iştirak etməyə imkan verir. Müsabiqə, həmçinin, onların yol hərəkəti təhlükəsizliyi mədəniyyətini gücləndirilməsi ilə bərabər, qitənin hər bir tərəfindən olan uşaqlarla bir araya gəlmək, öz bacarıqlarını göstərmək və dostcasına bir mühitdə yarışmaq üçün unikal imkan təklif etmişdir.
AMAK öz komandası ilə birgə tarixdə ilk dəfə olaraq Azərbaycanı 33-cü Avropa Yol Hərəkətinin Tədrisi Müsabiqəsində (ETEC) təmsil etmişdir. Bu müsabiqə AMAK-a beynəlxalq təcrübəni əldə etmək və gələcəkdə Azərbaycanda tətbiq etməyə böyük töhvə vermişdir. AMAK bu müsabiqəyə “AMAK-ın dostları” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində “Günay Sığorta” və SOCAR Petrolium-un töhvəsi və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilati dəstəyi ilə qoşulmuşdur.