İstanbulun “Beşiktaş” klubunun Azərbaycandakı azarkeşləri kənd məktəblərinə yardım kampaniyası təşkil edib.
Eurasia Diary xəbər verir ki, kampaniya çərçivəsində ölkənin ucqar bölgələrində yaşayan azyaşlılara humanitar yardım edilməsi nəzərdə tutulub.
Bu il ikinci dəfə təşkil olunan yardım kampaniyasında toplanan vəsaitlər cəbhə bölgəsinə aparılacaq. “Beşiktaş”lılar Ağdamda yaşayan məktəbliləri müxtəlif dərs, geyim və oyun ləvazimatları ilə təmin etmək niyyətindədir.
İanələr əsasən sosial şəbəkələr vasitəsilə toplanır. Yardım etmək istəyənlər Feysbukda "Kənd məktəblərinə yardım" qrupuna müraciət edərək, öz yardımlarını cəbhə bölgəsinə göndərə bilərlər.
Qeyd edək ki, “Beşiktaş”ın könüllü qrupu kampaniya çərçivəsində bu ilin aprel ayında ilk yardımı Daşkəsən rayonunun Şahvələdli kənd ümumi orta məktəbində və kənd ətrafındakı bütün tədris yerlərində oxuyan ibtidai sinif şagirdlərinə edib.