Dünən keçirilən son 2 oyun ilə UEFA Çempionlar Liqasında 1/4 finalçıların adına aydınlıq gəldi. İlk oyunda qolsuz heç-heçə edən komandalar cavab qarşılaşmasında qalibi müəyyən etdilər. "Barselona" səfərdə bərabərə qalsa da evdə sürprizə imkan vermədi. Matç İspanların 5-1 hesablı qələbəsi ilə nəticələndi. Qolları 18 və 78-ci dəqiqələrdə Lionel Messi, 31-ci dəqiqədə Koutinyo, 81-ci dəqiqədə Pike, 86-cı dəqiqədə isə Usman Dembele vurdular. Lionun heyətində yeganə qolu 58-ci dəqiqədə Tuzart vurdu.
Beləliklə, "Barselona" 1/4 finala vəsiqə qazanan növbəti klub oldu.
Bavariya isə səfərdə qazandığı nəticəni evdə qoruyub saxlaya bilmədi. Oyunda hesabı 26-cı dəqiqədə Sadio Mane ilə "Liverpul" açdı. 39-cu dəqiqədə "Liverpul"un müdafiəçisi Matipin avtoqolu nəticəsində hesab bərabərləşdi. İkinci hissədə hücumlarının sayını artıran "Liverpul" 69-cu dəqiqədə Vircil Van Daykın qolu ilə hesabı 1-2 etdi. Oyunun 84-cü dəqiqəsində fərqlənən Sadio Mane dubl edərək yekun nöqtəni qoydu.
Səfərdə qazandığı qələbə sayəsində "Liverpul" bu mövsüm 1/4 finala çıxan 4-cü İngilis klubu oldu. Xatırladaq ki, "Ayaks" (Hollandiya), "Mançester Yunayted" (İngiltərə), "Porto" (Portuqaliya), "Tottenhem"(İngiltərə), "Yuventus" (İtaliya), "Barselona" (İspaniya), "Mançester Siti" (İngiltərə) və "Liverpul" (İngiltərə) 1/4 final mərhələsinə vəsiqə qazanan klublardır.
Bu mərhələnin püşkatma mərhələsi cümə günü Bakı vaxtı ilə 15:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək.