Ermənistan- Azərbaycan cəbhəsində baş verən gərginlik Rusiyanı narahat edir. Suriya və Ukrayna ətrafında gərgin proseslərə, ABŞ-ın iqtisadi həmlələrini zərərsizləşdirməyə başı qarışan Rusiya dördüncü cəbhənin açılmasını istəmir.
Rusiya KİV-i Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindən Azərbaycan ərazilərinə qarşı təxribatçı hərəkətlərinə Rusiyanın diplomatik mənbələrindən maraqlı şərhlər verildiyini müzakirəyə çıxarıb.
Rusiya hakimiyyətinə yaxın politoloqlar gərginləşən vəziyyəti baş nazir Nikol Paşinyanın başçılıq etdiyi siyasi komandanın böyük yanlışı kimi qiymətləndirirlər. Hesab edilir ki, bölgə ətrafında vəziyyətin gərginləşdiyi vaxt Ermənistan Silahlı Qüvvələrinin fəallaşması Rusiyanın maraqlarına uyğun deyil.
Bu baxımdan, Nikol Paşinyanın ABŞ-dakı siyasi institutların tapşırığı ilə hərəkət etdiyi barədə Rusiya KİV-nin ortaya atdığı tezislər təsadüfi hesab edilmir. Söhbət Kremldən Paşinyana qarşı təzyiqlərin artırılmasından gedir.
Rusiyalı politoloqlar vəziyyətə nəzarəti əldən vermək istəməyən Kremlin xarici işlər naziri Sergey Lavrovu yaxın günlərdə bölgəyə göndərəcəyini bildirirlər.
Lavrovun gözlənilməz səfəri rəsmi İrəvana xəbərdarlıq məqsədi daşıyır. Rusiyalı mütəxəssislərin qənaətinə görə, Nikol Paşinyan Moskvadan verilən tapşırıq üzrə hərəkət etməyəcəyi halda, alternativ təzyiq mexanizmləri işə salınacaq.
Lakin bu təzyiqlərin nədən ibarət olduğu barədə ehtimallar hələlik müzakirə mövzusu deyil.(teleqraf.com)