ABŞ nüvə silahının ləğvi ilə bağlı Şimali Koreyaya 47 bəndlik tələb irəli sürüb.
Bu barədə Yaponiya Xarici İşlər naziri Taro Kono məlumat verib.
"ABŞ Dövlət katibi Maykl Pompeo Pxenyana səfəri zamanı KXDR-in diqqətinə çatdırıb ki, onun ölkəsi tam nüvəsizləşdirmə anlayışına nüvə silahının, o cümlədən kimyəvi və bioloji silahlar da daxil olmaqla digər kütləvi qırğın silahlarının, həmçinin raketlərin və başqa müvafiq obyektlərin nəzarət olunan və dönməz şəkildə ləğvini nəzərdə tutur. Bununla əlaqədar Pxenyana 47 istiqamət üzrə tələblər təqdim edilib. Əgər nüvə silahının tam ləğvi ilə bağlı tələblər bu qaydalar çərçivəsində həyata keçirilməsə, bu ölkəyə qarşı sanksiyalar ləğv edilməyəcək", - Kono söyləyib.
T.Kono deyib: "Şimali Koreyada rəhbərin vədi, xüsusən o yazılı formada verilibsə, xüsusi məna daşıyır. Mühüm əhəmiyyət kəsb edən məqam isə tam nüvəsizləşdirilmənin ölkə daxilində elan edilməsidir. Hesab edirəm ki, belə olan təqdirdə Pxenyan öz öhdəliklərindən geri çəkilməyəcək".