Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus hərbi bazanın əsgərləri ilə ermənilər arasında dava düşüb.
Rus hərbiçilərinə məxsus karvan Gümrünün Panik kəndinə girib.
İddialara görə, rus əsgərlər havaya küllə açmağa başlayıblar. Bundan sonra kənd sakinləri hərbi karvanı mühasirəyə alıb. Məlum olub ki, poliqona gedən əsgərlər sərxoşdurlar. Komandir bildirib ki, onlar təlimə gedirlər, lakin niyə kəndin ortasında güllə atdıqlarını izah etməyib.
Ermənistan mediası bunu böyük biabırçılıq və təhlükə adlandırıb. “Lragir” saytı yazır ki, “rusların əsl hədəfi nədir, bəlkə onlar erməni kəndlərini ələ keçirmək istəyirlər, Permyakov dəhşətinin (hərbi bazadakı rus əsgəri erməni ailəsini qətlə yetirmişdi - red.) uğursuz cəhdindən sonra yeni sxemə keçməyə qərar veriblər?”.
102-ci hərbi bazanın komandanlığı faktla bağlı araşdırmaq aparacaqlarını bəyan edib. Lakin Ermənistan ictimaiyyətində artıq hərbi bazanın bağlanması haqda fikirlər səslənməyə başlayıb. Media isə Gümrüdə yeni qarşıdurmanın ola biləcəyini yazır.(publika.az)
***
Dünən Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası hərbi təlim keçirib.
Bu barədə məlumatı “Aravot” qəzeti yayıb. Təlim Şirak vilayətinin Panik kəndində baş tutub.
Maraqlıdır ki, təlimlə bağlı kənd sakinləri öncədən xəbərdar edilməyib. Təlim atəşi başladıqdan sonra kənd əhalisi təşvişə düşərək, müharibənin başladığını düşünüb.
Qəzetə açıqlama verən kənd icra nümayəndəsi Vardan Makeyan baş verənlərin biabırçılıq olduğunu deyib:
“30-a yaxın əsgər kənd yolunu bağlayıb, atəş açdılar. Yaxşı ki, istifadə edilən güllələr döyüş patronları deyildi. Hamı bu səslərdən sonra dərhal evlərdən çıxıb qaçdı. Bəzi uşaqlar hətta qorxudan huşlarını belə itirdilər. Kəndin ərazisində təlimin keçiriləcəyi barədə qabaqcadan xəbərdarlıq edilməməsi təhqiredicidir. Anlayırıq ki, bu hərbi baza bizi müdafiə edir, amma onlar təlimlərini kənddə keçirməməlidirlər”.
Yayılan görüntülərdə kənd sakinləri rus hərbçilərini təhdid də ediblər. Onlar polisə xəbər verib cinayət işi açdıracaqlarını bildiriblər. (axar)