Səudiyyə Ərəbistanında Camal Qaşıqçının ölkəyə qaytarılması üçün yaradılmış qrupun rəhbəri əməliyyatın iflasa uğrayacağı təqdirdə onu öldürməyi əmr edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru mətbuat konfransında məlumat verib. O, təhlükəsizlik xidmətinin əməkdaşlarından təşkil olunan qrupun Səudiyyə Ərəbistanının kəşfiyyat xidməti rəhbərinin sabiq müavini Əhməd əl-Əsirinin göstərişi ilə formalaşdırıldığını bildirib.
Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldürüldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəlikdən çıxarıldığını etiraf etmişdi.