Rusiya Prezidenti Vladimir Putin Paşinyanı qələbə münasibətilə təbrik etməyə tələsmir. Çünki Ermənistanın baş naziri Kreml sahibinin köhnə dostu Robert Köçəryanı həbs edib.
Eurasia Diary xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edir ki, Putin Paşinyanı dərhal təbrik etsəydi, onda Köçəryanın həbsinə göz yummuş olacaqdı:
“Putin isə yanlış anlaşılmasını istəmir. O, dostunu həbsdən çıxarmağa çalışacaq. Buna baxmayaraq, Kreml Paşinyanı olduğu kimi qəbul etmək məcburiyyətindədir. Paşinyan nə qədər xarici siyasətinə korrektə etməyəcək və Rusiyadan uzaqlaşmaq hesabına Qərblə çox yaxınlaşmayacaq, Kreml onu devirməyəcək. Nikolun hazırda ölkə daxilində tərəfdarı çoxdur. Paşinyanı güc yolu ilə devirmək Ermənistanda vətəndaş müharibəsinə rəvac vermək deməkdir. Kreml isə bunu istəmir”.
Siyasi şərhçi bildirib ki, Robert Köçəryan tərəfdarları etiraz etməyə çalışsalar da, Paşinyanı indiki şərtlər daxilində devirə bilməyəcəklər:
“Köçəryanın reytinqi yüksək deyil ki, xalq onun təərəfdarlarının arxasınca getsin. Bir neçə günə etiraz azalacaq. Qriqol Vaşadzenin tərəfdarları Tiflisin mərkəzinə çıxdılar, Salome Zurabişvilinin qələbəsini tanımadılar və eks-prezident Mixail Saakaşvili Hollandiyadan Gürcüstandakı tərəfdarlarına səslənərək inqilaba çağırdı. Bu gün Tiflisdə sakitlikdir. İrəvanda da belə olacaq. Paşinyan özünü bir neçə ay daxili təhlükədən sığortalaya bilər. Ancaq onun problemləri ilin ortasına yaxın artacaq”.