"PKK və PYD terrorçuları arxalarına baxmadan qaçırlar".
Eurasia Diary xəbər verir ki, bu sözləri Suriya Türkmən Məclisi rəhbəri Dr. Məhəmməd Vəcih Cümə deyib.
O, qeyd edib ki, "Türkiyənin Fərat çayının şərqində hərbi əməliyyatlara başlayacağını açıqlaması PKK daxilində ciddi panikaya səbəb olub. Terroristlər ərazini tərk etməyə hazırlaşırlar. Onlar Münbiçi deşik-deşik ediblər. Hər 100 metrdən bir çuxur qazıblar".
Türkmən məclisi rəhbəri həmçinin bildirib ki, "PKK terrorçuları Münbiçi işğal etdiyindən bəri yerli əhaliyə zülm edir. Türkmənlər başda olmaqla bir çox yerli vətəndaşların evlərini, iş yerlərini qəsb etdilər. Hərbi rejim formalaşdırdılar. Silah gücünə Münbiçi idarə edirlər və bu silahları ABŞ-dan alırlar. ABŞ-ın bu terroristlərə dəstək verməsini tənqid edirik".
Dr. Məhəmməd Vəcih Cümə yerli türkmənlərin tək ümidlərinin türk ordusunun həyata keçirəcəyi hərbi əməliyyat olduğunu deyib.