ABŞ Konqresinin üzvləri Prezident Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşündə iştirak etmiş tərcüməçilərin dindirilməsini tələb edirlər.
Eurasia Diary xəbər verir ki, Konqresin Kəşfiyyat və Beynəlxalq Münasibətlər komitələri hazırda bu işlə məşğuldur.
“ABC Nyus”un məlumatına görə, konqresmenlər liderlər arasında keçirilmiş görüşdə müzakirə edilən məsələlərin ictimaiyyətə tam formada çatdırılmamasından, gizlədildiyindən şübhələnirlər.
“Vaşinqton Post” da Trampın Putinlə görüşünün əsas detallarının gizlədildiyini iddia edib: “ABŞ-ın gizli dosyelərində belə, son iki ildə keçirilən görüşlərin detalları yoxdur. Əsas ehtimal isə budur ki, həmin detallar Trampın əmri ilə gizlədilir”.
Amerika KİV xüsusilə Rusiya və ABŞ prezidentləri arasında 2017-ci ildə Almaniyada (Hamburq) keçirilmiş görüş üzərində dayanır və görüşdə müzakirə edilmiş əsas məsələlərin gizlədildiyini bildirir.