ABŞ və Rusiya arasında keçirilən Cenevrə görüşünün təfərrüatı bəlli olub.
Eurasia Diary xəbər verir ki, ABŞ rəsmiləri Rusiyadan 9m729 raketinin məhv edilməsini tələb edib.
Bu barədə ABŞ nümayəndə heyətindən verilən açıqlamada bildirilib:
"Mesajımız dəqiqdir: Rusiya müqaviləyə uyğun olmayan raket sistemini məhv etməlidir".
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da öz növbəsində Vaşinqtonun Rusiya tərəfinin arqumentlərini nəzərə almaq və Moskvanın konstruktiv təkliflərini qəbul etmək niyyətində olmadığını və ABŞ-ın tələbini ancaq qarşı tərəfin də eyni addımı atacağı təqdirdə yerinə yetirəcəklərini deyib.
Qeyd edək ki, yanvarın 15-də sözügedən ölkələr arasında orta mənzilli raketlərin ləğvi barədə razılaşma müzakirə edilib. Görüş nəticəsiz başa çatıb. ABŞ tərəfi ötən gün açıqlamasında fevralın 2-də müqavilədən çıxacaqlarını bəyan edib.