Pakistanın Xarici İşlər Nazirliyi Hindistandakı səfirini məsləhətləşmək üçün geri çağırıb.
Eurasia Diary AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Pakistanın diplomatik qurumunun rəsmi nümayəndəsi Məhəmməd Feysəl özünün "Twitter" səhifəsində yazıb. Həmin qərar Nyu-Dehlinin polis kortejinə hücumda İslamabadın əlinin olması barədə ittihamından sonra hər iki ölkə arasında vəziyyətin gərginləşməsi fonunda verilib.
Bundan öncə Hindistan da Pakistandakı səfirini geri çağırmış, Pakistanın Hindistandakı səfiri isə Xarici İşlər Nazirliyinə dəvət edilərək ona kəskin etiraz bildirilmişdi. Hindistan hakimiyyəti Pakistandan hücumun məsuliyyətini üzərinə götürmüş qruplaşmaya qarşı lazımi tədbirlər görməyi tələb etmişdi.
Qeyd edək ki, Hindistanın müsəlmanların üstünlük təşkil etdiyi yeganə ştatı Cammu və Kəşmirdə uzun illərdir vəziyyət gərgin olaraq qalır. "Ceyş-ə-Məhəmməd" həmin bölgədə fəaliyyət göstərən və ştatın müstəqilliyi, həmçinin qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir.