Türkmənistanda yüz cür qadağa var. Orta Asiya ölkəsinin rəhbərliyi insanları maksimum qapalı şəraitdə yaşamağa məcbur edir.
Bizimyol.info xəbər verir ki, Türkmənistanda bu dəfə qadağa qadınlara yönəlib. Polis onları açıq-aşkar sıxışdırır, sürücülük vəsiqələrini əlindən alır. Məsələn, Aşqabad sakini olan bir qadına tibbi ləvazimatların yoxluğunu irad tutublar. Maşında analgin və dimedrol saxlamasını tələb ediblər. Halbuki qadının bütün sənədləri qaydasında imiş. Maşında yetərincə tibbi ləvazimat da varmış.
Qadınlar paytaxtın mərkəzi küçələrində maşın sürə bilmir. Hüquq-mühafizə orqanlarında işləyən qadınların gününü lap qara ediblər. Məqsəd bu cinsdən olan sürücülərin sayını azaltmaqdır və ya onlara sükan arxasına keçməyi tamamilə yasaq qoymaqdır.
Türkmənistanda tünd rəngli avtomobilləri gözümçıxdıya hələ bir neçə il əvvəldən salmağa başlayıblar. Prezident Qurbanqulu Berdıməhəmmədov ağ və yaşıl rəngləri sevir. Buna görə də ölkədə daha çox bu rəngdə maşınların alınması arzuolunandır. Tünd rəngli maşınları hər cür bəhanə ilə cərimə edirlər.
Türkmənistanda sovet istehsalı olan maşınlara da münasibət isti deyil. Bu ölkədə “Jiquli” və “Moskviç”iniz varsa, sizi tez-tez cərimə edəcəklər.