İngiltərə hökuməti İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən Şamima Begümü vətəndaşlıqdan çıxarır.
Bu barədə İngiltərə mətbuatı yazıb. Məlumatda qeyd olunur ki, İngiltərə hökuməti Şamima Begümün ailəsinə məktub yollayaraq daxili işlər naziri Sacid Cavidin gənc qızın vətəndaşlıqdan çıxarılması üçün təlimat verdiyini bildirib.
Qeyd edək ki, keçən həftə Şamima Begümün Suriyada bir sığınacaqda yaşamağa başladığı üzə çıxmışdı. "Times" qəzetinə açıqlama verən qız peşman olmadığını demişdi.
Şamima Begümün 2015-ci ildə Kadiza Sultana və Amira Abas adlı iki məktəb yoldaşıyla İstanbula getdiyi məlum olmuşdu. İngiltərə polisi həmin vaxt qızların Suriyaya keçib İŞİD-ə qoşulmaq üçün İstanbula getdiyini ehtimal edirdi.
Qızlardan Kadiza Sultananın 2016-cı ildə hava hücumu nəticəsində öldürüldüyü bildirilir.