Qazaxıstan prezidentinin səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomart Tokayev icra edəcək.
Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, 2015-ci ildə 5-ci müddətə prezident seçilən Nursultan Nazarbayev bu gün istefa qərarını açıqlayıb. Prezident səlahiyyətlərinin icrasının davamını Tokayevə həvalə edərək dövlət televiziyası vasitəsilə qərarını açıqlayıb:
“İnanıram ki, Tokayev məhz o adamdır ki, Qazaxıstanın idarəçiliyini ona etibar edə bilərik”.
Qeyd edək ki, Qasım-Comərd Kamaloviç Tokayev 1953-cü ilin may ayında Qazaxıstanın köhnə paytaxtı Alma-Atada (indiki Almatı) doğulub. Peşəkar diplomatdır. Fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. 1994-99-cu illərdə Qazaxıstanın XİN başçısı olub. 2011-2013-cü illərdə ölkəsinin baş naziri vəzifəsində çalışıb. 2013-cü ildə Qazaxıstan parlamentinin sədri idi. Tokayev siyasi elmlər doktorudur. Poliqlotdur.
Nazarbayev bundan sonra Təhlükəsizlik Şurasının sədri və “Nur Otan” partiyasının rəhbəri kimi fəaliyyətini davam etdirəcək. O həm də Konstitusiya şurasının üzvü olaraq qalacaq.
Növbəti prezident seçkiləri 2020-ci ildə keçiriləcək.