Rusiyanın “Birinci” kanalında yayımlanan “Zaman göstərəcək” tok-şousunun efirində tarixçi Aleksandr Sıtin Notr-Damdakı yanğını müzakirə edən zaman 2014-cü il Odessa yanğını qurbanları haqqında birmənalı olmayan ifadələr işlədib.
Bu barədə Lenta.ru məlumat yayıb.
“Siz Avropanın ən önəmli, mədəni dəyər daşıyan binalarından birində baş verən yanğını 2014-cü il mayın 2-də Odessada az önəmli insan materialının məhv olması ilə müqayisə edirsiniz”, – deyən tarixçinin bu fikri dərhal auditoriyada qıcıq oyadaraq, etirazlar və qəzəb dolu replikalarla müşayiət olunub.
Bundan sonra aparıcı Anatoli Kuziçev Sıtinin studiyanı tərk etməsini tələb edib.
Xatırladaq ki, 2 may 2014-cü ildə Odessada Avromaydan fəalları ilə Ukrayna federalizasiyasının tərəfdarları arasında qanlı toqquşmalar baş verib. Münaqişənin gedişində ukraynalı millətçilər düşmənlərini Həmkarlar İttifaqı binasına toplayaraq, onlara Molotov kokteylləri atıb. Hadisə nəticəsində 40-dan çox adam diri-diri yanıb, 174 nəfər yaralanıb. “2 may hadisələri” ilə bağlı məhkəmə araşdırması indiyə kimi yekunlaşmayıb. (oxu.az)