Avropa İttifaqı yeni inteqrasiya təklifləri

Analitika 17:40 06.10.2017
Avropa Komissiyasının sədri Jan-Klod Yunker Strasburqda təşkilatın taleyi ilə bağlı yeni təkliflər irəli sürüb. Ekspertlər onun təkliflərini analiz etməkdədirlər. Həmin tezislərdə Aİ-nin faktiki olaraq yeni inteqrasiya fəlsəfəsini işləməli olduğu vurğulanıb. Aİ-də bir tərəfdən, parçalanma prosesinin güclənməsindən narahatdırlarsa, digər tərəfdən, kənardan olan ciddi təhlükələrdən ehtiyatlanırlar. Təsadüfi deyil ki, J.-K.Yunkerin təkliflərində kibertəhlükəsizlik önəmli yer tutur. Onun diqqət yetirdiyi digər məqamlar da vardır. Lakin analitikləri daha çox Avropa Komissiyası sədrinin başlıca məqsədinin nədən ibarət olduğu düşündürür. Məsələnin bu tərəfi heç də tam aydın deyil. Bir sıra ziddiyyətlər özünü göstərir ki, onlar da Aİ üçün gələcəkdə daha ciddi problemlər yarada bilər. Bu mənada J.-K.Yunkerin təkliflərinin müsbət cəhəti ilə yanaşı, qüsurlarını da vurğulamaq gərəkdir. Onun irəli sürdüyü tezislərin geosiyasi aspektdə təhlili maraqlı olardı.
 
Giriş
 
Sentyabrın 13-də Avropa Komissiyasının sədri Jan-Klod Yunker son 18 ayda Avropa İttifaqında baş verən proseslərə dair hesabatla çıxış edib. Avropalı məmur maraqlı və düşündürücü fikirlər ifadə edib. Ekspertlər onun fikirlərinə böyük maraq göstəriblər. Hətta bir sıra mütəxəssislər Komissiya sədrinin hazırladığı hesabatı sensasion adlandırıb. Hər bir halda bu hesabatla əlaqədar qısa müddətdə dünyanın müxtəlif analitik mərkəzləri təhlillər aparır və proqnozlar verirlər.
 
J.-K.Yunker hər şeydən öncə Aİ-də aparılan işlər haqqında yaxşı təəssürat yaratmağa çalışıb. Obrazlı olaraq o, bunu "Avropanın yelkənləri yenidən açılır" kimi ifadə edib. Mütəxəssislər bunu daha çox iqtisadi inkişafla bağlayırlar. Doğrudan da, statistik göstəricilərə görə, 2016-cı ilin sonlarından Almaniya başda olmaqla Aİ ölkələrinin böyük əksəriyyətində inkişaf müşahidə edilib. Yunanıstanda böhran dərinləşsə də, ona yardımlar edilib və indi burada vəziyyətin sabit olduğu qeyd olunur.
 
Bundan başqa, keçən müddətdə Aİ ilə bir neçə ölkə arasında azad ticarət zonasının yaradılması ilə bağlı saziş imzalanıb, yaxud imzalanmaya hazırdır. Onların sırasında Yeni Zelandiya, Yaponiya, Avstraliya və Yaponiya kimi ölkələr vardır (bax: Сергей Соколов. Евросоюз: ветер снова дует в дырявые паруса / РСМД, 18 sentyabr 2017).
 
Ritorika dəyişir: reallıq, yoxsa özündənrazılıq?
 
Ekspertlər ona işarə edirlər ki, bu uğurlardan ruhlanan Aİ artıq Böyük Britaniya ilə güc mövqeyindən danışmağa başlayıb. Bununla da Brüssel ilk növbədə təşkilat üzvlərinə "Brexit"in bir yanlışlıq olduğunu sübut etməyə cəhd edir. J.-K.Yunkerin hesabatında da məhz bu məqam ciddi yer tutub. Avropa Komissiyasının sədri nəticələri bir qədər də şişirdərək avrozonadan kənarda qalan ölkələrin inkişafda axsadığı fikrini irəli sürüb. Mütəxəssislər bunun daha çox təbliğat üçün deyildiyini vurğulayırlar (bax: əvvəlki mənbəyə).
 
Lakin bu təntənəli fikirlərin işığında Komissiya sədri bilərəkdən Çin və ABŞ faktoruna elə də yer ayırmayıb. Hesabatdan da göründüyü kimi, Brüssel Çinin Avropaya külli miqdarda sərmayə yatırmasından narahatdır. J.-K.Yunker bu yatırımların yoxlanması və bir çox şərtlərlə əlaqələndirilməsi gərəkliyini vurğulayıb (bax: əvvəlki mənbəyə). Məsələ ondan ibarətdir ki, Aİ Çinin tədricən Avropa bazarını ələ keçirdiyi fikrindədir. Bundan başqa, Brüssel hesab edir ki, Pekin Aİ bazarına daha çox nüfuz etməklə yanaşı, ondan yeni texnologiyaları da mənimsəyir. Bu səbəbdən təşkilat Çinlə əlaqələrində müəyyən düzəlişlər etməlidir.
 
Bu məqamları başa düşmək olar. Lakin mütəxəssislər daha çox hesabatda ABŞ-la iqtisadi əlaqələrə az yer verilməsinin izahı üzərində dayanırlar. Belə ki, Aİ bir sıra güclü dövlətlərlə azad ticarətlə bağlı sazişlər imzalasa da dünyanın ən qüdrətli ölkəsi və Avropanın təbii müttəfiqi olan Vaşinqtonla fikir ayrılıqları qalmaqdadır. Donald Tramp hakimiyyətə gələndən sonra Aİ ilə azad ticarət zonası yaratmaq ideyası kölgəyə atılıb.
 
ABŞ-ın yeni administrasiyası "öncə Amerika" şüarı ilə çıxış edir. Bu isə o deməkdir ki, Vaşinqton Avropa ilə də münasibətlərdə hər şeydən əvvəl öz maraqlarını nəzərə alacaq. Brüsseli isə bu, qane etmir. Bir neçə iqtisadi meyar var ki, Aİ onlardan vaz keçmək istəmir. Hələlik azad ticarət zonası məsələsi durğun vəziyyətdədir.
 
Avropa Komissiyası sədrinin bu məsələyə az yer ayırması hesabatın mənfi tərəfi sayılır. Çünki Aİ-yə ABŞ-dan çox təsir edə biləcək ikinci bir qüvvə yoxdur. Məhz bu səbəbdən də J.-K.Yunkerin təşkilatın gələcəyi ilə bağlı proqnozlarını yarımçıq saymaq olar.
 
Dörd tezis və Türkiyə: ikili standartların daha bir nümunəsi
 
Bu təhlil və proqnozlarda isə düşündürücü məqamlar az deyil. Mütəxəssislər onların əsas müddəalarını qeyd edirlər (bax: məs., Жан-Клод Юнкер о настоящем и будущем ЕС / "Euronews", 14 sentyabr 2017). Belə ki, J.-K.Yunker Aİ üçün təhlükəsizliyin böyük önəm kəsb etdiyini vurğulayır. Bu sırada o, informasiya təhdidlərini daha aktual hesab edir. Kibertəhlükələrin qarşısını almaq üçün Avropa agentliyinin yaradılmasını zəruri sayır. J.-K.Yunker açıq bildirib ki, kiberhücumlar o dərəcədə təhlükəli xarakter alıb ki, "onlardan müdafiə olunmaq mütləq zərurətdir" (bax: əvvəlki mənbəyə).
 
İkinci mühüm məsələ kimi Komissiya sədri avrozonanın özünün maliyyə nazirinin olmasını göstərib. Bu nazir, eyni zamanda, Avropa Komissiyasının sədrinin müavini olmalıdır. Nazirin əsas işi 19 ölkəni birləşdirən vahid valyuta zonasında proseslərin istiqamətləndirilməsindən ibarət olmalıdır. Bundan əlavə, təşkilatın birgə büdcəsi də yaradılmalıdır. J.-K.Yunker bu barədə yüksək tonla deyib: "Bizim avrozonanın bölünmüş büdcəsi deyil, Avropa İttifaqının ümumi büdcəsi çərçivəsində güclü büdcəmiz olmalıdır" (bax: əvvəlki mənbəyə).
 
Digər vacib tezis kimi məruzəçinin Avstraliya və Yeni Zelandiya ilə ticarət danışıqlarından söhbət açması göstərilir. Kanada ilə imzalanan sazişə uyğun olaraq Aİ bu ölkələrlə 2019-cu ilin sonuna qədər ticarət anlaşması hazırlamaq fikrindədir. Onun sözlərinə görə, dünyanın müxtəlif regionlarında yerləşən dövlətlər Aİ ilə ticarət əlaqələri qurmağa can atırlar. Bunun əsas səbəbi təşkilatın iqtisadi cəhətdən getdikcə daha da cəlbedici olmasındadır. Kanada maraq göstərdi, onunla da saziş imzalandı. İndi başqa təkliflər gəlir. Onların içində Avstraliya və Yeni Zelandiya ilə danışıqlar önəm kəsb edir. J.-K.Yunker onu xüsusi vurğulayıb ki, bu ölkələrlə danışıqlar "maksimum şəffaf şəraitdə aparılmalıdır" (bax: əvvəlki mənbəyə).
 
Avropa Komissiyası sədrinin Türkiyə ilə bağlı dedikləri də KİV-in və mütəxəssislərin diqqətini cəlb edib. J.-K.Yunker Ankaranın onları təhqir etdiyi fikrindədir. Türkiyə rəsmiləri avropalı siyasi liderlərə faşist və nasist deyirlər. Onlar jurnalistləri həbs ediblər. J.-K.Yunker hesab edir ki, Avropa "yetkin demokratiya" məkanıdır. Türkiyə bunu qəbul etmədikcə onun təşkilata daxil olması imkansızdır. Ümumiyyətlə, Avropa Komissiyasının sədrinin fikrinə görə, "yaxın perspektivdə Türkiyənin Aİ-yə üzv olması mümkünsüzdür" (bax: План Юнкера: к 2025 году в Евросоюз должны входить 30 стран / "MK.ru", 13 sentyabr 2017).
 
Bizim Avropa rəsmilərinin Türkiyə ilə olan münasibətlərə verdikləri qiymətləndirmələrlə işimiz yoxdur. Ancaq ədalət naminə bir sıra məqamlara toxunmaq istərdik. Cənab J.-K.Yunker Türkiyə rəhbərliyinin onları təhqir etdiyini vurğulayır, lakin Aİ-yə daxil olan ölkələrin siyasətçilərinin Türkiyə Prezidenti haqqında işlətdikləri təhqiramiz ifadələri nədənsə unudur. Yəni Avropada Türkiyənin rəhbərinin ünvanına "sultan", "terrorçu”, "diktator" və s. demək olar, ancaq Rəcəb Tayyib Ərdoğanın bütün bunlara reaksiya olaraq "faşist" sözünü işlətmək haqqı yoxdur?
 
Əslində, sirr deyil ki, Avropada bir sıra dairələr özlərini faşistsayağı aparırlar. Məsələn, müsəlman miqrantlara göstərdikləri münasibətdə. Artıq siyasi səviyyədə Avropada islamofobiyanın tüğyan etdiyindən açıq danışılır. Bunlar Ərdoğanınmı günahlarıdır? Əlavə olaraq, Aİ-yə daxil olan bəzi ölkələr Türkiyədə dövlət çevrilişi etmiş, terror aktları törətmiş adamlara qucaq açıblar. Eyni zamanda, Avropadan jurnalist adı altında insanlar gəlib, Türkiyədə separatçılara təlimlər keçir, onları ideoloji olaraq hazırlayırlar. Bütün bunlara Ankara sakitmi baxmalıdır? Yalnız bu haldamı Türkiyə "avropalı" sayıla bilər? Hesabatın digər hissələrinin analizi barədə mənfi bir fikir söyləmək niyyətimiz yoxdur, ancaq onun bu hissəsi tamamilə süni arqumentlər və birtərəfli qiymətləndirmələr üzərində qurulub.
 
Bunun fonunda J.-K.Yunkerin Liviya ilə əlaqələri genişləndirməkdən danışması və hətta 2019-cu ilin sonuna qədər Aİ üzvlərinin sayını 30-a çatdırmaqdan dəm vurması xeyli dərəcədə təbəssüm doğurur. Açıq görünür ki, Aİ növbəti dəfə yanlış kurs götürür və tərəfdaşlarına qarşı ikili standartlar siyasəti həyata keçirir. Ancaq çətin ki, bütün bunların Türkiyə kimi dövlətə hansısa təsiri olsun. Ankara öz böyük yolunu gedir!
 
Bunlara baxmayaraq, J.-K.Yunkeri daha çox təşkilatdaxili problemlər narahat edir. Onun hesabatındakı əsas tezislərdən biri də Şengen zonasının genişləndirilməsi ilə bağlı olub. Məlumdur ki, Aİ-nin 28 üzvündən yalnız 22-si Şengenə daxildir. J.-K.Yunker hesab edir ki, Bolqarıstan və Rumıniya da bu sazişə qoşulmalıdırlar. Onların ardından isə Xorvatiya addım atmalıdır. Nəyə görə Avropa Komissiyasının sədri bu məsələni belə aktual sayır?
 
Yeni inteqrasiya mexanizmləri: üç baza element
 
Məsələ ondan ibarətdir ki, son zamanlar Aİ daxilində inteqrasiya prosesində ciddi problemlər meydana çıxıb. Onların sırasında insanların yerdəyişmə imkanları başlıca yerlərdən birini tutur. Məsələn, Böyük Britaniya müəyyən məhdudiyyətlərin qoyulmasının tərəfdarı idi. Xüsusilə Aİ-nin daha kasıb ölkələrindən gələn işçilərin sosial təminatı məsələsində Londonun razılaşmadığı məqamlar vardı. İndi J.-K.Yunker Şengen məkanını genişləndirməklə Aİ daxilində inteqrasiya prosesini dərinləşdirmək niyyətindədir. Bunun müsbət nəticələrindən biri kimi, əsasən, Şərqi Avropa ölkələrində (Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan və s.) ultramilliyyətçi əhval-ruhiyyəni ümumavropa evi ideyasında əritmək şansını əldə etməyə çalışırlar.
 
Jan-Klod Yunkerin 2025-ci ilə qədər Aİ-nin tərkibini 30 ölkəyə qədər yüksəltmək barədə fikirləri də məhz bu kontekstdə qəbul edilir. J.-K.Yunker həm də bu üsulla Avropanın xarici sərhədlərini möhkəmləndirmək fikrindədir. Daha doğrusu, təşkilatın böyük dövlətləri öz ətraflarında kiçik dövlətlərdən ibarət təhlükəsizlik zonası yaratmış olurlar. Ancaq bu məqamda da bir incə ziddiyyət gizlənib. Belə ki, Aİ-nin nisbətən zəif inkişaf etmiş ölkələr qrupunu daha inkişaf etmiş ölkələr qəbul etmirlər. Bu səbəbdən təşkilat faktiki olaraq parçalanıb. İndi mütəxəssislər Aİ üçün ortaq inkişaf modeli axtarışındadırlar. J.-K.Yunkerin təklifi də bu aspektdə aktualdır. Bunun baş tutub-tutmayacağı başqa məsələdir, lakin Komissiya sədrinin təklifi maraqlıdır.
 
Bütün bunların əsasında mütəxəssislər belə nəticəyə gəlirlər ki, J.-K.Yunker Aİ-də yeni inteqrasiya mexanizmlərinin yaradılması təklifini irəli sürüb. Bunun üçün onun üç baza elementdən istifadə etdiyi göstərilir (bax: məs., Михаил Комин, Таисия Шенцева. План Юнкера: как в Брюсселе ищут новую идею для Европы / РБК, 18 sentyabr 2017).
 
Birincisi, yeni lokal institutlar yaradılmalıdır ki, onlar Avropa İttifaqında üzvləri bir-birinə daha sıx "bağlaya bilsin". Bu yeni idarəetmə institutları avrointeqrasiyanın əvvəlki mərhələlərində əldə edilən təcrübəyə əsaslanmalıdır. Eyni zamanda, inteqrasiyanın daha az siyasiləşmiş sferalar üzrə dərinləşməsi təmin edilməlidir. Buradan konseptual-nəzəri aspektdə Aİ-də inteqrasiya proseslərinin ciddi maneələrlə üzləşdiyi nəticəsini çıxarmaq olar. Çünki təklifdə məsələnin siyasi aspektindən uzaqlaşmaq cəhdi aydın görünür. Səbəb nədir? J.-K.Yunker açıq etiraf etməsə də, Aİ-nin siyasi strategiyasının böhran vəziyyətdə olduğu hiss edilir. Bunun əvəzində, sosial sferanın inkişaf etdirilməsinə daha çox əhəmiyyət verilməsi ideyası irəli sürülür. Bu zaman Aİ-də mövcud olan ənənəvi əməkdaşlıq modellərinin nəzərə alınması düzgün sayılır.
 
İkincisi, Aİ-də özünü göstərən dezinteqrasiya prosesinə qarşı inteqrasiya ideyası, məsələn, təşkilata rəhbərlik mexanizminin daha da təkmilləşdirilməsi və təmərküzləşdirilməsi fikri qoyulmalıdır. Ümumavropa maliyyə naziri vəzifəsinin təsis edilməsi təklifi də elə məhz buna xidmət edir. Bundan başqa, Avropa müdafiə ittifaqının yaradılması tezisi də irəli sürülür. Bütün bunları həyata keçirmək üçün Aİ-yə daxil olan ölkələrin siyasi elitalarının gündəmində əsas məsələ kimi parçalanma deyil, inteqrasiya prosesinin irəlilədilməsi yolları olmalıdır.
 
Nəhayət, üçüncü mexanizm yeni böyük Avropa üçün yeni böyük inteqrasiya ideyasının axtarışı olmalıdır. Bu istiqamətdə iqlim problemi ətrafında birləşmək səmərəli deyil. Avropada daha çox cari beynəlxalq situasiyaya uyğun hərəkət etmək zərurəti dərk edilməlidir. Eyni zamanda, avrointeqrasiyaya bədbin baxanların Aİ-nin Böyük Britaniya və ABŞ-dan uzaq olması çağırışlarından istifadə etmək gərəkdir (bax: əvvəlki mənbəyə).
 
J.-K.Yunkerin bəhs etdiyi bu mexanizmlərdən aydın görünür ki, burada həm uğurlu məqamlar, həm də müəyyən dərəcədə riskli məqamlar mövcuddur. Aydındır ki, müasir ziddiyyətli qlobal geosiyasi situasiyada Aİ-ni möhkəmləndirmək ideyası yaxşı ideyadır. Hər bir halda Avropa dünyanın ən böyük güc mərkəzlərindən biridir. Onun gələcək taleyi ilə bağlı mütəxəssislər xeyli zamandır ki, proqnozlar verir, müxtəlif ssenarilərdən bəhs edirlər. Hətta Aİ-nin dağılması variantı belə nəzərdən keçirilir. Digər ssenariyə görə, təşkilat zəifləyə və dünyadakı geosiyasi mövqeyini itirə bilər.
 
Təbii ki, bunların heç birini Brüssel istəməz. J.-K.Yunker də ssenarilərdən pozitiv tonda bəhs etməklə ümumi əhval-ruhiyyəni yüksəltməyə çalışır. Lakin onu yuxarıda vurğulanan mexanizmlər vasitəsilə həyata keçirmək mümkündürmü? Təkliflərdən görünür ki, J.-K.Yunker inteqrasiyaya təkanın əsas olaraq "yuxarılardan" (yeni ümumi maliyyə naziri vəzifəsi təsis edilsin, digər üzv dövlətlər də Şengenə qoşulsun, siyasi aspektdən kənarda yeni inteqrativ idarəetmə orqanları yaradılsın, təşkilatın tərkibi genişləndirilsin və s.) verilməsini nəzərdə tutur. Bu, özlüyündə aşağılara bürokratik təzyiq mexanizminin inkişaf etdirilməsi deyilmi? Axı, ölkələrin real inteqrasiyası hər şeydən əvvəl insanların birgə yaşamaq istəyidir, mədəni vəhdətdir, sosial talenin eyni olmasıdır və s. Ümumi maliyyə naziri yunanla almanın həyat tərzi arasındakı fərqin şüura təsirini necə aradan qaldıracaq? Yaxud həmişə yuxarıdan aşağı baxdıqları rumıniyalı ilə ingilisin birgəyaşayış fəlsəfəsi arasındakı uyğunsuzluğu neytrallaşdırmaq mümkün olacaqmı?
 
Başqa tərəfdən, verilən təkliflərdə konkret iqtisadi mexanizmlər mövcud deyil. Üzv ölkələrin inkişaf tempi və həyat səviyyəsi arasındakı fərqlərin necə aradan qaldırılacağı barədə kəlmə belə kəsilmir. Daha təhlükəli məqamlar isə ideoloji sfera ilə əlaqəli görünür. Belə ki, J.-K.Yunker hesabatında bir sıra potensial təhlükə məqamlarını avropalı riyakarlığı ilə qabardıb.
 
Söhbət Aİ-də cəmiyyətin hansı ideoloji konseptə əsaslanacağından gedir. Belə hiss olunur ki, J.-K.Yunker sırf Avropa müstəsnalığını təbliğ edən dünyagörüşünü müdafiə edir. Bu, onun bir müsəlman ölkəsi haqqında sərt şəkildə mənfi fikir bildirməsində ifadə olunub. Həmin sözləri dinləyən avropalı gəncdə müsəlmanların ümumiyyətlə antidemokratik, böhtançı obrazı formalaşa bilər. Bu isə Aİ daxilində onsuz da getdikcə güclənən radikal əhval-ruhiyyəni daha da artıra, faşizmin qəhrəmanlaşdırılması, irqçilik, ksenofobiya və şovinizm kimi meylləri stimullaşdıra bilər. Belə bir şəraitdə çətin ki, real inteqrasiya prosesi uzunmüddətli olsun.
 
Digər təhlükəli məqam J.-K.Yunkerin "tamhüquqlu Aİ prezidenti" postunun yaradılması ideyası ilə bağlıdır. Məlumdur ki, təşkilatda milli idarəetmə institutları ilə ortaq orqanlar arasında müəyyən ziddiyyət vardır. Bir sıra ölkələrin yerli idarəetmə orqanları Brüsselin əmrlərinə tabe olmaq istəmirlər. Vahid prezidentliyin yaradılması isə bu aspektdə odun üstünə yanacaq atmaq təsiri bağışlayacaq. Ayrı-ayrı üzv dövlətlərin siyasi elitalarının buna normal baxacağını söyləmək çətindir. Bundan əlavə, avropalıların növbəti dəfə ikili standartlarla davrandığı aydın hiss edilir.
 
Nəticə
 
Qərb siyasi liderləri Vladimir Putini və Rəcəb Tayyib Ərdoğanı daha çox səlahiyyət əldə etməkdə günahlandırırlar. Onlar bu əsasda həmin siyasi liderlərin demokrat olmadıqlarını deyirlər. Eyni məntiqlə Jan-Klod Yunkerin antidemokratik təkliflərlə çıxış etdiyini deyə bilərik. Çünki o, faktiki olaraq Brüsselin əlində daha çox hakimiyyətin cəmləşməsinə xidmət edən tezislər irəli sürüb. Belə çıxır ki, Qərbdə öz dövlətçiliyini möhkəmləndirmək demokratiyadır, başqaları bunu edirsə, artıq o, anti-demokrat, diktator və tirandır. Bu mahnılar çoxdan köhnəlib və onları dinləyən yoxdur.
 
Belə görünür ki, Avropa İttifaqının daxilində mövcud olan ziddiyyətlər dərinləşməkdədir. Artıq Brüssel konkret addımlarla yaranmış vəziyyətdən çıxış axtarır. Bunun üçün Aİ rəhbərliyi hərəkətə keçib. Təşkilatda inteqrasiya prosesinin məntiqini dəyişməkdən rəsmi səviyyədə danışırlarsa, bu o deməkdir ki, Aİ-də işlərin düz getmədiyinə əmindirlər. Burada ən böyük təhlükəni daxili inteqrasiyanın zəifləməsində görürlər. Deməli, Avropa dövlətçiliyi yeni səviyyədə təmərküzləşmə mərhələsinə qədəm qoyub. Bu prosesin digər səbəbi qlobal geosiyasi mühitdə cərəyan edən proseslərin məntiqinin daha da mürəkkəbləşməsidir. Brüssel kənardan mümkün təhlükələrdən çox çəkinir. Buna reaksiya olaraq, o, ənənəvi müttəfiqlərindən uzaqlaşa bilər. Konkret desək, ABŞ-la əlaqələrə yenidən baxıla bilər. Digər tərəfdən, Aİ-nin yeni mərhələdə özü ilə müsəlman ölkələri arasında məsafə saxlamaq istəyi aydın görünür. Bu da dünya mədəniyyətinin müəyyən qismindən özünütəcridə aparıb çıxara bilər.
 
Əgər J.-K.Yunkerin təklifləri reallaşsa, Avropa İttifaqının haraya – məbədə, yoxsa uçurumamı gedəcəyini təxmin etmək çətin olacaq. Bunu əlahəzrət zaman müəyyənləşdirəcək!

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı