Avropa Birliyində gərginlik artır - Parçalanma? - ÖZƏL | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Avropa Birliyində gərginlik artır - Parçalanma? - ÖZƏL

Analitik Mərkəz A- A A+

Son dövrlər Avropa regionunda baş verən proseslər Avropa Birliyində yeni “çatların” meydana gəlməsinə səbəb olmuşdur. Beləki, Avropa dövlətləri qarşılaşdıqları problemlərə qarşı birgə mübarizə apara bilmir, regionda liderlik hədəfləyən dövlətlərin sayı artır, bəzi dövlətlər öz milli maraqlarını ittifaq maraqlarından üstün görür, bəzi dövlətlər ittifaqdan ayrılır, bəziləri isə Avropa regionunda yerləşsə belə ittifaqa daxil edilmir və bütün bunlar Avropa Birliyində əməkdaşlığa və birləşməyə mane olur.

2009-cu ildə baş verən iqtisadi böhrandan sonra Avropa dövlətləri iqtisadi cəhətdən rəsmi şəkildə bölündülər. Avropanın cənubunda hələ də iqtisadi böhranlarla üzləşən Yunanıstan, Portuqaliya, İspaniya və digər dövlətlər “Avropanın kasıb ölkələri”nə, Avropanın şimalında yerləşən Almaniya, Norveç, Fransa, İsveç və digər ölkələrsə “Avropanın zəngin ölkələri”nə çevrildilər. Yəni, 2009-cu ildə başlanan iqtisadi böhran Avropanın iqtisadi parçalanması prosesinin əsasını qoydu. 2009-cu il böhranında ən önəmli faktor ondan ibarət idi ki, Avropanın bir qismi iqtisadi böhranla üzləşərkən digər qismi iqtisadi inkişafa davam edir və getdikcə varlanan dövlətlər böhran yaşayan ölkələrə demək olar ki, heç bir maddi yardım etmirdilər. İlk dəfə bu iqtisadi böhran Avropa ölkələrinin birliyinin sadəcə simvolik olduğunu nümayiş etdirdi.

“Brexit” olaraq qeyd edilən Böyük Britaniyanın Avropa Birliyindən çıxması haqqında qərar qəbul etməsindən sonra Avropa Birliyinin gələcəyi ciddi müzakirə mövzusuna çevrilmişdir. Fikrimcə, “Brexit” ingilis diplomatiyasının uzaqgörənliyinin bir sübutudur. Çünki bu gün Avropanın üzləşdiyi sosial, demoqrafik, iqtisadi və siyasi problemlərlə Britaniya özünəməxsus “Brexit siyasəti” sayəsində üzləşmir.

Əslində, Brexit Avropa Birliyi üçün gözlənilməz deyildi. Çünki Britaniya Avropa Birliyi tərəfindən qəbul edilən “ortaq viza sistemi” və “ortaq valyuta” haqqındakı həyati əhəmiyyətə sahib qərarlara qoşulmamışdı. Brexit gedişi ilə isə Britaniya rəsmi şəkildə Avropa Birliyi ilə arasında məsafə qoydu. Yəni, Britaniya bir növ “Avropada olanlarla maraqlanmıram” deyərək Avropadakı bütün potensial problemlərdən özünü sığortaladı.

Brexit addımının 4 əsas hədəfi var idi:

  • İngiltərənin hüquqi-siyasi müstəqilliyini qorumaq və bununla da İngiltərənin ancaq ingilis qanunları ilə idarə edilməsini təmin etmək;
  • İngiltərənin “köç problemi” ilə bağlı öz sərhədlərinə daha çox nəzarət edə bilməsini təmin etmək;
  • İngiltərənin hər il Avropa Birliyinə 19 milyard funt sterlinq ödəməsinin qarşısını almaq;
  • Avropa Birliyində gələcəkdə baş verə biləcək müxtəlif problemlərin İngiltərəyə təsirinin qarşısını almaq.

Brexitə bu qədər geniş yer verməmizin səbəbi ondan ibarətdir ki, fikrimizcə, ingilislərin bu addımını yaxın gələcəkdə bir çox Avropa dövləti izləyəcək. Brexitdən sonra Avropa Birliyində ayrılıq meylləri özünü daha aşkar şəkildə hiss etdirməyə başladı.

Avropanın günümüzdə yaşadığı əsas böhran isə “köç dalğasıdır”. Beləki, xüsusəndə, Avropa Birliyinin birbaşa müdaxilə etdiyi Liviya və Suriyadakı vətəndaş qarşıdurması nəticəsində bu ölkələrdən və bütünlükdə Yaxın Orta Şərq regionundan böyük bir köç dalğası Avropaya istiqamətləndi. Milyonlarla qaçqın sadəcə azad və firavan yaşamaq arzusu ilə Avropaya üz tutdu. Elə bu zaman Avropa Birliyində yeni çatlar yarandı.

Beləki, qaçqınlarının sayının milyonlarla ölçülməsi Avropa dövlətlərinin ciddi şəkildə narahat edirdi. Köç selinin əsas qurbanı isə Liviya ilə su sərhəddi olan İtaliya oldu. İtaliya bir müddət AB-nin təzyiqləri ilə qaçqınların burada məskunlaşmasına icazə versə də daha sonra Liviya ilə su sərhəddini bağladı və öz daxilindəki qaçqınları ölkədən çıxarmağa başladı. İtaliya qaçqınlara ölkədə yaşamaq üçün icazə vermədi və onların digər Avropa ölkələrinə köçməsi üçün sərhədlərini açmağa qərar verdi. Bu qərar Fransa və İtaliya arasında münasibətləri kəskinləşdirdi.

Beləki, Fransa prezidenti Makron İtaliyanın Afrika ilə su sərhəddinə böyük divar çəkdirməsini və heç bir qaçqını ölkəyə buraxmamasını sərt tənqid edərək qarşı tərəfi beynəlxalq hüquq qaydalarına riayət etməmək və humanitar fəlakətə səbəb olmaqla günahlandırdı. İtaliyanın baş nazir müavini Matteo Salvini isə Makrona sərt cavab verərək beynəlxalq hüquq və insanlıq dərsini Fransadan öyrənməyəcəklərini bildirdi. Bütün bunlar Avropada formalaşan yeni böhrandan xəbər verir.

Qaçqın problemi Avropadakı mövcud vəziyyəti daha da kəskinləşdirir. İtaliya, Çexiya, Avstriya kimi ölkələr qaçqınlara qapılarını bağlamaqla beynəlxalq aləmdə tənqidlərə məruz qalırlar. Türkiyə 2 milyondan çox suriyalını ölkəsində müsafir etməklə Avropanın qaçqın probleminin daha da böyüməsinin qarşısını almışdır.

Avropanın üzləşdiyi yeni bir problem isə makedon-yunan qarşıdurmasıdır. Bu qarşıdurmanı aradan qaldırmaq üçün AB Makdedoniyada referendumla ölkənin adını dəyişdirməyi, sonra isə Makedoniyanı ittifaqa cəlb etməyi planladırırdı. Lakin Avropa birliyi burada da ciddi uğursuzluğa uğradı. Makedonlar ölkələrinin adını dəyişməyə razı olmadı.

Makedoniyanı ittifaqa qəbul etməklə Balkan regionunda təsirini artırmağa çalışan AB istəyinə nail ola bilmədi. Bu isə o deməkdir ki, Avropa Birliyi yaxın zamanlarda Balkan regionunda Rusiyanın təsiri ilə formalaşan yeni problemlərlə qarşılaşacaq.

Əslində hər bir ittifaq öz daxilində müəyyən fikir ayrılıqları yaşaya və ya müxtəlif problemlərlə üzləşə bilər. Lakin Avropa Birliyində problemlər daha ciddidir. Çünki ittifaq ölkələri bir-biri ilə sıx iqtisadi əməkdaşlıq etsələr belə problemlərin həllində əməkdaşlıq edə bilmirlər. Xüsusən, Rusiya ilə iqtisadi əlaqələrini genişləndirən Almaniya və Avropada liderlik xəyalları quran Fransa Avropa Birliyində sabitliyi və əməkdaşlıq mühitini qoruyub-saxlaya bilmirlər. Ən əsası isə Avropaya xaricdən təsir davam edir. ABŞ Avropada hələ də öz təsir imkanlarını qoruyub saxlayır. Bəlkədə bu gün Avropa ölkələrinin birləşməsinə mane olan əsas səbəb məhz ABŞ amilidir. Çünki ABŞ birləşmiş bir Avropa arzulasa da bugün olduğu kimi bu birləşmənin alman və ya fransız bayrağı altında baş tutması ilə qətiyyən razılaşmır.

ABŞ-ın Avropaya təzyiqlərini narahatlıqla müşahidə edən Fransa Prezidenti Makron Avropanın birləşməsi üçün ən vacib elementin Avropa ölkələrinin ABŞ olmadan öz təhlükəsizliyini təmin etməsi olduğunu qeyd etmişdir. Makron birləşmiş Avropa üçün yeni Avropa Təhlükəsizlik Alyansının formalaşmasını zəruri hesab edir.

Nicat İsmayılov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...