Dünən axşam saatlarında gözlənildiyi kimi Paşinyan istefa verdiyini açıqladı. Paşinyan istefa verməklə çox ağıllı bir taktiki gediş etdi. İndi Ermənistanda bir növ ara dövr, keçid dövrü başladı. Keçid dövrünün başlaması belə Məxməri inqilabın gətirdiyi “küçə hakimiyyəti” üçün bir qələbədir. Çünki bu keçid Ermənistan hakimiyyətinin respublikaçılardan inqilabçılara keçididir.
Paşinyanın istefasının arxasında duran əsas məqam onun ölkədə parlament və məhkəmə sistemi ilə birlikdə bütün hakimiyyəti ələ almaq niyyətidir. Yəni Paşinyan istefa verdi ki, parlament seçkiləri keçirilsin. Çünki Ermənistan qanunvericiliyinə görə baş nazir istefa verdikdə parlament 14 gün ərzində yeni baş nazir seçməlidir, əgər parlament höküməti formalaşdıra bilməsə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul etməlidir.
Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, Ermənistanda hökumətlə parlament arasında hakimiyyət mübarizəsi gedir və əslində bu yenilərlə köhnələrin savaşıdır. Paşinyan bu mübarizədə zəfər çalmaq üçün hər yolu yoxladı amma parlament təslim olmadı. İndi isə Paşinyan istefa verməklə bir növ parlamentin “əlini, qolunu bağladı”. Parlament 14 günə hökumət formalaşdıra və baş nazir seçə bilər amma bu Paşinyana hələ də etimad göstərən kifayət qədər böyük bir kütlənin səbr kasasını daşırar. Parlamentdə əsas çoxluq olan respublikaçıların bu riskə gedəcəkləri gözlənilən deyil. Əks halda onları qəzəbli xalq kütlələrinin əlindən kim ala bilər?
Paşinyanın istefasından sonra ölkədə nələrin baş verə biləcəyi çox ciddi bir müəmmadır. Çünki, sözün əsl mənasında hər şey baş verə bilər. Parlament əgər 14 gün ərzində yeni hökumət formalaşdırsa vətəndaş müharibəsi baş verə bilər. Parlament buraxılsa və yenidən seçkilər keçirilsə bu məxməri inqilab üçün sonun başlanğıcı olacaq. Bu halda inqilab öz məqsədinə çatacaq və xalq kütlələri küçələrdən çəkiləcək. Amma bütün bunların fonunda rus faktoru unudulmamalıdır. Paşinyan bütün məxməri inqilab və 6 aya yaxın hakimiyyəti dövründə Qərbin ciddi dəstəyini görə bilmədi. Rusiya isə burada baş verən hadisələri yaxından izləyir. Hadisələrin gələcəyi isə məhz Rusiyanın Ermənistanda baş verən hadisələrə müdaxilə edib-etməyəcəyi ilə birbaşa bağlıdır.
İstənilən halda Paşinyan hakimiyyəti fasilə verdi. Paşinyanın istefası ilə Ermənistan siyasi sistemində anarxiya dövrü rəsmi şəkildə başladı. Hökumət yoxdur, prezidentin səlahiyyətləri məhduddur, parlamentin isə xalq içərisində nüfuzu demək olar ki, sıfıra bərabərdir. Əgər hər şey Paşinyanın düşündüyü kimi getsə və xarici müdaxilə baş verməsə dekabrda parlament seçkiləri keçiriləcək və bu seçkilərdən sonra böyük bir ehtimalla Məxməri inqilab “uğurla başa çatacaq”.
Nicat İsmayılov