MN 2018-ci ildə hansı fəaliyyətləri ilə yadda qaldı? HESABAT

Analitika 13:47 30.12.2018
Eurasia Diary yekun hesabatın hazırlanmasında Müdafiə Nazirliyinin rəsmi məlumatlarından və sayt daxilində yayımlanmış materiallardan istifadə edib.

Azərbaycan Respublikasının ordu quruculuğu sahəsində əldə etdiyi möhtəşəm uğurlar 2018-ci il ərzində də davam etdirildi. Ordunun maddi-texniki təchizatı və döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu həm döyüş meydanında, həm də təlimlərdə sübut olundu. Keçən dövr ərzində həyata keçirilən Günnüt əməliyyatı ordumuzun bir daha imkanlarını aşkar nümayiş etdirdi.

Keçirilən çoxsaylı və geniş miqyaslı taktiki təlimlərdə şəxsi heyət hər dəfə öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş etdirdi, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirdi. 

Son bir il ərzində Müdafiə Nazirliyinin mərkəzi aparatı, birləşmə, birlik, hissə və bölmələri döyüş hazırlığı planlarına uyğun olaraq müxtəlif təyinatlı təlimlərə, tədbirlərə, yarışlara cəlb edilməklə bərabər ön xəttdə ərazilərimizin işğalçı düşməndən müdafiə və mühafizəsini təşkil etdilər. Qısaca olaraq 2018-ci ildə baş verən əsas hadisələri bir daha yada salaq.

Yanvar

Yanvarın 16-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin Layihələşdirilməsi” formatlarında Baş Qərargah Rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak etdi.

 
“Qətiyyətli Dəstək” formatında keçirilmiş görüşdə Baş Qərargah Rəisləri Əfqanıstandakı təhlükəsizlik şəraiti, NATO-nun Qətiyyətli Dəstək Missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən Cənub Şərqi Asiya regionundakı vəziyyətə dair müzakirələr apardılar.

“Stabilliyin Layihələşdirilməsi” formatında keçirilmiş görüşdə isə, Avropanın cənub qonşuluğunda təhlükəsizlik və stabilliyə hərbi töhfə məsələləri, eləcə də bu töhfələr üzrə NATO, Avropa İttifaqı, regional təhlükəsizlik təminatçıları və milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə edildi.

 
Yanvarın 18-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəli 8-ci görüşü başa çatdı.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olundu. Görüşün nəticələrinə əsasən protokol imzalandı.

 
Yanvarın 19-da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü planına uyğun olaraq, yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirildi. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına verildi.

Fevral

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq fevralın 7-dən başlayaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik DANA özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirildi.

 
Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edildi.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi fevralın 8-dən Ordumuzun bölmələrinin silahlanmasına daxil edilməyə başladı.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başladı.

Şimali Atlantika Alyansının Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil edilən tədbirdə iştirakçılara NATO-nun komanda və qüvvə strukturu, təlimlərin konsepsiyası, planlaşdırılması, idarə edilməsi və keçirilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edildi.

 
Fevralın 16-dək davam edəcək təlim kursunda müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak etdilər.

Fevralın 17-də London şəhərində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirildi.

Tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirildi, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olundu.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalandı.

 
Fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirildi.

Fevralın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşdü.

Mart

Martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirildi.

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən geniş miqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirildi.

 
Bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və geniş miqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirdi.

 
Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirildi, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirildi.

 
Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalanma icra edildi.

Martın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul etdi.

 
Martın 31-də Giresun şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında görüş keçirildi.

Aprel

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

 
Söhbət zamanı NATO-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı müzakirə edildi.

Aprelin 17-də cəbhənin Tərtər istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq məhv edildi.

 
Aprelin 25-də olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasında görüşlər keçirdi.

Qonaqlar beynəlxalq hərbi əməkdaşlıq və hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumatlandırıldı.

 
Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETC İnternational” şirkətini ziyarət etdi. Müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olundu.

 
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasına səfəri çərivəsində Çin Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxen ilə də görüşdü.

May

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşdü. 

 
Aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak etdi.

 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış oldu.

2018-ci ilin may ayının ikinci yarısında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. 

 
Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin azad edilməsi ordumuza İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsi Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçdi.

İyun

İyunun 12-də Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər Ordumuzun silahlanmasına daxil edildi.

 
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də Brüssel şəhərində NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantısında iştirak etdi.

Görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin saxlanılması üçün tələb olunan maliyyə öhdəçiliyinin 2020-ci ildən sonra da davam etdirilməsi və digər məsələlər müzakirə olundu.

 
İyunun 13-də Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 122 mm-lik yaylım atəşli reaktiv sistemləri və 152 mm-lik toplardan döyüş atışlı məşqlər keçirdi.

İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edildi.

İyunun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yeni inşa edilən Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edərək ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra meydanı və digər obyektlərlə tanış oldu.

 
İyunun 23-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verildi.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi.

 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izlədilər. 

 
Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak etdi. 

 
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilən ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu. Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk Ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirildi.

Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak etdi.

İyul

İyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, birlik və birləşmələrinin iştirakı ilə geniş miqyaslı təlimlər başladı. Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olundu.

 
İyulun 2-də Muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başladı.

İyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə oldu, burada xidmət keçən əsgər və zabitlərlə görüşdü.

İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi sahəsində təcrübə əldə etdilər.

 
İyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü oldu.

İyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərdi.

 
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alındı və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun üzvü 1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürüldü. Daha sonra məlum oldu ki, Karen Karazaryan Azərbaycan daxilində terror aktı törətməyi planlaşdırıb. 

Avqust

Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində “Layiqli Tərəfdaş 2018” (“Noble Partner 2018”) çoxmillətli təlimində iştirak etdilər. 

Təlimin məqsədi NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir.

 
Avqustun 4-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov HHQ-nin cəbhəboyu zonada yeni inşa edilən hərbi hissəsinin açılışında iştirak etdi, şəxsi heyət üçün yaradılan şəraitlə tanış oldu.

Avqustun 6-da “Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan artilleriyaçıları yüksək nəticələr göstərərək müsabiqənin finalına yüksəldilər.

Avqustun 8-də “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığlı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetirdilər.

 
Avqustun 12-də Moskva şəhərinin yaxınlığında Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirildi.

“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən”, “Peykan” raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi avqustun 12-də Bakı limanını tərk etdi.

 
Avqustun 21-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri baş tutdu.

Sentyabr

Sentyabrın 3-dən Azərbaycan hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirildi. Məşğələlər zamanı S-300 "Favorit" zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra etdilər.

 
Sentyabrın 3-dən 14-nə qədər Türkiyədə “TURAZ Şahini-2018” birgə təlimləri keçirildi. 

Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirildi.

 
Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev, Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında yeni rabitə vasitələrinin təchizatına dair anlaşma memorandumu imzaladılar.

 
Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak etdilər.

Sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə geniş miqyaslı əməliyyat-taktiki təlimləri başladı.

 
Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edildi.

Sentyabrın 25-də Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönələn növbəti təxribat xarakterli addım atdı. İşğal olunan ərazilərimizdə yerləşən Xocalı aeropotruna ilk dəfə Ermənistan HHQ-nin hərbi aviasiyası eniş etdi və təlim-döyüş uçuşları həyata keçirdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi isə buna cavab olaraq bəyan etdi ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Ermənistan rəhbərliyi və pilotlar bu bəyanatdan qorxuya düşərək uçuş zamanı qoşunlarımızın ön xəttinə yaxınlaşmağa cürət etmədilər.

Oktyabr

2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq oktyabrın 4-dən müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirildi.

 
Bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər gecə və gündüz keçirildi.

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq oktybrın 5-dən tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə toplanışlar keçirildi. Toplanışda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirildi.

 
Oktyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - “Czechoslovak Group”un rəhbərliyi ilə də görüşdü. 

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, şirkətlə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirildi və holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti, istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim edildi.

 
Daşkənddə keçiriləcək Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 11-də bu ölkənin müdafiə naziri, general-mayor Abdusalom Azizov ilə görüşdü. Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalandı.

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq oktyabrın 17-də müxtəlif təlim mərkəzlərində Hava hücumundan müdafiə (HHM) bölmələrinin taktiki təlimləri keçirildi.

Təlimlərdə HHM bölmələri “OSA” zenit-raket komplekslərindən və “İqla” DZRK-dan döyüş atışları icra etdilər.

 
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad edilən ərazilərə baş çəkdi.

Noyabr

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirildi. Bu məqsədlə noyabrın 2-də HHQ-nin yeni hərbi hissəsi istifadəyə verildi.

 
Azərbaycanla Belarus arasında imzalanan 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, noyabrın 5-dən 8-nə qədər Bakıda hər iki ölkənin müvafiq qurumlarının ekspertləri qarşılıqlı təcrübə mübadiləsi məqsədilə işçi görüş və mühəndis-texniki təminat üzrə müzakirələr keçirildi.

Noyabrın 6-da Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış fəaliyyət planına əsasən Bakıda kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirildi.

Tədbirdə tərəflər dünyada baş verən lokal hərbi münaqişələr, terror təhlükəsi və informasiya sistemlərinə kiberhücumların sayının artması məsələlərini, eləcə də qlobal kibertəhlükəsizlik sahəsində vahid fəaliyyət sisteminin təşkilinin vacibliyini müzakirə etdilər.

 
Dünya miqyaslı bir çox turnirlərdə Azərbaycan Ordusunu layiqincə təmsil edərək, Vətənə çoxlu medallarla qayıdan Mərkəzi Ordu İdman Klubunun yetirmələri növbəti dəfə Ukranyanın Kiyev şəhərində keçirilən idmanın Kyokuşin Karate üzrə Açıq Avropa Çempionatının qalibi oldular. İdmançılarımız 5-i qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 18 medalla ölkəmizə noyabrın 8-də qayıtdılar.

Həmçinin bu yarışlarda dünya çempionu, Dünya Kyokuşin Karate təşkilatının direktoru Əziz Əşrəfov 10 beysbol bitasını ayağı ilə sındırdıraraq dünya rekordunu təzələdi.

Noyabrın 15-də Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Döyüşü idarəetmə mərkəzində açılmış idarəetmə məntəqələrinin fəaliyyətini izlədi.

 
Noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli görüş keçirildi.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edildi və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.

Noyabrın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə və Səngəçal terminalına tanışlıq səfəri təşkil olundu.

17 dövləti təmsil edən hərbi attaşelik aparatının 20 nümayəndəsinə hərbi hissə və terminal barədə brifinq təqdim olunduqdan sonra onlar ərazi ilə tanış oldular.

Dekabr

Dekabrın 5-də Müdafiə naziri general-polkovnik Z.Həsənov ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edərək burada yaradılan şəraitlə tanış oldu və müvafiq göstərişlər verdi.

O, şəxsən yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirərək tank heyətlərinin hazırlığını yoxladı.

 
Dekabrın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti nazirliyin baş idarələrindən birinin istifadəyə verilən komanda idarəetmə məntəqəsinin açılışında iştirak etdilər.

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak etdi.

Dekabrın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən nazirliyin bütün rəhbər heyətinin iştirakı ilə toplanış keçirildi.

 
Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirildi.

Toplanışa qatılan heyət Təlim-Tədris Mərkəzində və çöl-səhra şəraitində təşkil olunan təlim nöqtələrində nəzəri və praktiki məşğələlərdə iştirak etdilər.

Dekabrın 19-da Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara və 2019-cu ildə qarşıda duran vəzifələrə dair geniş tərkibdə iclas keçirildi.

İclasda hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənildi, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olundu.

General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırdı, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2019-cu tədris ilində qarşıda duran əsas vəzifələrin icrası ilə əlaqədar komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu.

 
Müdafiə nazirinin əmrinə əsasən, 2018-ci tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular təltif edildi, qiymətli hədiyyələrlə mükafatlandırıldı və bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbələri verildi.

Dekabrın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak etdi.

Dekabrın 24-də isə Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirdi. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olundu.

Dekabrın 28-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilən Pilotsuz Uçuş Aparatları Mütəxəssislərinin Təlim-Tədris Mərkəzinin açılışında iştirak etdilər.

Nəticə 

Beləliklə növbəti 2018-ci ili də başa vurduq. Təbii ki, bu ildə də həm ölkə, həm də onun ayrılmaz hissəsi olan Müdafiə Nazirliyi miqyasında bir çox əlamətdar hadisələr baş verdi. Onların bəziləri isə nəinki bu ilin, həm də gələcək illərin yaddaşına öz möhürünü vurdu. İndi həmin hadisələrı qısaca konkretləşdirək: 

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü bu il tamam oldu. Bu münasibətlə keçirilən hərbi parad Azərbaycan ordusunun imkanlarını və ordu quruculuğu strategiyasının uğurla davam etdirildiyini numayiş etdirdi.

2. Naxçıvan Əlahiddə Ordusunun Günnüt kəndi ətrafındakı əraziləri azad etməsi, hərb sənətinin nümunələrindən hesab edilməlidir. Həmin ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədi ilə 50 kilometrdən artıq yeni yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edildi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 2018-ci il ərzində əsas diqqəti tabeliyində olan birləşmə, birlik və hissələrin döyüş hazılığına, xüsusilə də irimiqyaslı və döyüş atışlı təlimlərin keçirilməsinə yönəltdi.

4. Hərbi-texniki sahədə Belarus, İsrail, Türkiyə, Gürcütan, Çexiya, Serbiya, Rusiya, Ukrayna, Pakistan, Çin, ABŞ və İranla əməkdaşlığa üstünlük verildi. Bu ölkələrin istehsal potensialından geniş istifadə edildi. NATO ilə ortaq proqramlar davam etdirildi. Fərqli ölkə ərazilərində keçirilən çoxtərəfli formata malik təlimlər, yarışlar və müsabiqələr əsasən hərbi qulluqçularımızın uğurlu nəticələri ilə yadda qaldı.

5. Dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki Ordumuzun mövcud döyüş mövqelərinin və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi prosesi qısa müddətdə uğurla tamamlandı. Bu qərar həmin bölgələrdən ehtiyata çıxarılan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin gücləndirilməsinə imkan verəcək. Əlavə olaraq zərurət yarandıqda müdafiə zolağının istənilən hissəsində əlavə ehtiyat qüvvələrin tətbiqi imkanlarını daha da genişlənəcək.

6. Ordumuzun döyüş qabiliyyətinin və maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində oldu. Bu sahədə ardıcıl tədbirlər görüldü, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olundu, etibarlı müdafiə sistemi yaradıldı. Ölkənin etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək istifadəyə verildi.

7. Kibertəhlükəsizlik sahəsinə diqqət artırıldı.

Hərbi ekspert Ədalət Verdiyev
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Hamısı