İstanbulda seçkilər bitdi - sonra nə olacaq? | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


İstanbulda seçkilər bitdi - sonra nə olacaq?

Analitik Mərkəz A- A A+

Nəhayət, Türkiyədə 31 mart 2019-cu ildə başlayan bələdiyyə seçkiləri 23 iyunda İstanbulda bitdi. Dünya bu seçkilərdən danışdı. Həmçinin, Azərbaycan xalqı üçün gündəm İstanbul seçkiləri oldu. Azərbaycanlılar qizğın müzakirələr apardı. Kimisi İmamoğlu, kimisi Yıldırım dedi. Öz ölkəsi barədə unudan bəzi Azərbaycan vətəndaşları arasında sosial şəbəkədə İmamoğludan ötrü mübahisə edən, hətta yaxın dostlarını blok edənlər də oldu. Türkiyə vətəndaşları Azərbaycan haqda bu cür məlumatları bilmir, bilmək belə istəmir və öz işiylə məşğuldurlar. Guya bu iki namizəd qalib gəlsə,  Azərbaycana bundan nə xeyir olacaq? Yoxsa, Azərbaycan vətəndaşları İstanbulda avtobuslarda metroda pulsuz gedib-gələcək? İmamoğlunun mənsub olduğu partiya bir dəfə olsun dilinə Qarabağ sözünü gətirməyib, Azərbaycanın haqq işinə dəstək verməyib. İmamoğlu təbliğat zamanı getdiyi yer İstanbuldakı ermənilər və kilsə rəhbərləri oldu. Getməyə məhkumdur, çünki səs almaq lazımdır. Azərbaycanda bir partiya sədri Azərbaycan üçün Binəli Yıldırım sərfəlidir dedi. Türkiyə dövlətinin kiçik məmurundan tutmuş yüksək postunda oturana qədər, bir məqsəd var və bu dövlətinin mənafeyidir. Niyə Azərbaycanlılar bunu başa düşmür?

Gələk seçkilərə..

İstanbul seçkilərindən öncə yazmışdım ki, İmamoğlu qalib gələcək. Hətta demişdim ki, seçkinin taleyini 31 martda bir milyon 600 min səs verməyən var, onlar həll edəcək və bu səsləri kim alsa o qalib gələcək. İmamoğlu bu səslərin 800 minini aldı və qalib gəldi.

İmamoğlu necə qalib gəldi ?

İmamoğlu 31martda seçkilər öncəsi necə təbliğat aparırdısa 23 iyun öncəsi də həmin təbliğatı apardı. Qapı-qapı gəzdi lazım olan yerlərə də gedərək çıxış etdi, mitinqlər keçirdi və fikirlərini izah etdi. Və ən önəmlisi seçkilərdə niyə onun haqqını vermədiklərini söylədi. Bundan başqa, CHP 23 iyun seçkilərinə yaxşı hazırlaşdı. İyi partiyası və kürdlərin partiyası olan HDP İmamoğlunun yanında oldu. İmamoğluna qarşı təxribatlar quruldu. Bu təxribatların birində Ordu bir az düzgün siyasət yeritmədi amma sonda uğurlu çıxdı. Nəticədə yenə qalib gəldi. İmamoğlunun işi çətindir. İstanbul bələdiyyəsinin milyonlarla borcu var. Bundan başqa, bələdiyyə məclisində AKP-MHP üstündür. Yani bələdiyyənin qəbul etmək istədiyi qanunlara yox deyəcəklər. Hələ İmamoğlu sədr vəsiqəsini alsın, İstanbul bələdiyyəsini idarə etməyə başlasın, onu maraqlı sürpizlər gözləyir.

Bəs Ərdoğan niyə məğlub oldu?

Bələdiyyə seçkilərinin rəsmi qalibi AKP-dir, amma mənəvi məğlub da Ərdoğandır. Ərdoğan üç böyük şəhərdə məğlub oldu. Türkiyənin 13 faiz pulun gəldiyi İstanbulu da itirdi. Ərdoğan üç böyük şəhərdə yanlış namizəd irəli sürdü. İstanbuldakı namizədi Binəli Yıldırım, uyğun gəlməyən namizəd oldu. Heç Binəli Yıldırım da özü namizəd olmaq istəmirdi. Nazir, Baş Nazir və Məclis sədri olmuş adam İstanbulda bələdiyyə sədri olmaq istəməz. AKP 23 iyun seçkilərində səhv taktika seçdi. Səhvlərindən biri İmamoğluna qarşı düzgün olmayan təbliğat aparması oldu. İmamoğluna ilk öncə erməni, sonra Rum, sonda pontus deməsi oldu. Nəhayətdə Ordu şəhərində valinin əliylə təxribat oldu və uğursuzluqla nəticələndi. Ərdoğan Misirin keçmiş prezdenti Mursinin ölümünü belə istfadə etdi. Millət, ümmət, irfan islam dedi, amma nəticəsiz oldu. Bundan başqa, ən böyük səhvi PKK lideri Abdulla Öcalandan məktub alması oldu ki, kürdlərdən səs alsın. Məktubda kürdlərə Ərdoğana səs verilməsi istənildi. Hətta işin maraqlı tərəfi, MHP lideri Dövlət Bahçəlinin AKP-nin bu siyasətinə dəstək verməsi oldu. Ancaq Öcalanın məktubu Ərdoğanın əleyhinə işlədi. Nəticə göz önündədir. Ərdoğan məğlub oldu. İstanbulun dindar, təriqət təşkilatların olduğu rayonlarda İmamoğlu qalib gəlib. Bu seçkilərdə sürpiz oldu. Ərdoğan özü deyirdi ki, İstanbulu alan Türkiyəni idarə edəcək. İstanbul əldən getdi. Ərdoğan dəyişməsə onu dəyişdirəcəklər.

Seçkilərdən sonra Türkiyədə nələr ola bilər?

24 iyun səhəri kimiləri sevincli, kimilər isə məyus oyandı. Dolların kursu qalxır, enir. Ölkədə hər gün bahalaşma hiss olunur. İşsiz insanların sayı hər gün artır. Artıq istehsal etdikləri mallar xaricə az satılır. Ölkə gündəmi S-400-dür. ABŞ hər gün Türkiyəni təhdid edir. Sonuncu məktubda vaxt qoyub. Suriyada Türkiyəni dalana dirəyiblər, üstəgəl İran məsələsi. Ən böyük təhdid Ağ dənizdədir. Yunanıstan, İsrail, rumlar Türkiyəni hədələyir. Şimali Kipr dövlətində Türkiyəyə qarşı oyunlar qurulur. Beynəlxalq Valyuta Fondu borc pul vermir. Çünki, ABŞ icazə vermir. Ərdoğanın Azərbaycandan və Qatardan başqa pul istəməyə yeri yoxdur. Deyilənə görə, maliyə naziri  və bununla bərabər bir-iki nazir də dəyişəcək. Bundan başqa, Ərdoğanın partiyasında bölünmə səsləri gəlir. 31 mart seçkilərindən sonra sabiq baş nazır Əhməd Davudoğlu Ərdoğanı sərt tənqid etdi. Sonra yeni partiyanın qurulması üçün işlər getdiyi barədə xəbərlər gəldi. Son məlumatlara görə, təşkilatlanma işləri bitib. Hətta Ankarada mənzil qərargahı artıq icarəyə götürülməyə hazırlaşırlar. Bu yeni partiya Əhməd Davudoğlu-Əli Babacanın yaradacağı gözlənilir. Arxasında Abdulla Gül və London-Vaşiqton var. Türkiyədə hər an növbədənkənar seçkilər ola bilər. Ərdoğan dalana dirənib. Ərdoğanı Avropa Birliyi, NATO və ABŞ istəmir. Kim istəyir - Putin. Ərdoğan Putinə sərf edir. Onsuz da yavaş-yavaş Turkiyəni Rusiya mühasirəyə alır. Ölkənin iqtisadiyyatı pisdir. Vətəndaş çörək və iş istəyir. Vətəndaş deyir, Suriya və digər xarici ölkə vətəndaşlarını Ərdoğan geri göndərsin. Əgər Ərdoğan ölkəni idarə etmək istəyirsə məcburən bunları edəcək. İki ay sonra S-400 gəlir, ondan sonra Ərdoğana qarşı xaricdən sərt təzyiqlər olacaq. Çünkü Ərdoğanın Putinlə birlikdə olmasını istəmirlər. Unutmayaq, 1946-ci ildən bügünə qədər Türkiyədə iqtidarlar iki məsələyə görə gediblər. Birinci səbəb, nə zaman Sovetlər birliyinə və ya Rusiya Federasiyasına yaxınlaşıblar iqtidarı əldən veriblər. İkinci səbəb, ölkənin iqtisadiyyatı çökəndə. Ərdoğanda hər iki vəziyyət var. Əgər Ərdoğan yeniliklər etsə, qalmaq şansı olacaq. Hər şey Ərdoğanın və Türkiyə cəmiyyətinin əlindədir. Belə görünür ki, Ərdoğanın getməsi üçün daxildən və xaricdən planlar artıq işə düşüb. 

Teymur Qasımlı

İstanbul Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə doktorantı

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...